Xəbərlər arxivi

30 Noyabr 2019

CƏNUB QAZ DƏHLİZİNİN ƏSAS HƏLQƏSİ OLAN TANAP-ın AVROPAYA BAĞLANTISI GERÇƏKLƏŞDİ

TANAP AVROPAYA TƏBİİ QAZIN NƏQLİ ÜÇÜN TAM HAZIR VƏZİYYƏTDƏDİR

+

Cənub Qaz Dəhlizinin əsas həlqəsi olan Trans Anadolu Təbii Qaz Boru Kəməri layihəsinin (TANAP) Avropaya bağlantısı üzrə açılış mərasimi Ədirnə İpsaladakı TANAP MS4 ölçmə məntəqəsində keçirildi. Beynəlxalq tədbirdə Azərbaycan Prezidenti İlham Əliyev, Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan, Gürcüstanın baş naziri Giorgi Qaxariya, Türkiyə, Qətər, Şimali Makedoniya və Bolqarıstanın nazirləri, İtaliya, Yunanistan, Bosniya və Herseqovina, Serbiya və Avropa İttifaqının rəsmiləri, SOCAR, BOTAŞ və BP rəhbərləri ilə yanaşı iş dünyasının tanınmış nümayəndələri də iştirak etdilər. Azərbaycan və Türkiyənin enerji sahəsində strateji əməkdaşlığının ən mühüm layihələrindən olan Trans Anadolu Təbii Qaz Boru Kəmərinin Avropaya təbii qazın nəqli üçün tam hazır vəziyyətə gətirilməsi münasibətilə Ədirnə İpsaladakı MS-4 ölçmə məntəqəsində beynəlxalq tədbir keçirildi. Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin və Türkiyə Respublikasının Prezidenti Rəcəb Tayyib Ərdoğanın təşrif buyurduqları mərasimdə, Gürcüstanın baş naziri Georgi Qaxariya, Türkiyə, Qətər, Şimali Makedoniya və Bolqarıstanın nazirləri, İtaliya, Yunanistan, Bosniya və Herseqovina, Serbiya və Avropa İttifaqının rəsmiləri, SOCAR prezidenti və TANAP İdarə Heyətinin sədri Rövnəq Abdullayev, layihənin tərəfdaşları olan BP ve BOTAŞ şirkətlərinin rəhbərləri və Cənub Qaz Dəhlizinə daxil olan ölkələrin sektor nümayəndələri də iştirak etmişdir.

Mərasimdə çıxış edən SOCAR prezidenti və TANAP İdarə Heyətinin sədri Rövnəq Abdullayev dedi: “Keçən il Cənub Qaz Dəhlizinin və onun əsas həlqəsi olan TANAP-ın birinci hissəsini istifadəyə verdik. Bu gün isə TANAP Avropaya qazın nəqli üçün tam hazırdır. Türkiyə Cümhuriyyətinin şərqindən qərbinədək uzanan bu tarixi kommunikasiya xəttinin tikintisi vaxtında və keyfiyyətlə başa çatdırılmışdır. Türkiyə-Yunanıstan sərhədində TANAP-la birləşəcək Transadriatik qaz boru kəmərinin (TAP) də inşası tamamlandıqdan sonra, tarixdə ilk dəfə olaraq, Azərbaycanın təbii qazı Xəzər hövzəsindən Avropa bazarlarına birbaşa nəql olunacaqdır. Avropanın yeni qaz təchizatçısı olmaqla bərabər, biz qardaş Türkiyənin də ikinci ən böyük qaz tədarükçüsünə çevrilmək əzmindəyik.

Biz ortaq şirkətlərlə birlikdə üzərimizə götürdüyümüz bu nəhəng layihəni layiqincə yerinə yetirə bildik. SOCAR olaraq ölkə xaricində ilk dəfə bu cür mürəkkəb layihəni idarə etməyimizə baxmayaraq, tikinti işlərini yüksək səmərə ilə tamamlamağı bacardıq.

Layihəni qiymətləndirən Beynəlxalq məsləhətçi şirkətlərin proqnozlaşdırdığı qiymətdən daha aşağı qiymətə tikintini başa vurmağa, kəmərin səhmdarları olan Azərbaycan və Türkiyə dövlətlərinin, eləcə də BP-nin vəsaitlərinə qənaət etməyə nail olduq.”

Qeyd edək ki, beynəlxalq məsləhətçi şirkətlər TANAP layihəsinin xərclərini 11,7 milyard ABŞ dolları həcmində proqnozlaşdırsalar da, səmərəli idarəetmə nəticəsində xərclər 6,5 milyard ABŞ dollarına qədər endirilmiş və ümumi xərclərin 45 faizinə qənaət edilmişdir. TANAP üzrə bütün işləri vaxtında və yüksək keyfiyyətlə başa çatdıran SOCAR xərclərə qənaət etməklə başda Azərbaycan və Türkiyə olmaqla kəmərin səhmdarlarına 5,2 milyard dollar qazandırmışdır.

