Xəbərlər arxivi

           
                           
                               2020-ci il üzrə qazma, hasilat, emal və ixrac göstəriciləriGallery                            
                           
                               
                               
                                   18 Yanvar 2021                                                                    

2020-ci il üzrə qazma, hasilat, emal və ixrac göstəriciləri

                               
                               

2020-ci il pandemiya ilə əlaqədar ümumilikdə dünya iqtisadiyyatında, eləcə də qlobal enerji bazarlarında tənəzzül dövrü kimi yadda qaldı. SOCAR da bu ümumi prosesdən müəyyən dərəcədə təsirləndi. Şirkət OPEC+ razılaşması çərçivəsində həm qazma işlərinin, həm də neft hasilatının həcmini əhəmiyyətli dərəcədə azaltdı. Tətbiq edilən məhdudiyyətlər il ərzində neft və qaz qiymətlərində qlobal artımla nəticələndi. SOCAR həm razılaşma çərçivəsində, həm də xərclərin optimallaşdırılması məqsədi ilə görülmüş digər tədbirlər nəticəsində biznes əməliyyatlarının dayanıqlığını təmin etməyə nail oldu. Bu, şirkətin əsas istehsalat göstəricilərində də əksini tapır.

2020-ci ildə SOCAR üzrə 56 min metrə1 yaxın qazma işləri həyata keçirilib. Şirkət müstəqil şəkildə və ya əsas payçı qismində istismar etdiyi yataqlarda 7,4 milyon ton2 neft, 7,3 milyard kubmetr3 qaz hasil edib. Ölkə üzrə ümumi qaz hasilatında artım tendensiyası davam etdirilib. 2019-cu illə müqayisədə qaz hasilatı təqribən 4% artaraq, 37,1 milyard kubmetrə4 çatıb. Neft hasilatında isə azalma müşahidə olunub. İl ərzində Azərbaycanda 34,5 milyon ton5 xam neft hasil edilib. Neft hasilatında azalma, əsas etibarilə OPEC+ razılaşması nəticəsində tətbiq edilən könüllü məhdudlaşdırma ilə bağlı olmuşdur.

2020-ci il ərzində SOCAR tərəfindən xarici bazarlara 17,9 milyon ton6 xam neft ixrac edilib. Nəzərə çatdırmaq lazımdır ki, şirkətimiz öz imkanları ilə çıxardığı neft həcmləri ilə birlikdə ölkəmizdə fəaliyyət göstərən beynəlxalq şirkətlər konsorsiumları tərəfindən hasil olunan neftin Azərbaycan dövlətinə və SOCAR-a məxsus olan mənfəət payını da ixrac edir.

İl ərzində ölkəmizdə ümumilikdə 12 milyard kubmetr7 təbii qaz istehlak olunub. Azərbaycan təbii qazının ixracatı isə 16% artırılaraq, 13,4 milyard kubmetrə8 çatmışdır9. 2020-ci ildə Azərbaycandan təbii qaz Türkiyə və Gürcüstan bazarlarına ixrac edilmiş, ilin son günündə isə ilk dəfə Avropa bazarına ixrac olunmağa başlanmışdır.

Ötən il SOCAR-ın Heydər Əliyev adına Neft Emalı Zavodunda 5,9 milyon ton10 neft, Qaz Emalı Zavodunda isə 3,8 milyard kubmetr11 qaz emal edilmişdir. Neft məhsullarına tələbatın azalması ilə əlaqədar neft emalında müşahidə olunan nisbi azalma müqabilində qaz emalında 17%-dən çox artım baş vermişdir.

İl ərzində neft emalı və neft-kimya məhsullarının ixracı (polimerlərlə birlikdə) təqribən 2,4 milyon ton12 təşkil edib. “SOCAR Polymer” şirkəti tərəfindən müxtəlif çeşidlərdə yüksək sıxlıqlı polietilen və polipropilen olmaqla, 132,5 min ton13 polimer məhsulu ixrac edilib ki, bu da 2019-cu illə müqayisədə 58% çoxdur. Azərbaycanda istehsal olunan polimer məhsullarının əsas ixrac bazarları Rusiya, Türkiyə və Çindir. Qeyd etmək lazımdır ki, “SOCAR Polymer” 2020-ci ildə Rusiyanın ən böyük polipropilen idxalçısı olmuşdur. İl ərzində polimer məhsullarının Avstriya, Rumıniya və Gürcüstan bazarında satışına da başlanılmışdır.

Diqqət çəkən məqamlardan biri də budur ki, il ərzində 125 min ton14 neft bitumu ixrac edilmişdir və bu, 2019-cu illə müqayisədə 10,4 dəfə artım deməkdir. Məlum olduğu kimi, son onillikdə bitum, əsasən daxili bazarın tələbatına yönləndirilirdi. 2019-cu ildə, istehsal həcmini artıran yeni bitum qurğusunun istismara verilməsindən sonra, Azərbaycan yenidən bu məhsulun ixracına başlamışdır.



Redaktorlar üçün qeyd: Mətndə qeyd olunan rəqəmlər oxunaqlıq məqsədi ilə yuvarlaqlaşdırılıb. Tam dəqiq rəqəmlər isə, müvafiq olaraq, aşağıdakı istinadlarda göstərilmişdir.



155.906 metr

27.407.206 ton

37.344.012.000 kubmetr

437.140.900.000 kubmetr

534.538.848 ton

6 17.878.048 ton

7 11.955.648.000 kubmetr

813.396.000.000 kubmetr

9Təbii qazın ümumi ixracı operativ rəqəmlər əsasında hesablanıb və dəqiqləşdirmə aparılandan sonra cüzi dəyişə bilər.

10 5.874.090 ton

11 3.762.990.000 kubmetr

12 2.409.442 ton

13 132.542 ton

14125.418 ton