News Archive

           
                           
                               SOCAR-ın Türkiyədə ən böyük layihəsi olan TANAP üzrə ümumi irəliləyiş 99,5 faizə çatdırılmışdırGallery                            
                           
                               
                               
                                   28 March 2019                                                                    

SOCAR-ın Türkiyədə ən böyük layihəsi olan TANAP üzrə ümumi irəliləyiş 99,5 faizə çatdırılmışdır

                               
                               

SOCAR prezidenti Rövnəq Abdullayev və şirkət rəhbərliyinin nümayəndələri TANAP-ın İdarə Heyətinin martın 27-də Ankarada keçirilmiş toplantısında iştirak etmişlər. Toplantıda TANAP layihəsinin hazırki vəziyyəti müzakirə olunmuşdur. İdarə Heyətinə məruzə edilmişdir ki, TANAP-ın Əskişəhərə qədər olan hissəsinin istismarı, Yunanıstan sərhəddinə qədər olan hissəsinin isə inşası üzrə aparılan işlər qrafiki qabaqlayaraq irəliləməkdədir. Tikintinin qurudakı hissəsi tamamlanmışdır və həmin hissədə yekun sazlama işləri aparılır. Beləliklə, layihənin hər iki mərhələsi üzrə ümumi irəliləyiş artıq 99,5 faizə çatdırılmışdır. Layihənin qrafiki qabaqlamaqla icra olunması ilə yanaşı, inşaat işləri beynəlxalq keyfiyyət standartlarına uyğun görülmüş və təhlükəsizlik tələblərinə ən yüksək səviyyədə əməl edilmişdir. Aprelin 15-dən etibarən TANAP kəmərinin Əskişəhərdən Yunanıstan sərhəddinə qədər olan hissəsinin qazla doldurulmasına başlanılması nəzərdə tutulur.

TANAP qaz boru kəməri Cənub Qaz Dəhlizi layihəsinin tərkib hissəsi olan üç böyük boru kəmərindən biri və SOCAR-ın Türkiyədəki ən böyük investisiya layihəsidir. Xatırladaq ki, TANAP boru kəmərinin Əskişəhərə qədər olan hissəsinin rəsmi açılışı 2018-ci il iyun ayının 12-də keçirilmiş və kommersiya məqsədli ilk təbii qaz 30 iyun tarixində bu kəmər vasitəsi ilə Türkiyə bazarına daxil olmuşdur. TANAP boru kəmərinin səhmdarları SOCAR və Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyinin birgə müəssisəsi olan Cənub Qaz Dəhlizi QSC (51%), BOTAŞ (30%), BP (12%) və SOCAR Türkiye Enerji A.Ş (7%) şirkətləridir.