Xəbərlər arxivi

28 Yanvar 2021

Londondakı Arbitraj Məhkəməsi SOCAR-ın lehinə ikinci arbitral qərarını vermişdir

+

2021-ci il yanvarın 26-da SOCAR və “Palmali” arasında mövcud mübahisə üzrə ikinci arbitraj qərarı açıqlanmışdır. Qərar London Dəniz Arbitrləri Assosiasiyanın şərtləri altında SOCAR qrupunun lehinə verilmişdir. Məhkəmə işində təxminən 63 milyon ABŞ dolları məbləğində zərərin “Palmali” və Mübariz Mənsimov tərəfindən ödənilməsi barədə qərar çıxarılmışdır. Qeyd edilən məbləğə həmçinin zərər məbləği, faizlər və hüquqi xərclər də daxildir. Bu məhkəmə işində də “Palmali”nin çoxmilyonlu qarşılıqlı iddiası bütünlüklə rədd edilmişdir.

Daha əvvəl də qeyd olunduğu kimi, SOCAR və “Palmali” arasında əvvələr kommersiya münasibətləri mövcud olsa da, “Palmali”nin iddia etməsinə baxmayaraq, bu şirkətlər heç vaxt birgə müəssisə yaratmayıblar. 2018-ci ildə “Palmali”nin öz öhdəliklərini pozması nəticəsində SOCAR qrupuna daxil olan şirkətlər qarşı tərəfə və Mübariz Mənsimova qarşı üç arbitraj iddiası qaldırmışlar. Bundan əvvəl keçirilmiş birinci məhkəmə prosesində London Beynəlxalq Arbitraj Məhkəməsi “SOCAR Overseas” şirkətinə 49,5 milyon ABŞ dolları məbləğində vəsaitin ödənilməsi barədə qərar vermişdi. Beləliklə, üç məhkəmə işindən ikisi artıq SOCAR-a ümumilikdə təxminən 112,5 milyon ABŞ dolları məbləğində cərimənin ödənilməsi barədə qərarlarla nəticələnmişdir. Şirkətlər arasında üçüncü mübahisə də arbitraj prosesinin predmetidir. Artıq həmin proses də başa çatmışdır, arbitraj qərarı gözlənilir.

18 Yanvar 2021

SOCAR-da Türk Şurası üzvləri ilə görüş olub

+

Yanvarın 18-də SOCAR-ın prezidenti Rövnəq Abdullayev Türkdilli Dövlətlərin Əməkdaşlıq Şurasının nümayəndə heyətini qəbul edib. Görüşdə çıxış edən Türk Şurasının Baş katibi Bağdad Amreyev, Qarabağın azadlığı uğrunda Azərbaycanın haqq mübarizəsində Türk xalqlarının Azərbaycanın yanında olduğunu bildirmişdir. Baş katib Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin ötən il Türk Şurasının sədri olduğu qeyd edərək, Azərbaycanın Türk Şurasının işində vacib rol oynadığını və Azərbaycan Prezidentinin hazırda türkdilli xalqlar arasında çox populyar şəxs olduğunu xüsusi qeyd etmişdir. Qonaq həmçinin Türkdilli ölkələrin işğaldan azad edilmiş Qarabağın bərpası prosesində birgə fəaliyyətinin zərurətindən söz açmışdır.



SOCAR-ın prezidenti Rövnəq Abdullayev türkdilli ölkələr arasında birliyin gücləndirilməsində iqtisadi əməkdaşlığın əhəmiyyətindən bəhs etmiş, SOCAR-ın bu işə töhfələri haqqında məlumat vermişdir. Qeyd olunmuşdur ki, hazırda SOCAR-ın əməliyyatları Türkiyə ilə Azərbaycan arasında iqtisadi əməkdaşlığın əsasını təşkil edir. Bu iqtisadi əməkdaşlığın təməli Ulu öndər Heydər Əliyevin yeni neft strategiyası ilə qoyulmuş, neft ixracının qərbə istiqamətləndirilməsi Azərbaycanla Türkiyəni bir-birinə daha da sıx bağlamışdır.



