News Archive

           
                           
                               SOCAR-da 2019-cu ilin yekunlarına həsr olunmuş tədbir keçirilibGallery                            
                           
                               
                               
                                   29 December 2019                                                                    

SOCAR-da 2019-cu ilin yekunlarına həsr olunmuş tədbir keçirilib

                               
                               

Dekabrın 29-da SOCAR-da ilin yekunları və qarşıda duran vəzifələrə həsr olunmuş tədbir keçirilmişdir. Tədbirdə SOCAR rəhbərliyinin təmsilçiləri, idarə və müəssisələrin rəhbərləri, eləcə də Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin 20 sentyabr “Neftçilər günü” və “Neft Daşları”nın 70 illiyi ərəfəsində imzaladığı Sərəncamlara əsasən, təltif edilmiş neftçilərin bir qrupu iştirak etmişlər. Tədbirdə neftçilərin Milli Həmrəylik Günü və Yeni İl bayramları münasibəti ilə Azərbaycan xalqına təbrik və müraciətlərini əks etdirən videoçarx nümayiş olunub.

SOCAR-ın prezidenti Rövnəq Abdullayev 2019-cu ilin nəticələri barədə söz açmış, il ərzində şirkətin Azərbaycanda və ölkə xaricində TANAP qaz boru kəməri, SOCAR Polymer, Karbamid zavodu kimi uğurla başa çatdırdığı layihələrdən bəhs etmiş, Azəri-Çıraq-Günəşli yataqlarında indiyə qədər olan ümumi neft hasilatının artıq 500 milyon tona çatdırıldığını qeyd etmişdir. O, qarşıdakı illərdə şirkətin perspektivləri üzərində ətraflı dayanmış, SOCAR-ın Azərbaycanda geniş vüsət alan sosial-iqtisadi inkişaf proseslərində yaxından iştirak etdiyini bildirmişdir:

“Möhtərəm Prezidentimizin rəhbərliyi altında ölkə həyatının bütün sahələrini əhatə edən genişmiqyaslı islahatlar kursu SOCAR-ın qarşısında yeni üfüqlər açır. Biznes dayanıqlığının artırılması, istehsal proseslərinin rəqəmsallaşdırılması qarşımızda duran başlıca vəzifələrdən biridir. SOCAR daim zamanın tələblərinə cavab vermiş şirkət olmuşdur və bu gün də belədir. Biz yaxşı başa düşürük ki, bu gün rəqəmsallaşmada uğur qazana bilməyən şirkətlər 10-15 ildən sonra bazarı tərk etmək məcburiyyətində qalacaqdır. Biz şirkətin əmək effektivliyini işçi sayını çoxaltmaqla yox, texnoloji güc ilə artırmaq niyyətindəyik. Bu gün geniş yayılmış peşələrin çoxu yaxın gələcəkdə tarixə qovuşacaq, rəqəmsallaşma dövrünün yeni peşələri yaranacaqdır. Şirkətimizin kadr hazırlığı siyasətində bu məsələlər də nəzərə alınmaqdadır.”

Daha sonra Azərbaycan Respublikası Prezidentinin müvafiq Sərəncamları oxunmuş, “Tərəqqi” medalı, 3-cü dərəcəli “Əmək” ordeni ilə təltif olunmuş və “Fəxri neftçi” adına layiq görülmüş neftçilərə ali dövlət təltifləri təqdim olunmuşdur.

Təltif olunanlar adından çıxış edənlər, layiq görüldükləri dövlət mükafatlarını bütün Azəbaycan neftçilərinin əməyinə verilən yüksək qiymət kimi dəyərləndirdiklərini söyləmiş, Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev cənablarına minnətdarlıqlarını bildirmiş, onlara göstərilən etimadı bundan sonra da doğruldacaqlarını vurğulamışlar. Tədbirin sonunda SOCAR-ın birinci vitse-prezidenti Akademik Xoşbəxt Yusifzadə Azərbaycan neftçilərini qarşıdan gələn bayram münasibəti ilə təbrik etmişdir. Ölkə başçısı İlham Əliyevin SOCAR-dakı fəaliyyətini xatırladaraq, onun daim neftçilərin dostu olduğunu vurğulamışdır.