3,3 MİLYARD KUBMETR QAZ NƏQL OLUNDU

Ticarət əməliyyatları çərçivəsində 25 noyabr 2019-cu il tarixinə qədər TANAP vasitəsi ilə Türkiyəyə 3,3 milyard kubmetr qaz nəql edilib. 2019-cu ilin iyun ayından 2020-ci ilin iyun ayının sonuna qədər BOTAŞ-ın sisteminə ümumilikdə 4 milyard kubmetr təbii qazın nəqli nəzərdə tutulur. 2020-ci ilin iyun ayının sonundan etibarən isə Türkiyə TANAP vasitəsi ilə ildə 6 milyard kubmetr təbii qaz almağa başlayacaq. Azərbaycan qazı gələn ildən etibarən Avropa bazarlarına da çıxarılacaq və nəqliyyat həcmi 16 milyard kubmetrə çatdırılacaq. Bunun 10 milyard kubmetri 2020-ci ildən etibarən Avropaya ixrac ediləcək. TANAP-ın təbii qaz nəql etmə gücü əlavə investisiyalar nəticəsində 31 milyard kubmetrə yüksəldilə biləcək.

TANAP-ın Türkiyə-Gürcüstan sərhədindən Əskişəhərə qədər olan hissəsinin açılışı 12 iyun 2018-ci ildə beynəlxalq mərasimlə həyata keçirilmiş və 30 iyun 2018-ci il tarixindən etibarən Türkiyəyə kommersiya məqsədli qaz axını başlamışdı. Boru kəmərinin Əskişəhər ilə Türkiyə-Yunanıstan sərhədindəki Avropaya birləşmə nöqtəsi arasında olan hissəsində mexaniki tamamlanma işləri 2018-ci ilin sonunda başa çatmış, 2019-cu ilin aprelində isə kəmərin doldurulmasına və sınaq məqsədilə qaz vurulmasına başlanmışdır. 1 iyul 2019-cu il tarixindən etibarən Avropaya qaz axını üçün tam hazır vəziyyətə gətirilən TANAP, tarixə Türkiyə, Yaxın Şərq və Avropanın ən uzun və ən geniş diametrə malik beynəlxalq təbii qaz boru kəməri kimi daxil olmuşdur.

TANAP RƏQƏMLƏRDƏ:

• Cəmi uzunluğu 1.850 kilometr;

• Boru kəmərinin 30%-dən çox hissəsi dəniz səviyyəsindən 2 000 metr yuxarıda inşa edilmişdir;

• Layihə müddətində 135.332 ana xətt borusunun qaynağı yerinə yetirilmişdir;

• Layihə çərçivəsində 114.690.031 adam/saat əmək sərf edilimiş, xəttin keçdiyi ən yüksək nöqtə 2.760 metr, ən dərin nöqtə isə dəniz səviyyəsindən 65 metr aşağı olmuşdur;

• Tikinti işləri çərçivəsində 50.633.382 kubmetrlik qazıntı işi və 7.000-ə yaxın xüsusi keçid tikilmişdir;

• Layihənin pik dövründə 13.000 adamın çalışdığı TANAP-da kommersiya qaz axınına 30 iyun 2018-ci il tarixindən başlamışdır;

• Türkiyədə özəl sektor tərəfindən icra edilən ən böyük sosial və ətraf mühit investisiya proqramlarından biri olan Sosial və Ətraf Mühit İnvestisiya Proqramı (SEIP) vasitəsilə TANAP marşrutu boyunca yerləşən rayon, qəsəbə və kəndlərdə sosial-iqtisadi inkişafı sürətləndirmə və təbiətin mühafizəsi məqsədilə minə yaxın layihə həyata keçirilmişdir.

27 Noyabr 2019

“İqlim dəyişmələri və ətraf mühitdə Paris razılaşmasının rolu” mövzusunda beynəlxalq konfrans keçirilmişdir

+

Noyabrın 27-də SOCAR-ın təşkilatçılığı ilə Four Seasons otelində “İqlim dəyişmələri və ətraf mühitdə Paris razılaşmasının rolu” mövzusunda beynəlxalq konfrans keçirilmişdir. Tədbirdə SOCAR-ın prezidenti Rövnəq Abdullayev, Ekologiya və Təbii Sərvətlər naziri Muxtar Babayev, BP-nin Azərbaycan-Gürcüstan-Türkiyə üzrə regional prezidenti Qəri Counz, BMT İP-nin Rezident nümayəndəsi Alessandro Frakasetti, Energetika nazirinin müavini Elnur Sultanov, dünyanın müxtəlif aparıcı şirkətlərinin və təhsil müəssisələrinin əməkdaşları iştirak etmişlər.

Beynəlxalq konfransın açılış sessiyası öz işinə iqlim dəyişmələrinə həsr olunmuş videoçarxın nümayişi ilə başlamışdır. SOCAR-ın ekologiya üzrə vitse-prezidenti Rəfiqə Hüseynzadə açılış nitqi ilə çıxış edərək, son illərdə ən mühüm ekoloji problemlərdən birinin iqlim dəyişmələri olduğunu bildirmiş, qeyd etmişdir ki, alimlərin gəldiyi nəticəyə görə, bu problem birbaşa atmosferdə istilik yaradan qazların artması ilə bağlıdır. R.Hüseynzadə SOCAR-ın fəaliyyət sahələrində istilik effekti yaradan qazların inventarlaşdırılması işlərinin davamlı olaraq aparıldığından söz açmışdır.

