Xəbərlər arxivi

31 Oktyabr 2019

SOCAR Antipinski NEZ-in idarəetmə səriştəsini təmin edəcək

+

Azərbaycan Respublikasının Dövlət Neft Şirkəti (SOCAR) lazımi prosedurları başa vuraraq, Rusiyada “SOCAR Enerqoresurs” MMC qrupunun minoritar iştirakçısı olmuşdur. “SOCAR Enerqoresurs” MMC qrupu Antipinski Neft Emalı Zavodunu və Orenburq vilayətində 45 milyon ton təsdiqlənmiş neft ehtiyatı olan üç yatağın aktivlərini birləşdirir.

SOCAR-ın bu layihədə əsas rolu Antipinski NEZ-in idarəetmə səriştəsini təmin etməkdən ibarətdir. Sazişin strukturu baxımından SOCAR-ın Antipinski NEZ-də iştirakı onun üçün zavodun əvvəlki borcları ilə bağlı risklər yaratmır.

Qeyd edək ki, illik ümumi emal gücü 7,5 milyon ton təşkil edən Antipinski neft emalı zavodunda dizel, vakuum qazoyl, nafta, benzin (A80 və A92), koks, texniki kükürd, texnoloji mazut və maye qaz istehsal olunur.

29 Oktyabr 2019

Geoloji kəşfiyyat qayığında partlayış olub

+

29 oktyabr 2019-cu il tarixində saat 13.30 radələrində Gürgan qəsəbəsinin yaxınlığında dənizin dayaz hissəsində seysmik kəşfiyyat işlərində istifadə edilən partlayıcı maddəni təyinat nöqtəsinə aparan ekspedisiyanın qayığında partlayış baş verib. Nəticədə Şirkətin əməkdaşı Məmmədov Habil Gülməmməd oğlu həlak olub. Hadisə yerində olan Şirkətin əməkdaşları Vəliyev Azər Vaqif oğlu, Paşayev Bəhruz Rafiq oğlu və müqavilə əsasında xidmət göstərən qayıqçı Xəlilov Böyükağa Məmmədağa oğlu müxtəlif dərəcəli bədən xəsarətləri almış və təcili yardım maşını ilə 5 saylı şəhər xəstəxanasına çatdırılmışdır.

Qeyd edək ki, partlayıcı maddələr dəniz seysmik kəşfiyyat işlərində geniş istifadə olunur və daşınma müddətində tam təhlükəsiz vəziyyətə gətirilir. Gürgan istiqamətində seysmik kəşfiyyat işləri yeni qazılacaq quyuların yerinin dəqiqləşdirilməsi üçün aparılmalı idi.

Hadisənin başvermə səbəblərini müəyyən etmək üçün müvafiq komissiya yaradılmışdır. Hazırda hadisə yerində araşdırma aparılır və nəticəsi barədə ictimaiyyətə məlumat veriləcəkdir.

Azərbaycan neftçiləri olaraq, həlak olmuş həmkarımızın yaxınlarına başsağlığı verir, ruhuna Allahdan rəhmət diləyirik.



22 Oktyabr 2019

SOCAR-ın prezidenti Türkmənistanda SOCAR Trading nümayəndəliyinin açılmasını təklif edib

+

Oktyabrın 22-də SOCAR-ın prezidenti Rövnəq Abdullayev Aşqabadda keçirilən 24-cü “Türkmənistan Neft və Qaz - 2019” sərgi və konfransında iştirak etmişdir. SOCAR-ın prezidenti “Dünya enerji bazarlarının inkişaf təmayülləri və əməkdaşlıq perspektivləri” mövzusuna həsr olunmuş konfrans panelində çıxış etmiş, son iki il ərzində Azərbaycan və Türkmənistan prezidentləri tərəfindən imzalanmış birgə bəyanatların əhəmiyyətini qeyd etmiş, iki ölkə arasındakı əməkdaşlıq əlaqələrinə yeni impulsun verildiyini vurğulamışdır.

Bu gün SOCAR qlobal miqyasda inteqrasiya olunmuş enerji şirkəti kimi fəaliyyət göstərir. SOCAR-ın Xəzər hövzəsində və onun xaricində malik olduğu müasir sənaye kompleksləri, neft və qaz məhsullarının nəqli üçün transmilli infrastruktur və qlobal ticarət şəbəkəsinə malik olması Türkmənistanın neft və qaz subyektləri ilə müxtəlif sahələrdə əməkdaşlıq perspektivlərini gündəmə gətirmişdir. Beləliklə, öz çıxışında Türkmənistan ilə əməkdaşlığın yeni səviyyəyə gətirilməsinə işarə edən Rövnəq Abdullayev, Türkmənistanda SOCAR Trading nümayəndəliyinin açılmasını təklif etmişdir.

SOCAR-ın prezidenti rəsmi səfəri çərçivəsində Türkmənistanın Nazirlər Kabinetinin sədr müavini Muradgəldi Meredov ilə görüşmüş, Türkmənistan ilə neft və qaz sənayesində perspektivli əməkdaşlıq imkanlarını müzakirə etmişdir.

