Xəbərlər arxivi

           
                           
                               Prezident İlham Əliyev “Abşeron” yatağı üçün dayaq bloklarının təməlqoyma mərasimində iştirak etmişdir
<br><br>Gallery                            
                           
                               
                               
                                   19 Sentyabr 2020                                                                    

Prezident İlham Əliyev “Abşeron” yatağı üçün dayaq bloklarının təməlqoyma mərasimində iştirak etmişdir

                               
                               

“Abşeron” layihəsinin dəniz əməliyyatlarına start verildi

Sentyabrın 19-da Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyev Heydər Əliyev adına Bakı Dərin Özüllər Zavodunda SOCAR-ın BOS Şelf şirkəti tərəfindən tikilmiş “Abşeron” yatağında quraşdırılacaq dörd əsas dayaq bloku və digər sualtı qurğularının dəniz işlərinin təməlqoyma mərasimində iştirak edib. SOCAR və TOTAL-ın birgə operatoru olan JOCAP tərəfindən işlənilən “Abşeron” yatağında istismar ediləcək platforma və onunla əlaqədar qurğuların tikintisinə dair müqavilə 2018-ci ildə imzalanmış, bununla bağlı işlər “Azəri”-“Çıraq”-“Günəşli”, “Şahdəniz-2” və s. kimi layihələrin həyata keçirilməsində çoxillik təcrübəyə malik BOS Şelf şirkətinə həvalə olunmuşdur.

Əvvəlcə “Abşeron” yatağı və burada quraşdırılacaq dayaq bloklarının tikintisindən bəhs edən film nümayiş olunmuş, Azərbaycan Respublikasının Prezidentinə məlumat verilmişdir ki, “Abşeron” layihəsi üzərində iş zamanı BOS Şelf Azərbaycanda ilk dəfə bütün mühəndislik, təchizat, tikinti, quraşdırma (EPCI) işlərini həyata keçirməklə layihənin tam təminatla təhvil verilməsi (turn-key project) üsulunu tətbiq etmişdir. Layihənin konseptual mühəndislik hesabatları SOCAR-ın ''Neftqazelmitədqiqatlayihə'' institutu tərəfindən həyata keçirilmiş və işlənilmə üçün sənədlər beynəlxalq layihələrdə müvafiq təcrübəyə malik olan Mareal və SOCAR KBR şirkətlərinə verilmişdir.

“Abşeron” yatağından qazın hasilatı üçün quraşdırılacaq platforma öz növünə görə unikal sayıla bilər. Azərbaycanda yerli və xarici şirkətlər tərəfindən həyata keçirilən digər iri layihələrin əksəriyyətindən fərqli olaraq, bu layihə üçün platformanı kənardan, yəni Neft Daşlarında yerləşdirilən moduldan idarə etmək üçün innovativ həll yolları işlənilib hazırlanmışdır. Yataqdan qazın hasil olunması prosesinə, həmçinin platformada icra edilən əməliyyatlara Neft Daşlarında bu layihə üçün modernləşdirilmiş modulda olan bir neçə operatordan ibarət heyət nəzarət edəcək ki, bu da zamana və vəsaitə əhəmiyyətli dərəcədə qənaət olunmasına imkan verəcəkdir. Modulun quyudan 34 km, platformadan 3 km məsafədə yerləşməsi qazın hasilatı, emalı və nəqli zamanı təhlükəsizliyi və keyfiyyəti təmin edəcək.