SOCAR-ın prezidenti Rövnəq Abdullayev çıxışında qeyd etmişdir ki, neftçıxarma bəşəriyyətə böyük faydalar və üstünlüklər gətirməklə bərabər həm də bir sıra ekoloji risklər yaratmaqdadır. Həmin risklərin minimuma endirilməsi bütövlüklə cəmiyyətin üzərinə böyük vəzifələr qoyur. Bu baxımdan neft və qaz hasilatçıları qarşısında istehsalat sahələrində ətraf mühitin çirklənməsinə yol verməmək istiqamətində daha mühüm öhdəliklər durur. Son illərdə ekoloji problemlərinin həlli üzrə SOCAR-da həyata keçirilən kompleks tədbirlər proqramından danışan şirkət prezidenti qeyd etmişdir ki, SOCAR, bir çox şirkətləri qabaqlayaraq, neft-qazçıxarma müəssisələrində ətraf mühitin əsas çirklənmə mənbələrindən olan lay sularının qapalı sistemdə utilizasiyasını 100%-ə çatdırmışdır. Sovet dövründə yararsız vəziyyətə düşmüş torpaqların bərpası istiqamətində mühüm uğurlar əldə edildiyini vurğulayan R.Abdullayev şirkətin müəssisə və təşkilatlarının balansında olan 2000 hektardan artıq ərazinin rekultivasiya edildiyini, həmin torpaqlarda yaşıllıqlar salındığını nəzərə çatdırmışdır. Qeyd olunmuşdur ki, SOCAR daim öz birgə müəssisələrində və digər əməliyyatçı şirkətlərdə atmosferə atılan çirkləndirici qazların ümumi miqdarını nəzarətdə saxlayır, bu məqsədlə müvafiq monitorinqlər keçirir. Dünya praktikasinda qəbul olunmuş məşəldə yandırılma əmsalı 5% olduğu halda, 2018-ci ildə Azərbaycanda cəmi 1% təşkil etmişdir. Cari ildən isə bu rəqəm 0.9%-ə enmişdir.

Ekologiya və Təbii Sərvətlər naziri Muxtar Babayev ölkədə həyata keçirilən ekoloji layihələrdən bəhs etmiş, ekoloji maarifləndirmə üçün bu cür tədbirlərin keçirilməsini təqdir etmişdir.

BP-nin Azərbaycan-Gürcüstan-Türkiyə üzrə regional prezidenti Qəri Counz iqlim dəyişmələri, enerji sahəsində baş verən keçid prosesləri və qarşıda duran vəzifələrdən bəhs etmiş, neft və qaz hasilatı ilə məşğul olan şirkətlərin enerjiyə artan tələbatı istixana qazları emissiyasını azaltmaq şərti ilə ödəməli olduqlarını bildirmişdir. BP rəsmisi azkarbonlu gələcəyin təmin edilməsində texnologiyaların rolundan və təmsil etdiyi şirkətin həyata keçirdiyi ekoloji layihələrdən danışmışdır.

Konfrans daha sonra “İqlim dəyişməsi və Paris razılşması”, “Yaşıl texnologiyalar və innovasiyalar”, “Ətraf mühit və davamlı inkişaf”, “İqlim dəyişmələri və neft-qaz sənayesində beynəlxalq əməkdaşlıq” sessiyalarında davam etdirilmişdir. Sessiyalarda tanınmış mütəxəssislərin məruzələri dinlənilmiş və mövzular ətrafında fikir mübadiləsi aparılmışdır. Sonda konfransın bəyənnaməsi qəbul edilmişdir.

Qazların atmosferə emissiyasının azaldılmasına nail olmaq üçün 2015-ci ildə iqlim dəyişiklikləri məsələləri üzrə BMT-nin Çərçivə Konvensiyasına üzv dövlətlərin 21-ci konfransında Paris razılaşması imzalanmışdır. Bu razılaşmaya əsasən, dünya dövlətləri könüllülük prinsipinə uyğun olaraq iqlim dəyişmələrinə təsirin yumşaldılması sahəsində bütün imkanlardan istifadə etməlidirlər. Razılaşma ekoloji cəhətdən davamlı gələcəyə yol açır və qlobal temperaturun Selsi ilə 1,5 dərəcə səviyyəsində saxlanılmasını vəd edir.

