Xəbərlər arxivi

10 Iyul 2019

SOCAR-ın prezidenti Çinin İpək Yolu Fondunun Müşahidə Şurasının sədrini qəbul etmişdir

+

SOCAR-ın prezidenti Rövnəq Abdullayev Çinin İpək Yolu Fondunun Müşahidə Şurasının sədri Yan Zedjunun rəhbərlik etdiyi nümayəndə heyətini qəbul etmişdir. Qonaqları salamlayan SOCAR-ın prezidenti Çinin İpək Yolu Fondunun böyük investisiya imkanlarından danışmış və bu sərmayənin bütün dünyanın inkişafına töhfə verə biləcəyini vurğulamışdır.

İpək Yolu Fondunun Müşahidə Şurasının sədri Yan Zedjun səmimi qəbul üçün təşəkkürünü bildirmiş, hazırda Fondun maliyyə imkanlarının genişləndirilməsindən, həmçinin müxtəlif sahələrə sərmayə qoymaqda maraqlı olduqlarından bəhs etmişdir. Fondun müxtəlif infrastruktur layihələrinin maliyyələşdirilməsində yaxından iştirak etdiyini bildirən Yan Zedjun bu istiqamətdə Azərbaycanla da əməkdaşlıqda maraqlı olduqlarını vurğulamışdır. Fond rəhbəri SOCAR-ın fəaliyyətini yaxından izlədiklərini, şirkətin inkişaf konsepsiyası ilə tanış olduqlarını diqqətə çatdırmışdır.

Rövnəq Abdullayev Azərbaycanda həyata keçirilən infrastruktur layihələri haqqında qonaqları məlumatlandırmış, gələcəkdə həyata keçiriləcək enerji layihələrində Çinlə əməkdaşlıq perspektivlərindən söz açmışdır.

Tərəflər qarşılıqlı maraq doğuran məsələlər ətrafında fikir mübadiləsi aparmışlar.

10 Iyul 2019

SOCAR-da Yaponiyanın “İTOCHU” şirkətinin nümayəndələri ilə görüş keçirilmişdir

+

İyulun 10-da SOCAR-ın prezidenti Rövnəq Abdullayev Yaponiya-Azərbaycan İqtisadi Komitəsinin həmsədri, İTOCHU Korporasiyasının prezidenti Keita İşinin başçılıq etdiyi nümayəndə heyəti ilə görüş keçirmişdir. Qonaqları səmimi salamlayan Rövnəq Abdullayev İTOCHU Korporasiyasının prezidenti Keita İşini Yaponiya-Azərbaycan İqtisadi Komitəsinin həmsədri təyin olunması münasibəti ilə təbrik etmiş, İTOCHU ilə SOCAR-ın uzunmüddətli əməkdaşlıq əlaqələrindən danışmış, bu əlaqələrin inkişafı üçün geniş imkanlar olduğunu bildirmişdir.

Səmimi qəbula və təbrikə görə təşəkkürünü bildirən yapon nümayəndə heyətinin rəhbəri, ITOCHU korporasiyasının prezidenti Keita İşi Bakıya ilk dəfə gəldiyini söyləmiş, SOCAR-da olmaqdan məmnunluğunu ifadə etmişdir. İTOCHU-nun prezidenti SOCAR-la bütün istiqamətlərdə və formatlarda əməkdaşlıqda maraqlı olduqlarını söyləmişlər

SOCAR-ın prezidenti Azərbaycanda xarici investisiyanın qorunması üçün yaradılan şəraitdən ətraflı bəhs etmiş, yapon şirkətlərinin ölkəmizin neft-qaz sektorunda iştirakını yüksək qiymətləndirmişdir.

Xatırladaq ki, Yaponiyanın “İtochu” şirkəti “Əsrin kontraktı” çərçivəsində “Azəri-Çıraq-Günəşli” neft-qaz yatağının işlənilməsi, daha sonralar isə Bakı-Tbilisi-Ceyhan layihəsində və SOCAR-ın Türkiyədə inşa etdiyi STAR neft emalı zavodunun tikintisində iştirak edib.