News Archive

           
                           
                               Qalmaz yeraltı qaz anbarında yeni kompressor stansiyası istismara verildi Gallery                            
                           
                               
                               
                                   14 May 2019                                                                    

Qalmaz yeraltı qaz anbarında yeni kompressor stansiyası istismara verildi

                               
                               

• İstismara verilən yeni kompressor stansiyası Qalmaz yeraltı qaz anbarının sutkalıq məhsuldarlığını 30%, yaxud 13 milyon m3-dək artırır

• Qalmaz Yeraltı Qaz Anbarının həcmi 1,5 milyard m3-ə çatdırılır

• Əlavə qaz həcmləri hesabına qış aylarında abonentlərə tələbata uyğun daha böyük həcmdə təbii qaz çatdırılacaq Mayın 14-də SOCAR-ın prezidenti Rövnəq Abdullayevin iştirakı ilə Qalmaz yeraltı qaz anbarının qaz həcminin 1 milyard m3-dən 1,5 milyard m3-ə çatdırılması məqsədi ilə inşa edilmiş 3 saylı yeni kompressor stansiyasının istismara verilməsi mərasimi keçirilmişdir. Gündəlik məhsuldarlığı 3 milyon m3 həcmində olan yeni kompressor stansiyası Qalmaz yeraltı qaz anbarının sutkalıq məhsuldarlığını 30% artıraraq, 10 milyon m3-dən 13 milyon m3-ə çatdıracaq. Anbara əlavə qaz həcmlərinin vurulması təbii qaza olan tələbatın kəskin artdığı qış aylarında tədarük edilmiş qaz həcmlərinin daha böyük həcmdə çıxarılması və istehlakçılara çatdırılması üçün şərait yaradır.

Yeni stansiya SOCAR-ın “Nefqazelmitədqiqatlayihə” İnstitutu tərəfindən layihələndirilmiş, inşası “Azneft” İstehsalat Birliyinin sifarişi əsasında SOCAR-ın “Neftqaztikinti” Tresti tərəfindən həyata keçirilmişdir. Layihəyə əsasən stansiya həm bir pilləli, həm də iki pilləli rejimdə işləyəcəkdir.

SOCAR-ın prezidenti Rövnəq Abdullayev demişdir: “Yeraltı qaz anbarlarını genişləndirməkdə əsas məqsədimiz ölkənin artan daxili tələbatını təmin etmək, istehlakçılara təbii qazı maksimum sürət və səmərə ilə çatdırmaqdır. Biz yay aylarında yeraltı qaz anbarlarına təbii qazı tədarük edir, qış aylarında isə tələbat artdıqca anbarlardan çıxarıb istehlakçılara çatdırırıq. Yeni kompressor stansiyası vasitəsi ilə təbii qaz anbara daha böyük həcmlərdə vurulacaq, abonentlərə daha çox mavi yanacaq çatdırılacaqdır.”

Qalmaz Yeraltı Qaz Anbarı 1975-ci ildə “Qalmaz” neft-qaz yatağının şimal-qərb hissəsində yaradılmışdır. Qalmaz neft-qaz yatağı Aşağı Kür çökəkliyinin şimal-şərq hissəsində Bakı şəhərindən 75 km cənub-qərbdə yerləşir. Sahəsi 975 hektardır. Qalmaz Yeraltı Qaz Anbarı məhsuldar qatın I, II, Abşeron və Ağcagil horizontlarında yaradılıb.