19 Noyabr 2019

SOCAR və Equinor “Qarabağ” yatağında ilk quyunun qazılmasına hazırlaşırlar

+

Noyabrın 19-da SOCAR-ın prezidenti Rövnəq Abdullayev SOCAR Tower-də Norveçin Equinor ASA şirkətinin hasilat və işlənmə üzrə icraçı vitse-prezidenti Torqrim Reitanın başçılıq etdiyi nümayəndə heyətini qəbul etmişdir. Görüşdə şirkətlər arasında əməkdaşlığın geniş spektri müzakirə olunub, “Qarabağ” yatağının işlənməsi istiqamətində aparılan işlərin, həmçinin Azəri-Çıraq-Dərinsulu Günəşli yataqların işlənməsi ilə bağlı hazırkı vəziyyət və qarşıdakı planlar ətrafında fikir mübadiləsi aparılıb. Torqrim Reitan Equinor-un SOCAR-la birgə həyata keçirdiyi layihələrdə təhlükəsizlik və şəffaflıq standartlarını yüksək qiymətləndirib, şirkətin beynəlxalq portfelində Azərbaycandakı layihələrin mühüm yer tutduğunu qeyd edib. Tərəflər “Qarabağ” layihəsinin daha da sürətlə icra olunmasının zərurətini vurğulayaraq, bu istiqamətdə növbəti addımlarını müzakirə etdilər.

Qeyd edilib ki, hazırda “Qarabağ” yatağında üzən qazma qurğu vasitəsi ilə qiymətləndirici quyunun qazılması üçün hazırlıq işləri aparılır. Qiymətləndirici quyunun qazılmasından sonra yataqda stasionar özülün quraşdırılması və həmin özüldən hasilatın başlanılması planlaşdırılır. Özülün dayaq blokunun inşaat işləri artıq SOCAR-ın “Bos Şelf” şirkəti tərəfindən başa çatdırılmaq üzrədir. Platformanın üst hissəsinin konsepsiyası müəyyən olunandan sonra onun da inşasına start veriləcək.

SOCAR və Equinor şirkətlərinin daha bir ortaq layihəsi olan “Əşrəfi-Dan Ulduzu-Aypara” çərçivəsində SOCAR-ın “Caspian Geo” şirkəti cari ilin sentyabrından etibarən seysmik kəşfiyyat işlərini həyata keçirir. 800 km uzunluğunda xətt üzrə 2D ölçülü, 700 km2-ə yaxın sahədə isə 3D ölçülü seysmik kəşfiyyat aparılır. 3D kəşfiyyat işlərinin 80 faizi artıq tamamlanıb və gələn aydan etibarən sahədə toplanan məlumatların emal və təhlilinə başlanılacaq.

Qeyd edək ki, Norveçin Equinor (2018-ci ilədək Statoil) şirkəti Azərbaycanda 1992-ci ildən fəaliyyət göstərir. Şirkət “Azəri-Çıraq-Günəşli” layihəsi üzrə 2049-cu ilə qədər uzadılmış Hasilatın Pay Bölgüsü Sazişinin (7,27%) və Bakı-Tbilisi-Ceyhan (8,71%) neft boru kəmərinin iştirakçısıdır. 30 May 2018-ci il tarixində SOCAR və Equinor arasında “Xəzər dənizinin Azərbaycan sektorunda “Qarabağ” neft yatağının işlənməsi ilə əlaqədar risk xidməti” və “Xəzər dənizinin Azərbaycan sektorunda “Əşrəfi-Dan Ulduzu-Aypara” sahəsinin kəşfiyyatı, işlənməsi və hasilatın pay bölgüsü” sazişləri imzalanıb.

“Qarabağ” perspektivli dəniz strukturu kimi 1959-cu ildə seysmik kəşfiyyat işləri nəticəsində aşkar edilib, 1984-cü ildə dəqiqləşdirilib,1997-1998-ci illərdə kəşfiyyat qazması ilə strukturun neft-qazlılığı təsdiqlənmişdir. Yataq Bakıdan şərq istiqamətdə 120 kilometr aralıda, açıq dənizin 150-200 metr dərinliyində yerləşir. “Dan Ulduzu” və “Əşrəfi” perspektiv strukturları Xəzər dənizində, Bakıdan şimal-şərqə doğru 100-110 kilometr məsafədə yerləşir. Burada dənizin dərinliyi 80-180 metrdir. 1980-ci ildə seysmik kəşfiyyat işləri nəticəsində aşkar edilən “Aypara” sahəsi isə Bakıdan 90 kilometr şimal-şərqdə yerləşir.

7 Noyabr 2019

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev Neft Daşlarının 70 illiyi münasibətilə Azərbaycan neftçilərini təbrik etmişdir.



Neft Daşlarının 70 illiyinə həsr olunmuş tədbir iştirakçılarının Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevə müraciəti

+

Azərbaycan Respublikasının Prezidenti

Zati-aliləri cənab İlham Əliyevə



Möhtərəm cənab Prezident!