“Abşeron” layihəsində Xəzərdə ilk dəfə “boru içində boru” (pipe in pipe) texnologiyası tətbiq ediləcəkdir. Boru xətti üçün xüsusi olaraq istehsal edilmiş çoxqatlı izolyasiyalı borular istifadə olunacaqdır. Bu məqsədlə layihə çərçivəsində SOCAR-ın birgə müəssisəsi olan Caspian Pipe Coating (CPC) şirkətinin istehsal imkanları modernləşdirilmişdir. CPC şirkətinin modernizasiyası gələcək neft-qaz layihələrinin reallaşdırılmasında istifadə ediləcək müvafiq istehsalın Azərbaycanda təşkil edilməsinə əlverişli şərait yaratmışdır. Boru xəttinin quraşdırılması işləri BOS Şelfin iştirakı ilə konsorsium tərəfindən “İsrafil Hüseynov” borudüzən gəmisi vasitəsilə həyata keçiriləcəkdir. Əsas avadanlıqlar ABŞ, Almaniya, İtaliya, Sinqapur və s. daxil olmaqla onlarla ölkədən alınıb gətirilmişdir. Avadanlığın nəql edilməsi prosesinə minlərlə quru, dəniz və hava nəqliyyatı vasitələri cəlb olunmuşdur.

Tikinti işlərinin həcminə ümumi çəkisi 10 000 tona yaxın olan dörd əsas və altı köməkçi dayaq blokunun, körpülərin, estakadaların, məşəl sisteminin, sualtı qurğuların, boru xəttinin, modulların inşası və quraşdırılması daxildir. Lahiyə çərçivəsində “Qurban Abasov” gəmisinin modernizasiyası həyata keçiriləcək, “Azərbaycan” kran gəmisi yükqaldırma qabiliyyətinin artırılması məqsədilə yenidən sertifikatlaşdırılacaq.

REDAKTORLAR ÜÇÜN QEYD:

“Abşeron” yatağı Xəzər dənizinin Azərbaycan sektorunda, Bakının 100 km cənub-şərqində, dənizin 500 metr dərinliyində yerləşir. Yatağın ehtiyatları 350 milyard kubmetr qaz və 45 milyon ton kondensat həcmində qiymətləndirilir. Yataq, SOCAR və TOTAL-ın birgə operatoru JOCAP şirkəti tərəfindən işlənilir və Azərbaycanda ən iri qaz-kondensat yataqlarından biri olmaqla, TOTAL-ın iştirakı ilə son 10 ildə aşkar olunmuş ən böyük yataqdır. Yatağın istismarı Azərbaycanın təbii qaza artmaqda olan daxili tələbatının təmin edilməsində əhəmiyyətli töhfələr verəcəkdir.

Qeyd edək ki, Heydər Əliyev adına Bakı Dərin Özüllər Zavodu (BDÖZ) 20-ci əsrin 80-ci illərindən başlayaraq Azərbaycanın neft-qaz sektorunun inkişafında əhəmiyyətli rol oynamaqdadır. Azərbaycanın ümummilli lideri Heydər Əliyevin şəxsi təşəbbüsü və təkidi ilə SSRİ Nazirlər Soveti tərəfindən dənizin dərin hissəsində dayaq bloklarının istehsalı üzrə zavodun tikintisi barədə qəbul edilmiş qərara əsasən, zavodun tikintisinə 1978-ci ildə başlanılmışdır.

1984-cü ildə tikilib istifadəyə verilmiş və ildə 60.000 ton metal-konstruksiya istehsal etmək qabiliyyətinə malik olan BDÖZ Azərbaycanın enerji sektorunun gələcəyinə qoyulmuş nəhəng bir sərmayə rolunu oynamışdır. Zavodun güclü istehsalat qabiliyyəti SOCAR-ın BOS Şelf şirkətinin gələcək uğurlarının əsas elementinə çevrilmişdir. Şirkətin iri layihələri məhz bu zavodun infrastrukturundan istifadə etməklə həyata keçirilmişdir. BDÖZ-ün operatoruna çevrildikdən sonra BOS Şelf zavodda yenidənqurma işləri keçirmişdir. Hazırda SOCAR-ın BOS Şelf şirkətinin idarəetməsi altında zavod təkcə Azərbaycanın deyil, həm də bütün Xəzər hövzəsi ölkələrinin ən iri tikinit-quraşdırma müəssisəsinə çevrilməkdədir.