Xəbərlər arxivi

           
                           
                               AÇG Rəhbər Komitəsi 6 milyard dollarlıq “Azəri Mərkəzi-Şərqi” layihəsini təsdiq etmişdirGallery                            
                           
                               
                               
                                   19 Aprel 2019                                                                    

AÇG Rəhbər Komitəsi 6 milyard dollarlıq “Azəri Mərkəzi-Şərqi” layihəsini təsdiq etmişdir

                               
                               

• Xəzər dənizində nəhəng AÇG yatağının işlənməsinin növbəti mərhələsi başlayır

• Gündəlik hasilat gücü 100 000 barrel olan yeni platformanın 2023-cü ildə istifadəyə verilməsi gözlənilir

• Yeni layihənin başlanğıcı “Əsrin müqaviləsi”nin 25-ci ildönümünə təsadüf edir “Azəri”, “Çıraq” yataqlarının və “Günəşli” yatağının dərinsulu hissəsinin (AÇG) işlənməsi üzrə Rəhbər Komitə (SOCAR, BP, Chevron, INPEX, Equinor, ExxonMobil, TPAO, ITOCHU və ONGC Videsh) bu gün Xəzər dənizinin Azərbaycan sektorunda nəhəng AÇG yatağının işlənməsinin növbəti mərhələsi olan “Azəri Mərkəzi-Şərqi” (AMŞ) layihəsini təsdiqləmişdir.

6 milyard dollarlıq layihəyə yeni dəniz platforması və gündəlik 100 000 barrel neft hasilatını təmin edəcək qurğular daxildir. Platformanın istismar müddəti ərzində 300 milyon barrel neftin hasil oluması proqnozlaşdırılır. İlk hasilatın başlaması 2023-cü ildə gözlənilir.

Bu, 2017-ci ildə AÇG üzrə Hasilatın Pay Bölgüsü sazişinin (HPBS) 2049-cu ilə qədər uzadılmasından sonra ilk böyük investisiya qərarıdır. 1994-cü ildə birinci AÇG HPBS-nin imzalanmasından ötən 25 il ərizndə AÇG sahəsinin işlənməsinə ümumilikdə 36 milyard dollardan çox investisiya qoyulmuşdur.

Layihə üzrə tikinti işlərinə bu il başlanacaq. 2022-ci ilin ortalarına qədər davam edəcək tikinti prosesində yerli işçi resurslarından istifadə olunacaq. İnşaat işlərinin pik dövründə 8000 işçinin cəlb olunacağı gözlənilir.

SOCAR-ın prezidenti Rövnəq Abdullayev demişdir: “Bu gün biz 25 il əvvəl “Əsrin Müqaviləsi” ilə ölkənin rifahı naminə əsası qoyulmuş AÇG yataqlar blokunun inkişafının daha bir mühüm mərhələnin astanasındayıq. Ötən onilliklərdə SOCAR Azərbaycanın neft gəlirlərini ölkədə yüksək ixtisaslı işçi qüvvəsinin və müasir sənaye obyektlərinin inkişafına yönləndirmişdir. Bu gün artıq bizim dünya standartlarına cavab verən zavodlarımız, istehsalat və quraşdırma komplekslərimiz, gəmilərimiz və bacarıqlı işçi qüvvəmiz var. Əlimizdə olan bütün bu imkanlar yeni “Azəri Mərkəzi-Şərqi” platformasının məhz ölkə daxilində Azərbaycan mütəxəssisləri tərəfindən tikilməsi və quraşdırılması üçün şərait yaratmışdır.

Layihə çərçivəsində biz 3 milyard barreldən çox əlavə neftin hasil olunmasını gözləyirik. Bu strateji qərar Azərbaycanın enerji təchizatçısı kimi regional və dünya bazarlarında mövqelərinin daha da güclənməsinə təkan verəcək”.

Bu məsələ haqqında BP-nin baş icraçı direktoru Bob Dadli deyib: “Birgə fəaliyyətimizin ötən 25 ili ərzində bizim uğurlu tərəfdaşlığımız Azərbaycan xalqının dünya səviyyəli aktivlərini xalq üçün böyük mənfəətə çevirmişdir. AÇG-nin gələcəyi həmin irsin üzərində qurulacaq və növbəti 25 ilin də eyni cür parlaq olmasını təmin edəcək.”