SOCAR-ın prezidenti həmçinin digər türkdilli dövlətlərlə də iqtisadi əlaqələrin inkişafından söhbət açmışdır. O qeyd etmişdir ki, SOCAR-la əməkdaşlıq çərçivəsində Qazaxıstanın “Kazmunayqaz” şirkətinin “Sətti” qazma qurğusu Xəzər dənizinin Azərbaycan sektorunda qazma işlərinə cəlb olunmuşdur. Türkmənistanla neft-qaz ticarəti istiqamətində əməkdaşlıq genişlənməkdədir. Özbəkistanın “Özbəkneftqaz” şirkəti ilə kəşfiyyat istiqamətində işlərin genişləndirilməsi məqsədi ilə üçtərəfli əməkdaşlıq sazişi imzalanıb. Türk Şurasının fəal üzvü olan Macarıstanın MOL şirkəti Azəri-Çıraq-Günəşli yataqlarının işlənməsində və Bakı-Tbilisi-Ceyhan boru kəmərində paya malikdir. Qeyd olunmuşdur ki, SOCAR son 15 il ərzində Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev cənablarının tapşırığı ilə lokal şirkətdən qlobal şirkətə çevrilmiş və iqtisadi əməkdaşlıq coğrafiyasını genişləndirmişdir. Görüşdə gələcəkdə türkdilli dövlətlərin enerji sahəsində birgə layihələrinin reallaşdırlması, həmçinin futbol sahəsində əməkdaşlığın perspektivləri müzakirə olunmuşdur.



Görüşdə AFFA-nın İcraçı vitse-prezidenti Elxan Məmmədov da iştirak etmişdir.

18 Yanvar 2021

2020-ci il üzrə qazma, hasilat, emal və ixrac göstəriciləri

+

2020-ci il pandemiya ilə əlaqədar ümumilikdə dünya iqtisadiyyatında, eləcə də qlobal enerji bazarlarında tənəzzül dövrü kimi yadda qaldı. SOCAR da bu ümumi prosesdən müəyyən dərəcədə təsirləndi. Şirkət OPEC+ razılaşması çərçivəsində həm qazma işlərinin, həm də neft hasilatının həcmini əhəmiyyətli dərəcədə azaltdı. Tətbiq edilən məhdudiyyətlər il ərzində neft və qaz qiymətlərində qlobal artımla nəticələndi. SOCAR həm razılaşma çərçivəsində, həm də xərclərin optimallaşdırılması məqsədi ilə görülmüş digər tədbirlər nəticəsində biznes əməliyyatlarının dayanıqlığını təmin etməyə nail oldu. Bu, şirkətin əsas istehsalat göstəricilərində də əksini tapır.

2020-ci ildə SOCAR üzrə 56 min metrə1 yaxın qazma işləri həyata keçirilib. Şirkət müstəqil şəkildə və ya əsas payçı qismində istismar etdiyi yataqlarda 7,4 milyon ton2 neft, 7,3 milyard kubmetr3 qaz hasil edib. Ölkə üzrə ümumi qaz hasilatında artım tendensiyası davam etdirilib. 2019-cu illə müqayisədə qaz hasilatı təqribən 4% artaraq, 37,1 milyard kubmetrə4 çatıb. Neft hasilatında isə azalma müşahidə olunub. İl ərzində Azərbaycanda 34,5 milyon ton5 xam neft hasil edilib. Neft hasilatında azalma, əsas etibarilə OPEC+ razılaşması nəticəsində tətbiq edilən könüllü məhdudlaşdırma ilə bağlı olmuşdur.

2020-ci il ərzində SOCAR tərəfindən xarici bazarlara 17,9 milyon ton6 xam neft ixrac edilib. Nəzərə çatdırmaq lazımdır ki, şirkətimiz öz imkanları ilə çıxardığı neft həcmləri ilə birlikdə ölkəmizdə fəaliyyət göstərən beynəlxalq şirkətlər konsorsiumları tərəfindən hasil olunan neftin Azərbaycan dövlətinə və SOCAR-a məxsus olan mənfəət payını da ixrac edir.