Sizi Neft Daşlarında neft hasilatının başlanmasının 70-ci ildönümünə həsr olunmuş təntənəli mərasimin iştirakçıları, ilk növbədə dəniz neftçiləri və SOCAR-ın çoxminli əmək kollektivi adından hərarətlə salamlayır, bu tarixi gün münasibəti ilə Zati-alinizi təbrik edirik. İş qrafikinizin gərgin olmasına baxmayaraq, vaxt tapıb Neft Daşlarında ilk neftin hasil olunmasının 70 illiyi münasibəti ilə neftçilərə təbrik ünvanlamağınız, əməkdə fərqlənən bir qrup dəniz neftçisini Vətənimizin yüksək mükafatlarına, orden və medallara, fəxri təqaüdə layiq görməyiniz bu günü bizim üçün ikiqat bayrama çevirmiş, sevincimizə sevinc qatmışdır. Azərbaycan neft-qaz sənayesi tarixinin bu əlamətdar anında Zati-Alinizə müraciət etməkdən böyük şərəf duyur, bütün neft-qaz əməkçiləri adından Sizə dərin minnətdarlığımızı və sonsuz ehtiramımızı bildiririk. Dövlətimiz və onun müdrik rəhbəri olaraq Siz neftçi əməyini həmişə yüksək qiymətləndirirsiniz. Bu günkü təbrik və təltiflər də dəniz neftçilərinin rəşadətli əməyinə verdiyiniz yüksək dəyərin növbəti təzahürüdür. Ölkəmizin neft-qaz sənayesinin inkişafını daim diqqət mərkəzində saxladığınıza, SOCAR-ın çevik, rəqabətədavamlı və modern bir şirkətə çevrilməsinə böyük qayğı ilə yanaşdığınıza görə neftçilərimiz Sizə daim minnətdardırlar. Onlar bu gün də Sizi öz sıralarında hiss edir, Sizi özlərinin ən sevimli dostu və himayədarı hesab edirlər.

Zati-alinizin dəfələrlə vurğuladığı kimi, müstəqil Azərbaycan dövlətçilyinin memarı, xalqımızın ümummilli lideri Heydər Əliyev tərəfindən əsası qoyulmuş yeni neft strategiyası ölkəmizi misilsiz inkişaf və tərəqqi yoluna çıxarmışdır və respublikanın bu yolla davamlı olaraq irəliləməsində müstəsna əhəmiyyət daşıyır. İqtisadiyyatı gün-gündən qüdrətlənən, beynəlxalq mövqeləri möhkəmlənən, regionun lider dövləti kimi böyük nüfuz sahibinə çevrilən respublikamız hazırda müasir tarixinin sosial-iqtisadi yüksəliş dövrünü yaşayır. Biz neftçilər bu gün Sizin inamlı rəhbərliyiniz altında xalqımızı, dövlətimizi qələbələrdən dələbələrə aparan dahiyanə enerji strategiyasının icra olunmasında yaxından iştirak etməkdən qürur duyuruq. Sevinir və fəxr edirik ki, Sizin həyata keçirdiyiniz uğurlu xarici və daxili siyasət nəticəsində Azərbaycan demokratik, hüquqi dövlət olaraq beynəlxalq aləmdə böyük rəğbət qazanmış, iqtisadi inkişaf tempinə görə misli görünməmiş tərəqqiyə nail olmuşdur. Xalqımızın rifah halı durmadan yüksəlir. Biz səmimi olaraq başa düşürük ki, bugün ölkəmizdəki sabitliyi, firavanlığı, birliyi təmin edən taleyüklü uğurların şəriksiz müəllifi Zati-alinizdir. Odur ki, biz neftçilər həmişə olduğu kimi, bu gün də Sizin göstərdiyiniz tərəqqi və inkişaf yolu ilə dönmədən irəliləyir, Vətənimizin daha da qüdrətlənməsi naminə var gücümüzü səfərbər edirik. Bilirik ki, bu yol Heydər Əliyev yolu, qələbələr yoludur, yeganə düzgün yoldur!

Son illər dünyanın aparıcı neft, qaz və neft məhsulları ixracatçıları sırasında layiqli yer tutan Azərbaycanda kəşfiyyat, qazma, hasilat, emal sahələrində yeni-yeni uğurlar qazanılır. Bütün dünyanın diqqət mərkəzində olan qlobal əhəmiyyətli Cənub Qaz Dəhlizi layihəsinin təşəbbüskarı və hərəkətverici qüvvəsi Azərbaycandır. Avropanın enerji təhlükəsizliyi baxımından mühüm önəm daşıyan bu möhtəşəm layihə artıq sona çatmaqdadır. Azərbaycan nefti və qazı qonşu ölkələrin enerji təhlükəsizliyinin vacib amilinə çevrilmidir. SOCAR artıq dünya bazarlarına uğurla inteqrasiya edərək, yaxın və uzaq xaricdə ölkəmizə strateji önəm daşıyan aktivlər qazandırır. Əldə etdiyimiz bütün bu nailiyyətlər ölkə həyatının müxtəlif sahələrində inkişafa müsbət təsirini göstərir, xalqımızın maddi rifah halının get-gedə daha da yaxşılaşmasına dəyərli töhfə verir.

Əziz Prezidentimiz!