BP-nin Azərbaycan, Gürcüstan və Türkiyə üzrə regional prezidenti Qəri Cons əlavə olaraq, bildirdi: “Bugünkü bəyanat Hasilatın Pay Bölgüsü sazişini uzadarkən qarşıya qoyduğumuz uzunmüddətli hasilat planlarını dəstəkləyir. Bu qərar Azərbaycan hökuməti və SOCAR-la sıx əməkdaşlıq etmək, AÇG yatağının ehtiyatlarını daha da səmərəli və rəqabətə davamlı şəkildə reallaşdırmaq niyyətimizi nümayiş etdirir.”

MŞA layihəsi çərçivəsində dənizin təxminən 140 metr dərinliyində, mövcud “Mərkəzi Azəri” və “Şərqi Azəri” platformalarının arasında yeni 48 şaxtalı hasilat, qazma və yaşayış platforması quraşdırılacaq. Platformadan əldə olunacaq neft və qaz məhsulunun Səngaçal terminalına qoşulan mövcud AÇG-2 ixrac kəmərinə ötürülməsi məqsədi ilə yeni yataqdaxili sualtı boru kəmərləri də inşa ediləcək.

Bundan əlavə, laya vurulan suları “Mərkəzi Azəri” kompressiya və suvurma platformasından AMŞ qurğularına nəql etmək məqsədi ilə AMŞ və Şərqi Azəri platformaları arasında suvurma boru xətti tikiləcək.

AÇG layihəsində iştirak edən şirkətlərin səhm payları aşağıdakı kimidir: : BP (30.37%), SOCAR (25.0% ), Chevron (9.57%), INPEX (9.31%), Equinor (7.27%), ExxonMobil (6.79%), TPAO (5.73%), ITOCHU (3.65%), ONGC Videsh Limited (OVL) (2.31%).





Redaktorlar üçün qeyd:



• AÇG üzrə ilk Hasilatın Pay Bölgüsü sazişi 1994-cü ilin sentyabrında imzalanıb. 2017-ci ilin sentyabrında sazişə əlavələr edilib və müddəti 2049-cu ilə qədər uzadılıb. Yeni saziş növbəti 31 ildə AÇG-nin Azərbaycan və səhmdarlar üçün iqtisadi faydasının maksimum səviyyəyə çatdırılmasını nəzərdə tutur.

• AÇG Azərbaycanın nəhəng neft yatağıdır. Bu günə kimi yataqdan 3,5 milyard barrel (474 milyon ton) neft hasil olunmuşdur. Neft dünya bazarlarına əsasən Bakı-Tbilisi-Ceyhan və Qərb İxrac Boru Kəməri ilə çıxarılır.

• Bu günə kimi AÇG yataqlar blokunun işlənməsinə ümumilikdə 36 milyard ABŞ dollarından artıq sərmayə qoyulmuşdur.

• Hazırda AÇG-də 8 dəniz platforması - 6 hasilat və 2 emal, kompressiya, suvurma və kommunal məqsədli platforma fəaliyyət göstərir. Platformalardan əldə olunan neft və qaz Bakı yaxınlığında quruda yerləşən və dünyanın ən böyük neft-qaz terminallarından olan Səngaçal terminalına ötürülür. 2018-ci ildə AÇG-nin ümumi hasilatı gündə orta hesabla 584 000 barrel olmuşdur.

• AÇG yatağının işlənməsi bir neçə mərhələdə həyata keçirilir:

- İlk Neft Layihəsi çərçivəsində 1997-ci ildən etibarən “Çıraq” yatağında neftin hasilatına başlanılıb;

- “Azəri” yatağının işlənməsinin 1-ci mərhələsində 2005-ci ildə “Mərkəzi Azəri”də hasilat başlamışdır;

- “Azəri-2” çərçivəsində 2006-cı ilin yanvar ayından “Qərbi Azəri”də, 2006-cı ilin oktyabrından etibarən isə “Şərqi Azəri”də hasilat başlanmışdır;

- 3-cü mərhələdə “Günəşli” yatağının dərinsulu hissəsi 2008-ci ilin aprelində işə düşmüşdür;

- “Çıraq” Neft Layihəsinin inkişafında ən son mərhələ - 2014-cü ilin yanvarından “Qərbi Çıraq”da hasilatın başlanması olmuşdur.