İl ərzində ölkəmizdə ümumilikdə 12 milyard kubmetr7 təbii qaz istehlak olunub. Azərbaycan təbii qazının ixracatı isə 16% artırılaraq, 13,4 milyard kubmetrə8 çatmışdır9. 2020-ci ildə Azərbaycandan təbii qaz Türkiyə və Gürcüstan bazarlarına ixrac edilmiş, ilin son günündə isə ilk dəfə Avropa bazarına ixrac olunmağa başlanmışdır.

Ötən il SOCAR-ın Heydər Əliyev adına Neft Emalı Zavodunda 5,9 milyon ton10 neft, Qaz Emalı Zavodunda isə 3,8 milyard kubmetr11 qaz emal edilmişdir. Neft məhsullarına tələbatın azalması ilə əlaqədar neft emalında müşahidə olunan nisbi azalma müqabilində qaz emalında 17%-dən çox artım baş vermişdir.

İl ərzində neft emalı və neft-kimya məhsullarının ixracı (polimerlərlə birlikdə) təqribən 2,4 milyon ton12 təşkil edib. “SOCAR Polymer” şirkəti tərəfindən müxtəlif çeşidlərdə yüksək sıxlıqlı polietilen və polipropilen olmaqla, 132,5 min ton13 polimer məhsulu ixrac edilib ki, bu da 2019-cu illə müqayisədə 58% çoxdur. Azərbaycanda istehsal olunan polimer məhsullarının əsas ixrac bazarları Rusiya, Türkiyə və Çindir. Qeyd etmək lazımdır ki, “SOCAR Polymer” 2020-ci ildə Rusiyanın ən böyük polipropilen idxalçısı olmuşdur. İl ərzində polimer məhsullarının Avstriya, Rumıniya və Gürcüstan bazarında satışına da başlanılmışdır.

Diqqət çəkən məqamlardan biri də budur ki, il ərzində 125 min ton14 neft bitumu ixrac edilmişdir və bu, 2019-cu illə müqayisədə 10,4 dəfə artım deməkdir. Məlum olduğu kimi, son onillikdə bitum, əsasən daxili bazarın tələbatına yönləndirilirdi. 2019-cu ildə, istehsal həcmini artıran yeni bitum qurğusunun istismara verilməsindən sonra, Azərbaycan yenidən bu məhsulun ixracına başlamışdır.



Redaktorlar üçün qeyd: Mətndə qeyd olunan rəqəmlər oxunaqlıq məqsədi ilə yuvarlaqlaşdırılıb. Tam dəqiq rəqəmlər isə, müvafiq olaraq, aşağıdakı istinadlarda göstərilmişdir.



155.906 metr

27.407.206 ton

37.344.012.000 kubmetr

437.140.900.000 kubmetr

534.538.848 ton

6 17.878.048 ton

7 11.955.648.000 kubmetr

813.396.000.000 kubmetr

9Təbii qazın ümumi ixracı operativ rəqəmlər əsasında hesablanıb və dəqiqləşdirmə aparılandan sonra cüzi dəyişə bilər.

10 5.874.090 ton

11 3.762.990.000 kubmetr

12 2.409.442 ton

13 132.542 ton

14125.418 ton

13 Yanvar 2021

SOCAR və Amerika Neft İnstitutu arasında Memorandum imzalanmışdır

+

Yanvarın 13-də SOCAR və Amerika Neft İnstitunun (API) rəhbərliyi arasında online video-görüş keçirilmiş, sənaye proseslərinin təhlükəsizliyi və keyfiyyəti üzrə əməkdaşlıq barədə Memorandum imzalanmışdır. Tədbir iştirakçılarını salamlayan SOCAR-ın prezidenti Rövnəq Abdullayev 20-ci əsrin əvvəlində Azərbaycanın neft sənayesinin elmi-texniki nailiyyətləri, tarixi ilkləri haqqında məlumat vermiş, bildirmişdir ki, SOCAR-ın yeni inkişaf strategiyası təkmilləşdirilmiş effektiv idarətmə sistemi və beynəlxalq standartların tətbiqini labüdləşdirir: “Bu baxımdan davamlı inkişafın və texnologiyanın sürətli dinamikasına API çevik şəkildə öz töhfələrini verməkdədir. Dünyanın ən qabaqcıl neft-qaz korporasiyaları tərəfindən tətbiq olunan API Spesifikasiya Q1/Q2 Keyfiyyət İdarəetmə standartlarının SOCAR-da tətbiqinə başlanılması buna bariz nümunə olacaqdır. İnanırıq ki, bu məqsədlə API-nin qabaqçıl sənaye standartlarının tələblərinə uyğunluq və bütün işlərimizi müvafiq standartlar çərçivəsində qurub müasir təcrübələrin tətbiqi, əməkdaşlarımızın həyat və sağlamlığının qorunması və ətraf mühitin mühafizəsi ilə yanaşı, şirkətin əməliyyat effektivliyinin artırılmasına da mühüm töhfə verəcəkdir”.