SOCAR 24-cü “Türkmənistan Neft və Qaz” konfransında həmtəşkilatçı qismində iştirak etmiş və həmçinin sərgidə geniş təqdimatla təmsil olunmuşdur. “Türkmənistan Neft və Qaz” beynəlxalq konfransı ölkənin dövlət qurumları ilə beynəlxalq neft və qaz şirkətləri arasında tərəfdaşlıq əlaqələrini inkişaf etdirmək məqsədi ilə hər il Türkmənistanın paytaxtı Aşqabad şəhərində keçirilir.

18 Oktyabr 2019

SOCAR üçüncü rübdə neft hasilatını 2,8 faiz, qaz hasilatını 11, 4 faiz artırıb

+

SOCAR 2019-cu ilin üçüncü rübündə 21 milyon tona yaxın neft, 1,82 milyard kubmetrdən çox qaz çıxarmaqla əvvəlki ilin müvafiq dövrü ilə müqayisədə neft hasilatını 2,8%, qaz hasilatını isə 11,4% artırmışdır. Hesabat dövründə Şirkətin istismar etdiyi neft və qaz yataqlarında hasilat səviyyəsinin sabit saxlanılması məqsədi ilə həyata keçirilən kompleks tədbirlər planı davamlı şəkildə icra olunmuş, istismardan çıxarılmış bəzi köhnə quyuların fəaliyyəti bərpa edilmişdir. Cari ilin üçüncü rübündə şirkət üzrə qazma işləri 373 min metrdən artıq olmuşdur.

Ümumiyyətlə, 2019-cu ilin üçüncü rübündə ölkə üzrə 9,44 milyon tondan artıq neft, 8,75 milyard kubmetr qaz hasil edilib. Cari ilin 9 ayı ərzində ümumilikdə 266 milyard kubmetr qaz hasil olunub. Üçüncü rüb də daxil olmaqla bu il yeraltı anbarlara 2,17 milyard kubmetr təbii qaz vurulub. Hazırda qaz anbarlarında 2,98 milyard kubmetr qaz var və anbarlara qazın vurulması prosesi davam etdirilir.

Cari ilin 3-cü rübündə SOCAR tərəfindən 145,99 milyon m3 qaz ixrac olunmuşdur. Ölkə üzrə ixrac olunan qazın göstəricisi 2,710 milyard kubmetr təşkil etmişdir. Bu ilin 9 ayı ərzində xarici bazarlara ölkə üzrə 8,211 milyard kubmetrdən, SOCAR üzrə isə 1,112 milyard kubmetrdən artıq qaz ixrac olunmuşdur.

Üçüncü rüb ərzində SOCAR tərəfindən xam neftin ixracı 5,513 milyon ton təşkil etmişdir. Şirkət eyni zamanda Azərbaycandan 53214 min ton həcmində neft və neft-kimya məhsulları ixrac etmişdir.

Redaktorlar üçün qeyd: Mətndə qeyd olunan rəqəmlər oxunaqlılıq məqsədi ilə yuvarlaqlaşdırılıb. Tam dəqiq rəqəmlər isə, müvafiq olaraq, aşağıdakı istinadlarda göstərilmişdir.



1 - 1.956.444 ton

2 - 1.800 849 min m3

3 - 37310 metr

4 - 9.422.094 ton

5 - 8.686.730 min m3

6 - 25.999. 953 min m3

7 - 2.110.246 min m3

8 - 2.879.721 min m3

9 - 145.856 min m3

10 -2.659.006 min m3

11 -8.241.727 min m3

12 -1.103.570 min m3

13 -5.462.811 ton

14 - 531.725 ton

11 Oktyabr 2019

SOCAR-ın prezidenti Əfqanıstanın Ticarət və sənaye naziri ilə görüşüb

+

Oktyabrın 11-də SOCAR-ın prezidenti Rövnəq Abdullayev Əfqanıstan İslam Respublikasının Ticarət və sənaye naziri Acmal Əhmədinin rəhbərlik etdiyi nümayəndə heyəti ilə görüşmüşdür. Görüşdə Azərbaycan-Əfqanıstan iqtisadi əlaqələrinin inkişafında neft-qaz sahəsində münasibətlərin roluna toxunulmuş, son illərdə Azərbaycanda istehsal olunan neft məhsullarının Əfqanıstanın yanacaq bazarında mühüm yer tutduğu vurğulanmışdır.

Əfqanıstan İslam Respublikasının Ticarət və sənaye naziri Acmal Əhmədi ölkəsinin yanacaq bazarı haqqında SOCAR prezidentinə məlumat vermiş, idxalın şaxələndirilməsi məqsədi ilə SOCAR-la əməkdaşlığın yeni müstəviyə qaldırılmasında maraqlı olduqlarını qeyd etmişdir.

Görüşdə qarşılıqlı maraq doğuran məsələlər ətrafında fikir mübadiləsi aparılmış, gələcək əməkdaşlığın perspektivlərini müzakirə olunmuşdur.