Azərbaycan neftçiləri həyata keçirdiyiniz tarixi işlərdə həmişə Sizin sadiq köməkçiləriniz olmuşlar. Bu gün də belədir, gələcəkdə də belə olacaqdır. Zati-alinizin həyata keçirdiyi uğurlu islahatlar kursunun xalqımızın daha işıqlı gələcəyi naminə aparıldığına dərindən inanır, bu kursu hamılıqla dəstəkləyir, bu yolda öhdəmizə düşən işlərin öhdəsindən gəlmək üçün yorulmadan çalışırıq. Sizi əmin edirik ki, qarşımızda duran vəzifələri layiqincə yerinə yetirmək üçün, indiyə qədər olduğu kimi, bundan sonra yorulmaq bilmədən əzmkarlıq göstərəcək, Azərbaycan neft-qaz sənayesinin şanlı zəfər salnaməsinə yeni-yeni parlaq səhifələr yazacağıq.

Sizə bir daha sonsuz minnətdarlığımızı bildirir, Vətənimiz Azərbaycanın qüdrətlənməsi naminə həyata keçirdiyiniz möhtəşəm işlərdə yeni-yeni uğurlar arzulayırıq. Tanrı yardımçınız olsun!





Müraciət Neft Daşlarının 70 illiyi münasibəti ilə keçirilmiş təntənəli mərasimin iştirakçıları tərəfindən qəbul olunmuşdur.

7 Noyabr 2019

Neft Daşlarının 70 illiyinə həsr olunmuş təntənəli tədbir keçirilmişdir

+

Noyabrın 7-də Neft Daşlarında ilk neftin çıxarılmasınn 70-ci ildönümü günündə SOCAR rəhbərliyinin nümayəndələri və çoxminli kollektivinin təmsilçiləri xalqımızın ümummilli lideri Heydər Əliyevin Fəxri xiyabandakı məzarını ziyarət etmişlər. Şirkət nümayəndələri müstəqil Azərbaycan dövlətçilyinin memarı, ölkə iqtisadiyyatının inkişafında müstəsna rol oynamış yeni neft strategiyasının banisi Ulu öndər Heydər Əliyevin unudulmaz xatirəsinə bəslədikləri dərin hörmət və ehtiramın ifadəsi olaraq onun abidəsi qarşısına əklillər qoymuş, tər çiçəklər düzmüşlər.

Həmin gün əlamətdar yubiley münasibəti ilə SOCAR-ın Baş ofisində təntənəli mərasim keçirilmişdir. Əvvəlcə Neft Daşlarına həsr olunmuş film nümayiş etdirilmişdir. Filmdə Neft Daşlarının yaranması, Azərbaycan neftçilərinin ilk neftin çıxarılması üçün göstərdikləri şücaət və qəhrəmanlıq, ötən 70 ildə burada əldə edilmiş nailiyyətlər əks olunmuşdur.

Azərbaycan Respublikası Prezidentinin Administrasiyasının humanitar siyasət məsələləri şöbəsinin müdiri Fərəh Əliyeva Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin Neft Daşlarının 70 illiyi münasibətiilə Azərbaycan neftçilərinə təbrikini oxumuşdur.

Yubiley mərasimində geniş məruzə ilə çıxış edən SOCAR-ın prezidenti Rövnəq Abdullayev Neft Daşlarının fəth edildiyi dövrdə dəniz neftçilərinin ilk nəslinin göstərdiyi qəhrəmanlıq və fədakarlığın sonrakı nəsillər üçün örnək olduğunu vurğulayaraq demişdir: “ 1949-cu ildə hələ dənizdə neft kəşfiyyatı və hasilatı sahəsində heç bir təcrübə yox idi, müasir texnologiyalar, norma və standartlar işlənilməmişdi. Geoloji strukturunun çoxlaylı olmasına, zəngin ehtiyatlarına görə unikal bir yataq olan Neft Daşlarında kəşfiyyat və istismar məqsədlərinə çatmaq üçün yeni və tamamilə fərqli yanaşmaya ehtiyac vardı. Azərbaycan neftçiləri bütün bu problemlərin öhdəsindən layiqincə gələ bildilər. Neft Daşlarında qazanılan zəngin təcrübə sonrakı dövrdə Xəzərin digər sahələrində axtarış-kəşfiyyat işlərinin sürətləndirilməsinə güclü təkan verdi, az müddətdə yeni yataqların kəşf olunmasına və istismara daxil edilməsinə yol açdı. Xəzərin qəhrəman fatehlərinin və onların ardıcılları olan dəniz neftçilərinin hünəri nəsillərə nümunədir”.

“Azərbaycan Xəzər Dəniz Gəmiçiliyi” Qapalı Səhmdar Cəmiyyətinin sədri Rauf Vəliyev Neft Daşlarının istismara başlanılmasının 70 illiyi münasibəti ilə neftçiləri təbrik etdi və bildirdi ki, bu hadisə Xəzər Dəniz Gəmiçiliyi üçün də əlamətdardır. Neft Daşlarının kəşfi ilə neftçilərlə gəmiçilər arasında yaranmış işgüzar əlaqələr bu gün də yüksək səviyyədədir. Rauf Vəliyev Azərbaycanın neft donanmasının da bu gün özünün 70-ci ildönümünü qeyd etdiyini bildirmiş, Azərbaycan dənizçilərinin də böyük neftçi ailəsinin ayrılmaz hissəsi olduğunu vurğulamışdır.