API-nin prezidenti Mayk Sommers API haqqında təqdimatla çıxış etmişdir. O bildirilmişdir ki, 2019-cu ildə 100 yaşını qeyd etmiş API hazırda dünyanın əksər ölkələrində tətbiq olunan 700-dən artıq standarta sahibdir. API-nin fəaliyyətinin əhatə dairəsinə təlimlər və sertifikatlaşdırma da daxildir. Belə bir Memorandumun imzalanması isə nəinki Azərbaycanda, ümumiyyətlə regionda ilk dəfə baş verir.

Sonra tərəflər arasında Memorandum imzalanmışdır. Memoranduma əsasən SOCAR-ın struktur vahidləri API standartlarına əsasən sertifikatlaşdırılacaq, emal, hasilat və nəqletmə qurumlarının texniki, keyfiyyət və SƏTƏMM idarəetmə sistemləri qabaqcıl təcrübədə olduğu kimi API standartlarına uyğunlaşdırılacaqdır.

Xatırladaq ki, API 1919-cu ildə ABŞ-ın Nyu York şəhərində vəkillik, sənaye statistikasının aparılması, standartlaşdırma və vergi xidməti sahəsində fəaliyyət göstərən şirkət kimi qurulmuşdur. 1924-cü ildə Birinci dünya müharibəsindən sonra şirkət, qazma sənayesində geriləməni aradan qaldırmaq məqsədi ilə ilk sənaye standartının tətbiqinə start vermişdir. API standartları bu gün dünyanın aparıcı şirkətlərində tətbiq olunur və şirkətlər arasında əməkdaşlığın əsasını təşkil edir. SOCAR-ın API standartlarına uyğunlaşması son dövrdə aparılan islahatların zəruri tərkib hissəsidir. Bu, SOCAR-ın aparıcı beynəlxalq enerji şirkətləri sırasında yer tutmaq və rəqabət qabiliyyətini artırmaq üçün zəruri şərtlərdən biridir.

13 Yanvar 2021

TOTAL şirkətinin Xəzər və Cənubi Avropa regionu üzə yeni vitse-prezidenti SOCAR-a təqdim olundu

+

SOCAR-ın prezidenti Rövnəq Abdullayev TOTAL şirkətinin Kəşfiyyat və hasilat üzrə prezidenti Arno Broyyakın rəhbərlik etdiyi nümayəndə heyəti ilə görüş keçirmişdir. Görüşdə TOTAL şirkətinin Xəzər və Cənubi Avropa regionu üzrə yeni təyin olunmuş vitse-prezidenti Kristin Mari Hili SOCAR rəhbərliyinə təqdim edilmişdir. SOCAR-ın prezidenti Rövnəq Abdullayev ötən ilin bütün ölkələr üçün çətin keçdiyini, dünyanın yeni çağırışlarla üz-üzə qaldığını, lakin pandemiya və iqtisadi tənəzzülə baxmayaraq, Azərbaycanın üzləşdiyi müharibədən qələbə ilə çıxdığını bildirmişdir. Rövnəq Abdullayev Fransadakı siyasi dairələrin ölkəmizə qaşı bitərəfliyini qoruya bilməyib, qərəzli mövqe nümayiş etdirdiklərinə görə Azərbaycanın haqqlı etirazını qonaqların da diqqətinə çatdırmışdır.

