Xəbərlər arxivi

           
                           
                               Aparıcı neft şirkətləri Azərbaycanda ətraf mühitin qorunması üçün yeni təşəbbüsə qoşulub Gallery                            
                           
                               
                               
                                   4 May 2020                                                                    

Aparıcı neft şirkətləri Azərbaycanda ətraf mühitin qorunması üçün yeni təşəbbüsə qoşulub

                               
                               

SOCAR Xəzər Regionunda Ətraf Mühitin Mühafizəsi Təşəbbüsü (Caspian Environmental Protection Initiative - CEPI) adlı müstəqil regional təşkilatın yaradılması təklifi ilə çıxış etmişdir. Təşəbbüsün əsas məqsədləri regionda fəaliyyət göstərən beynəlxalq neft şirkətlərinin ətraf mühitin qorunması uğrunda, ilk dəfə olaraq, birgə araşdırma və inkişaf platformasını yaratmaq və bu məqsəd uğrunda səyləri birləşdirməkdir. Təşkilat Xəzər dənizi regionunda ekoloji dayanıqlığına təhlükə yaradan iqlim dəyişikliyi ilə mübarizə istiqamətində birgə qabaqlayıcı tədbirlər hazırlayıb həyata keçirməklə ətraf mühitə atılan zərərli maddələrin qarşısını almağı hədəfləyir. Azərbaycanda fəaliyyət göstərən qlobal neft-qaz şirkətləri -“BP AGT”, “Equinor Abşeron AS” və “Total E&P Absheron B.V.” təşəbbüsü yüksək qiymətləndirərək, yeni yaradılan təşkilata qoşulmuşlar.

Mayın 4-də CEPİ-nin təqdimatı və qarşıda duran məsələlərin müzakirəsi məqsədi ilə SOCAR-ın ekologiya üzrə vitse-prezidenti Rəfiqə Hüseynzadə, BP-nin AGT Regionunda Əlaqələr və Xarici İşlər üzrə vitse-prezidenti Bəxtiyar Aslanbəyli, “Equinor”-un Azərbaycan üzrə meneceri Favad Quraişi və “Total E&P Absheron B.V.” İcraçı direktoru Regis Agutun iştirakı ilə onlayn görüş keçirmişlər.

Görüşdə SOCAR-ın ekologiya üzrə vitse-prezidenti Rəfiqə Hüseynzadə iştirakçılara CEPİ təşkilatının məqsəd və hədəfləri haqqında geniş məlumat vermiş, qeyd etmişdir ki, təşkilatın missiyası iqlim dəyişikliyinin yaratdığı ekoloji və iqtisadi təhlükələr qarşısında Xəzər bölgəsində fəaliyyət göstərən neft və qaz şirkətlərini səfərbər etməkdən, onları qabaqlayıcı addımların atılmasına təşviq etməkdən ibarətdir. Başlıca hədəf Xəzər dənizi regionunda ekoloji dayanıqlığa təhlükə yaradan fəaliyyətlərin qarşısının alınmasıdır. Şirkətlər ətraf mühitin qorunması sahəsində öz bilik və təcrübələrini paylaşacaq, birgə araşdırmalar aparacaq, ekoloji tədbirləri koordinasiyalı şəkildə həyata keçirəcəklər. Gələcəkdə digər beynəlxalq şirkətlərin və təşkilatların CEPİ-nin fəaliyyətində iştirakı nəzərdə tutulur.

Görüş iştirakçıları ətraf mühitin mühafizəsi işində təşəbbüsün əhəmiyyətini vurğulamış, Azərbaycan Respublikasında bu istiqamətdə həyata keçirilən genişmiqyaslı dövlət proqramlarının icrasına CEPİ təşkilatının dəyərli töhfə verəcəyinə inandıqlarını bildirmiş, təşkilat çərçivəsində atılacaq addımları geniş müzakirə etmişlər. Görüş zamanı yeni təsis edilən təşkilatın uğurlu fəaliyyətinin təmin edilməsi məqsədi ilə birgə işçi qrupunun yaradılması və “anlaşma memorandumu”nun imzalanmasına dair qərar qəbul olunmuşdur. Sonda görüş iştirakçıları yekdilliklə SOCAR-ın ekologiya üzrə vitse-prezidenti Rəfiqə Hüseynzadəni yeni yaradılan təşəbbüsə sədr seçdilər.

Xatırladaq ki, BMT-nin iqlim dəyişiklərinə dair Paris sazişindən irəli gələn hədəfləri həyata keçirmək üçün SOCAR ətraf mühitin mühafizəsi, resurslardan səmərəli istifadə edilməsi, karbon emissiyalarının azaldılması və bölgənin inkişafının təmin edilməsi istiqamətində davamlı ekoloji tədbirlər icra edir, səmərəli həll yolları tətbiq edir.