11 Oktyabr 2019

Avstriya şirkətləri Azərbaycanın kimya sənayesi ilə maraqlanır

SOCAR-da Avstriyanın Federal Nəqliyyat, İnnovasiya və Texnologiya naziri ilə görüş keçirilib

+

Oktyabrın 11-də SOCAR-ın prezidenti Rövnəq Abdullayev Avstriyanın Federal Nəqliyyat, İnnovasiya və Texnologiya naziri Andreas Rayxhardtın başçılıq etdiyi nümayəndə heyəti ilə görüş keçirmişdir. Qonaqları salamlayan Rövnəq Abdullayev SOCAR-ın fəaliyyətindən, həyata keçirdiyi regional və qlobal əhəmiyyətli layihələrdən bəhs etmiş, şirkətin Avstriyanın pərakəndə yanacaq satışı bazarında özünəməxsus yeri olan “A1” yanacaqdoldurma şəbəkəsini satın aldığını və 82 YDM-dən ikisinin artıq rebredinq edildiyini, qalanlarının da yaxın müddətdə rebredinq ediləcəyini bildirmişdir. Şirkət prezidenti SOCAR-ın Avstriyanın yanacaq enerji sektorunda biznesini genişləndirməkdə maraqlı olduğunu vurğulamışdır.

Avstriyanın Federal Nəqliyyat, İnnovasiya və Texnologiya naziri Andreas Rayxhardt səmimi qəbul üçün təşəkkürünü bildirmiş, Avstriya şirkətlərinin Azərbaycanın kimya sənayesi ilə maraqlandıqlarını və bu sahəyə sərmayə yatırmağa hazır olduqlarını qeyd etmişdir.

SOCAR-ın prezidenti Rövnəq Abdullayev qonaqlara Sumqayıtdakı kimya sənaye parkı ilə bağlı ətraflı məlumat vermiş, Azərbaycanda əlverişli investisiya mühiti yaradıldığını söyləmiş, xarici sərmayələrin qorunmasından danışmışdır. O, kimya sənayesinin ölkə iqtisadiyyatının perspektivli sahələrindən olduğunu vurğulayaraq, bu istiqamətdə səmərəli təkliflərin operativ surətdə müzakirə edilib dəyərləndiriləcəyini bildirmişdir.

Görüşdə həmçinin Azərbaycan-Avstriya Əməkdaşlıq Şurasının fəaliyyətindən danışılmış, bu qurumun iki ölkə arasında əlaqələrin inkişafına töhfə verdiyi qeyd olunmuşdur.

4 Oktyabr 2019

“Qarabağ” yatağının işlənməsi üçün platformanın tikintisi sona çatır

+

Oktyabrın 4-də SOCAR-ın prezidenti Rövnəq Abdullayev Norveçin “Equinor” şirkətinin baş vitse-prezidenti xanım Karri Lokhartın rəhbərlik etdiyi nümayəndə heyəti ilə görüşüb. Görüşdə “Qarabağ” yatağının işlənməsi ilə bağlı fikir mübadiləsi aparılmış, perspektivlər müzakirə edilmişdir. Tərəflər layihənin düzgün istiqamətdə inkişaf etdiyini vurğulamış, yüksək səmərə verəcəyinə və Azərbaycanın iqtisadi inkişafına əlavə dəyər qatacağına əminliklərini ifadə etmişlər. “Qarabağ” yatağında istifadəsi nəzərdə tutulmuş qurğu və platformada yekun işlərin görüldüyü və bu yaxında istismara veriləcəyi bildirilmişdir.

Görüşdə həmçinin “Xəzər dənizinin Azərbaycan sektorunda “Əşrəfi”-“Dan Ulduzu”-“Aypara” sahəsinin kəşfiyyatı, işlənməsi və hasilatın pay bölgüsü sazişi” ilə bağlı fikir mübadiləsi aparılmış, SOCAR rəhbərliyi müxtəlif layihələrdə “Equinor” şirkəti ilə əməkdaşlığın perspektivli olduğunu bildirmişdir. Tərəflər gələcəkdə də əməkdaşlığın davam etdirilməsi imkanlarını müzakirə etmişlər.

Xatırladaq ki, SOCAR və Statoil (Equinor) 1992-ci ildən bir sıra mühüm layihələrdə, o cümlədən Azəri-Çıraq və dərinsulu Günəşli (AÇG) neft yatağının işlənilməsi layihəsində əməkdaşlıq edir. AÇG layihəsində SOCAR 25%, Statoil-Azərbaycan şirkəti isə 7,27% paya malikdir. Bakı-Tbilisi-Ceyhan (BTC) layihəsində Statoil Azərbaycan 8,71%, SOCAR-ın törəmə şirkəti olan AzBTC 25%-lik pay sahibidir. 2018-ci ildə SOCAR ilə Equinor qrupunun bir hissəsi olan “Statoil-Azərbaycan” şirkətI arasında “Xəzər dənizinin Azərbaycan sektorunda “Qarabağ” neft yatağının işlənməsi ilə əlaqədar risk xidməti sazişi” və “Xəzər dənizinin Azərbaycan sektorunda “Əşrəfi”-“Dan Ulduzu”-“Aypara” sahəsinin kəşfiyyatı, işlənməsi və hasilatın pay bölgüsü haqqında saziş” imzalanmışdır.