TOTAL şirkətinin Kəşfiyyat və hasilat üzrə prezidenti ötən il birgə layihə çərçivəsində bütün fəaliyyətlərin itkisiz və təhlükəsiz şəraitdə həyata keçirildiyini və bunun mühüm nailiyyət olduğunu bildirmişdir. TOTAL-ın tam özəl bir şirkət olaraq, Fransa dövləti ilə hər hansı bağlılığının olmadığı qeyd edilmiş, şirkətin Azərbaycana və birgə həyata keçirilən “Abşeron” layihəsinə sadiq qalması vurğulanmışdır.

Daha sonra bundan əvvəl TOTAL-ın Kanadanın Kalqari şəhərindəki bölməsinin icraçı direktoru vəzifəsində çalışmış Kristin Mari Hili TOTAL şirkətinin Xəzər və Cənubi Avropa regionu üzrə yeni vitse-prezidenti kimi SOCAR rəhbərliyinə təqdim olunmuşdur. Kristin Mari Hili əmək fəaliyyəti dövründə müxtəlif aparıcı şirkətlərdə çalışıb, son illərdə isə TOTAL şirkətində fəaliyyət göstərib.

Görüşdə neft-qaz bazarlarının inkişaf perspektivləri və “Abşeron” yatağında həyata keçirilən işlərlə bağlı fikir mübadiləsi aparılmışdır. SOCAR prezidenti qeyd etmişdir ki, müxtəlif ölkələrin aparıcı şirkətləri Azərbaycanın yeni qaz yataqlarının işlənməsinə xüsusi maraq göstərir. Son dövrdə qaz bazarında vəziyyətin yaxşılığa doğru dəyişməsi, ötən il qiymətlərin kəskin düşməsindən sonra, bu il təbii qazın qiymətinin əhəmiyyətli dərəcədə yüksəlməsi qaz biznesinin dayanıqlığına dəlalət edir.

TOTAL-ın kəşfiyyat və hasilat üzrə prezidenti qeyd etmişdir ki, dünyada demoqrafik artımla bağlı olaraq yaxın onilliklərdə enerjiyə tələbat artmaqda davam edəcək. TOTAL-ın proqnozlarına əsasən 2050-ci ilə qədər enerji istehlakında neft və qazın payı 50 faizdən aşağı düşməyəcək. Ümumilikdə isə qaza olan tələbatın yüksələcəyi proqnozlaşdırılır. TOTAL rəsmisi şirkətin həm neft-qaz hasilatı, həm də bərpa olunan enerji sahəsində davamlı investisiya planlarından bəhs etmişdir.

Birgə həyata keçirilən “Abşeron” layihəsi çərçivəsində 2022-ci ildə ilk qazın hasilatına başlanılması əsas hədəf kimi qeyd olunmuşdur. Bunun üçün ötən il dənizə yola salınan platformanın üzərində bu il ərzində üç üst modulunun SOCAR-ın BOS Şelf şirkəti tərəfindən tikilib quraşdırılması nəzərdə tutulur. Hasil olunacaq qazın nəqli “Neft Daşları” üzərindən layihələndirildiyinə görə, hazırda Neft Daşlarında müvafiq modifikasiya işləri davam etdirlir.

Görüşdə yatağın işlənməsinin növbəti mərhələləri ilə bağlı müxtəlif məsələlər də müzakirə olunmuşdur. Qarşıdakı mərhələlərdə gəlirliyi təmin etmək üçün ölkədaxili qaz tariflərində artımın məqbul vasitə olmadığını xüsusi vurğulayan Rövnəq Abdullayev, layihənin effektivliyini təmin etmək üçün xərclərin azaldılması zərurətini qeyd etmişdir. Görüşdə həmçinin digər layihələrdə əməkdaşlıq perspektivləri ətrafında fikir mübadiləsi aparılmışdır.

Qeyd edək ki, “Abşeron” yatağının işlənməsi Abşeron Petroleum Birgə Əməliyyat Şirkəti (JOCAP) tərəfindən həyata keçirilir. Əməliyyatçı şirkətin səhmləri SOCAR Absheron (50%) və TOTAL E&P Absheron (50 %) şirkətləri arasında bərabər bölünüb.