Xəbərlər arxivi

3 Iyul 2019

SOCAR-da Baker Hughes GE şirkətinin nümayəndələri ilə görüş olmuşdur

+

İyulun 3-də SOCAR-ın prezidenti Rövnəq Abdullayev Baker Hughes GE şirkətinin sədri və Baş icraçı direktoru Lorenzo Simonellinin rəhbərlik etdiyi nümayəndə heyətini qəbul edib. Görüşdə dünya neft sənayesində baş verən cari dəyişikliklər və transformasiya prosesləri, eləcə də yeni və xüsusən rəqəmsal texnologiyaların neft sənayesində rolunun artması məsələləri müzakirə olunub. Şirkətlər arasında mövcud əməkdaşlığın dərinləşdirilməsi, SOCAR tərəfindən istismar edilən yataqlarda hasilatın artırılması, köhnə quyularda hasilatın bərpasıi, yeni layihələrdə sualtı texnologiyaların tətbiqi və s. ilə əlaqədar müasir rəqəmsal texnologiyaların istifadəsi üçün daha dayanıqlı əməkdaşlıq modeli ətrafında geniş fikir mübadiləsi aparılıb. Görüşdə Baker Hughes GE-nin SOCAR-ın Bakı Ali Neft Məktəbi ilə əməkdaşlığına toxunulmuş, Azərbaycanda yüksək səviyyəli kadrların hazırlanmasında bu əməkdaşlığın əhəmiyyəti qeyd olunmuşdur.

Baker Hughes GE Azərbaycanda 1990-cı ildə fəaliyyətə başlamışdır. Şirkət SOCAR-la yanaşı, BP, TOTAL, Equinor, eləcə də SOCAR-ın Caspian Drilling Company şirkətləri ilə əməkdaşlıq edir. Azərbaycanda Baker Hughes GE-nin 4 məhsulundan- Neft Xidmətləri (OFC), Neft Avadanlıqları (OFE), Turbo Maşın və Proses Həlli (DS), Ölçmə və Nəzarət (M&C) və Rəqəmli məhsullarından istifadə olunur.

Hazırda BHGE dünyada neft və qaz sektorunda avadanlıq, xidmət və rəqəmsal həlləri bir araya gətirən şirkət kimi fəaliyyət göstərir. Şirkət öz müştərilərinə karbohidrogenləri daha səmərəli, məhsuldar və təhlükəsiz şəkildə, ətraf mühit daha çox qayğı göstərməklə nəql etmək və təmizləmək sahəsində yardım edir.

3 Iyul 2019

SOCAR-da BMT İnkişaf Proqramının nümayəndə heyəti ilə görüş keçirilmişdir

+

İyulun 3-də SOCAR-ın Baş ofisində şirkətin prezidenti Rövnəq Abdullayev və BMT İnkişaf Proqramının (UNDP) Azərbaycandakı rezident nümayəndəsi Alessandro Frakassettinin rəhbərlik etdiyi nümayəndə heyətləri arasında görüş olmuşdur. Görüşdə SOCAR ilə UNDP arasında ekologiya və ətraf mühitin qorunması sahəsində əməkdaşlığın davam etdirilməsi istiqamətində fikir mübadiləsi aparılmış, perspektiv layihələr müzakirə edilmişdir. Nəzərə çatdırılmışdır ki, iqlim dəyişmələri, enerji səmərəliliyi, atmosferə atılan karbon qazının ixtisar edilməsi sahəsində və ümumilikdə birgə ekoloji layihələr hər iki qurumun maraq dairəsindədir. Görüşdə SOCAR və UNDP tərəfindən həyata keçirilən “Azərbaycanın yanacaq istehlakı sektorunda karbon emissiyalarının azaldılmasını təmin edən Milli Fəaliyyət Planı” (NAMA) layihəsi tamamladıqdan sonra bu və digər istiqamətlərdə, o cümlədən, neftlə çirklənmiş torpaq və suların təmizlənməsi, təmizlənmiş ərazilərdə yaşllıqlar salınması, qaz borularının modernizasiyası və s. üzrə layihələrin birgə işlənməsi perspektivləri müzakirə olunmuşdur.



2015-ci ilin iyul ayından etibarən SOCAR və UNDP-nin Azərbaycan Nümayəndəliyi tərəfindən “Azərbaycanın yanacaq istehlakı sektorunda karbon emissiyalarının azaldılmasını təmin edən Milli Fəaliyyət Planı” (NAMA) layihəsi icra olunur. 5 il müddətinə nəzərdə tutulmuş layihə Qlobal Ekoloji Fond (GEF) və BMT-nin İnkişaf Proqramı tərəfindən maliyyələşdirilir və SOCAR-ın İqlim Dəyişikliyinin Təsirlərinin Azaldılması Strategiyasını dəstəkləmək məqsədi daşıyır. Atmosferə karbon qazı tullantılarını minimuma endirən istehlak sektorları üzrə proqram xarakterli Milli Fəaliyyət Planına uyğun olaraq layihə çərçivəsində istixana effekti yaradan qaz emissiyası təsirlərinin azaldılması tədbirlərinin təşviqi və genişləndirilməsi müvafiq sahələrə pilot investisiya qoyuluşları vasitəsi ilə həyata keçirilməkdədir.