Daha sonra SOCAR-ın birinci vitse-prezidenti, akademik Xoşbəxt Yusifzadə söz alaraq uzun illər çalışdığı Neft Daşlarının şanlı inkişaf tarixindən danışmış və demişdir: “Məndən əvvəl çıxış edənləri dinləyərkən gözlərim önündə Xəzərdə keçən aylarım, illərim canlanır, “Əsrin müqaviləsi”nin işlənib hazırlanmasının və imzalanmasının iştirakçılarından biri kimi düşünürəm ki, indiyədək dənizdə gördüyümüz işlərin, əldə etdiyimiz nailiyyətlərin təməli Azərbaycan neftçilərinin dənizdə məskən saldıqları və məşhur Neft Daşlarının dünyaya səs saldığı vaxtdan qoyulmuşdur”.

Tədbirdə gənc neftçilər adından “Neft Daşları” NQÇİ-nin İstilik elektrik stansiyasının baş mühəndisi Cavid Qocayev çıxış edərək ölkə rəhbərliyi tərəfindən gənclərə göstərilən qayğıdan və həyata keçirilən islahat kursundan söhbət açmış, SOCAR-da çalışan gənclərin yeni çağırışlara cavab verdiklərini bildirmişdir.

Sonra “Neft Daşları” NQÇİ-nin Baş geoloqu Əhəd Abduyev Neft Daşlarının 70 illiyinə həsr olunmuş tədbir iştirakçılarının Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevə müraciətini oxumuşdur.

Tədbirin sonunda “Əsrin müqaviləsi”nin 25 illiyi münasibəti ilə fəxri adlara layiq görülən neftçilərə mükafatlar təqdim edilmişdir.

Xatırladaq ki, Neft Daşları Xəzər dənizində, Bakı şəhərindən 110 km şimal-şərqdə yerləşir. Dənizin bu yerində qara qayalıqlar olduğu üçün əvvəllər bura “Qara Daşlar” adlandırılırdı. Neft Daşları yatağını əvsanəvi geoloq Ağaqurban Əliyev kəşf etmiş və ilk dəfə açıq dənizdə neftçıxarma layihəsinin gerçəkləşdirilməsinə nail olmuşdur. 1949-cu il iyunun 24-də Neft Daşlarında birinci kəşfiyyat quyusunun qazılmasına başlanmış, noyabrın 7-də qazma işi uğurla başa çatdırılmış və yatağın işlənməsinə start verilmişdir.

İlkin dövrdə burada istismardan çıxarılmış yeddi gəmi batırılaraq qazma va yaşayış üçün şərait yaradılmışdır ki, Neft Daşlarının bir müddət xalq arasında “Yeddi gəmi adası” kimi məşhurlaşması da bununla əlaqədardır. 1951-ci ildə Neft Daşlarında hasil edilmiş ilk məhsul tankerlə sahilə göndərilmişdir. İstismar dövründə “Neft Daşları” Neft-qazçıxarma İdarəsi ölkəmizin ümumi neft hasilatının 13 faizini birbaşa təmin etmişdir. Neft Daşlarının kəşfi Azərbaycanın neft sənayesində dönüş nöqtəsi olmuş və ölkəmizin tarixində ikinci neft bumuna yol açmışdır. Hazırda Azərbaycan neftinin böyük hissəsi dəniz mədənlərində çıxarılır. Neft Daşları həm də SOCAR-ın dənizdəki yataqlarını bir-biri ilə əlaqələndirən və məhsulun sahilə birbaşa ötürülməsinə xidmət edən əsas kommunikasiya düyünüdür. SOCAR üzrə hasil olunan xam neft və təbii qazın 70 faizə yaxın hissəsi məhz Neft Daşları üzərindən sahilə ötürülür.

6 Noyabr 2019

SOCAR prezidenti Neft Daşlarında neftçilərlə görüşmüşdür

+

Noyabrın 6-da SOCAR-ın prezidenti Rövnəq Abdullayev və şirkət rəhbərliyinin nümayəndələri Neft Daşlarının 70 illiyi ərəfəsində dünyanın açıq dənizdə tikilən ilk neft platformasında olmuşlar. Şirkət rəhbərliyinin təmsilçiləri burada Neft Daşlarının yenidənqurulmuş helikopter meydançası sərnişin gözləmə zalının açılışında iştirak etmiş, açıq dənizdə qazılmış ilk neft quyusunun yanında Neft Daşlarının qurulmasında xidmətləri olan insanları yad etmiş, Ulu öndər Heydər Əliyevin abidəsinin, 1957-ci il noyabrında Neft Daşlarındakı faciə zamanı həlak olan neftçilərin və Azərbaycanın ərazi bütövlüyü uğrunda həyatlarını qurban vermiş şəhid neftçilərin xatirə komplekslərinin önünə tər çiçəklər düzmüş, “Heydər Əliyev Muzeyi”nə, yenidən qurulmuş stadiona, idman zalına və mədəniyyət evinə baxış keçirmişlər.

SOCAR-ın prezidenti istehsalat sahələrində çalışan həmkarları ilə görüşərək, çağdaş neftçıxarma proseslərinin yeni çağırış və hədəfləri ilə bağlı onların fikirlərini öyrənmiş, müzakirələr aparmışdır. Rövnəq Abdullayev Neft Daşlarının 70 illik yubileyi münasibəti ilə idarənin əməkçilərini təbrik etmiş, ölkə başçısının apardığı islahat kursu çərçivəsində Şirkətin üzərinə düşən vəzifələrdən söz açmış, Neft Daşlarının strateji əhəmiyyətindən danışmışdır. Rövnəq Abdullayev demişdir: “Neft Daşları Azərbaycan neftçilərinin yaşlı nəslinin qiymətli yadigarıdır. Azərbaycanın neft tarixinin bir çox görkəmli şəxslərin həyat yolu Neft Daşlarından keçib. Azərbaycan neftçilərinin bir neçə nəsli burada yüksək səviyyəli mütəxəssis kimi püxtələşib, dəyərli təcrübə qazanmışdır. Mən özüm də istehsalat fəaliyyətimə Neft Daşlarında başlamışam, burada çox dəyərli təcrübələr əldə etmiş, özümə etibarlı dostlar qazandım”. Neft Daşlarında çalışan neftçilərə müraciət edən SOCAR prezidenti sözlərini belə bitirmişdir:

“Dəyərli həmkarlarım, artıq 70 il istismarda olan Neft Daşları bu gün özünün ikinci baharını yaşayır. SOCAR-ın ötən illərdə həyata keçirdiyi tədbirlər nəticəsində Neft Daşlarının hasilat səviyyəsi 20 faizdən çox artıb. Hidrotexniki qurğular yenilənib, istehsalat obyektləri əsaslı təmir olunub və yaxud yenidən qurulub. Respublika əhəmiyyətli yataqların məhsulu Neft Daşlarının infrastrukturu vasitəsilə nəql olunur və gələcəkdə bu infrastruktura digər yataqların da qoşulması nəzərdə tutulur. Bu nəticələr, məhz sizin səriştə və bacarığınız, gərgin və fədakar zəhmətinizin sayəsində əldə olunmuşdur. Bu uğur-sizin uğurunuzdur!”

Səfər çərçivəsində SOCAR-ın prezidenti və Şirkət rəhbərliyinin nümayəndələri Neft Daşları zəhmətkeşləri ilə birlikdə nahar etmişlər. Səfərin sonunda SOCAR-ın rəhbərliyi Çilov adasına da baş çəkib, 2015-ci ildə təbii fəlakət nəticəsində həlak olmuş həmkarlarının abidəsi önünə tər çiçəklər qoymuş, onların əziz xatirəsini ehtiramla yad etmişlər.

Noyabrın 6-da Neft Daşlarında yatağının istismar edilməsinin 70 illiyi münasibəti ilə nefçi kollektivi üçün konsert təşkil olunmuşdur.

Xatırladaq ki, Neft Daşları Xəzər dənizində, Bakı şəhərindən 110 km şimal-şərqdə yerləşir. Dənizin bu yerində qara qayalıqlar olduğu üçün əvvəllər bura “Qara Daşlar” adlandırılırdı. Neft Daşları yatağını əfsanəvi geoloq Ağaqurban Əliyev kəşf etmiş və ilk dəfə açıq dənizdə neftçıxarma layihəsinin həyata keçirilməsinə nail olmuşdur. 1949-cu il iyunun 24-də Neft Daşlarında birinci kəşfiyyat quyusunun qazılmasına başlanmış, noyabrın 7-də qazma işi uğurla başa çatdırılmış və yatağın işlənməsinə start verilmişdir.

İlkin dövrdə burada istismardan çıxarılmış yeddi gəmi batırılaraq qazma va yaşayış üçün şərait yaradılmış, daha sonra “Yeddi gəmi adası” kimi məşhurlaşmış bu məntəqə açıq dənizdə süni adaya çevrilmişdir. 1951-ci ildə Neft Daşlarından ilk məhsul neft tankeri ilə sahilə göndərilmişdir. İstismar dövründə Neft Daşları NQÇİ ölkəmizin ümumi neft hasilatının 13 faizini birbaşa təmin etmişdir. Neft Daşlarının kəşfi Azərbaycanın neft sənayesində bir dönüş nöqtəsi yaratmış və ölkəmizin ikinci neft bumuna yol açmışdır. Hazırda Azərbaycan neftinin böyük hissəsi məhz dənizdə çıxarılır. Neft Daşları həm də SOCAR-ın dənizdəki yataqlarını bir-biri ilə calaşdıran və məhsulun sahilə birbaşa ötürülməsinə xidmət edən əsas kommunikasiya düyünüdür. SOCAR üzrə ümumi çıxarılan xam neft və təbii qazın 70 faizə yaxın hissəsi sahilə məhz Neft Daşlarından ötürülür.