Xəbərlər arxivi

31 May 2019

SOCAR və TEKFEN yeni Karbamid zavodunun tikilməsinə dair anlaşma memorandumu imzaladılar

+

SOCAR-ın prezidenti Rövnəq Abdullayev Türkiyənin “TEKFEN” şirkətlər qrupunun İdarə Heyətinin sədri Murat Gigin və şirkətlər qrupunun prezidenti Cahit Oklapın rəhbərlik etdikləri nümayəndə heyəti ilə görüş keçirmişdir. Görüş çərçivəsində Rövnəq Abdullayev və Murat Gigin Azərbaycanda yeni Karbamid Zavodunun tikilməsinə dair qarşılıqlı anlaşma memorandumu imzalamışlar.

SOCAR uğurla ərsəyə gətirdiyi mövcud Karbamid Zavodunun tikintisində əldə etdiyi təcrübəyə əsaslanaraq Sumqayıtda gündəlik istehsal gücü 1200 ton ammonyak və 2000 ton karbamid həcmində olan yeni istehsalat obyektinin tikintisini nəzərdən keçirir. Memorandumda həmçinin mövcud və yeni gübrə kompleksinin məhsullarının marketinqi üzrə əməkdaşlıq nəzərdə tutulur.

Sənədə əsasən, növbəti mərhələdə şirkətlər arasında İşçi Qrup yaradılacaq və yeni zavodun inşası ilə bağlı yekun qərarın verilməsi üçün aşağıdakı məsələlər təhlil ediləcək:

• Tekfen Contracting Qrupuna daxil olan şirkətlərin sözügedən zavoddakı obyektlərin tikintisində EPC (mühəndislik, satınalma və inşaat-montaj) əsasında mümkün iştirakı;

• Tikiləcək obyektlərdə istehsal edilməsi planlaşdırılan və əlavə dəyər yaradacaq məhsulların marketinq, satış və paylanması işlərinin Tekfenin Türkiyə bazarında geniş diler şəbəkəsinə malik törəmə şirkəti Toros Tarım tərəfindən aparılması, yeni məhsulların inkişafı və dünyanın müxtəlif regionlarında bazara çıxarılması perspektivinin effektivliyi;

• Yeni kompleksin tikilib istifadəyə veriləcəyi dövr ərzində Toros Tarım-ın mövcud SOCAR Karbamid zavodunda istehsal olunan məhsulların marketinqi, satışı və paylanmasında mümkün rolu

• Yeni Karbamid zavodunda SOCAR və Tekfenin ortaq səhmdarlar qismində iştirak etməsi.

SOCAR bu gün şaquli inteqrasiya olunmuş çevik və yüksək rəqabət qabiliyyətli bir şirkət kimi neft və qaz sənayesinin müxtəlif sahələrində uğurla fəaliyyət göstərir. Son illərdə şirkət neft və qaz kimyası sənayesində fəaliyyətini əhəmiyyətli dərəcədə artırmış, Azərbaycanda polimer məhsulları və Karbamid gübrəsinin istehsalı üzrə yeni zavodlar inşa edərək istismara vermişdir. SOCAR Polymer və SOCAR Karbamid zavodları şirkətin dəyər zəncirində son həlqələr olaraq, öz xammalını SOCAR-ın digər müəssisələrindən əldə edir və bu sinerjidən böyük miqyasda əlavə dəyər yaranır. SOCAR Azərbaycanın gəlirlərinin artırılması və ölkədə yeni iş yerlərinin yaradılması məqsədi ilə yeni investisiya imkanlarını araşdırmaqda davam edir.

31 May 2019

SOCAR və IBM quyuların layihələndirilməsi üçün süni zəka aləti yaradırlar

+

Neft və qaz hasilatında yüksək nəticələrin əldə olunması məqsədilə qazma mühəndisliyində süni zəka kimi qabaqcıl texnologiya tətbiq olunur.

Azərbaycan Respublikası Dövlət Neft Şirkəti (SOCAR) və IBM birgə müəssisələri olan “Caspian Innovation Centre” (CIC) MMC vasitəsilə quyuların layihələndirilməsi üzrə süni zəka texnologiyası əsasında prototip alətin yaradıldığını bəyan etmişlər. Qazılacaq quyuların planlaşdırılması üçün yaradılan qabaqcıl texnologiya mühəndislik prinsipləri, quyuların layihələndirilməsi üzrə metodologiya və təcrübəni, habelə mürəkkəb məlumat bazasından istifadə edərək, mühəndislərə tez və effektiv şəkildə bir neçə konseptual quyu kosnstruksiyası yaratmağa, həmçinin layihələrin xərcləri və vaxtını planlaşdırmağa, əsas göstəriciləri ölçməyə və riskləri müəyyənləşdirməyə imkan verəcəkdir. “Aliyə” adlanan yeni alət əvvəl qazılmış quyulara dair məlumatlar əsasında bir neçə saniyə ərzində mürəkkəb analitik əməliyyatları yerinə yetirə bilir. Belə bir prosedur yalnız insan tərəfindən yerinə yetiriləndə bir aydan çox vaxt tələb edir. Yeni texnologiyanın əsas xüsusiyyəti bunda ibarətdir ki, süni zəkaya əsaslanan təhlilləri artıq quyunun planlaması mərhələsində tətbiq edir.

Neft-qaz sənayesində istifadə olunan süni zəkanın bir hissəsi ilk dəfə “Woodside” şirkəti tərəfindən tətbiq olunmuşdur və CIC-nin işləyib hazırladığı quyuların planlama prototipinin təməlində dayanır. Bu texnologiya quyuların layihələndirilməsi zamanı bir neçə süni zəka mühərrikinin tətbiqi vasitəsi ilə müxtəlif risklərin müəyyənləşdirilməsinə imkan verir.

SOCAR-ın yataqların işlənməsi üzrə vitse-prezidenti Yaşar Lətifov demişdir: “Süni zəka əsasında quyuların planlama prototipinin təşəbbüskarı olan SOCAR-ın Qazma şöbəsi və IBM-in texnologiya və məlumatların təhlili üzrə mütəxəssislərinə təşəkkürümü bildirirəm. 2018-ci ilin noyabrında bu təşəbbüsə start verildiyi zaman mən tam əmin idim ki, bu əməkdaşlıq nəticəsində, 2019-cu ilin fevralında Bakıda Beynəlxalq Qazma Podratçıları Assosiasiyasının (IADC) konfransına real bir layihə təqdim edəcəyik. Amma həmkarlarım bundan da tez, artıq iki ay sonra -yanvar ayında “Aliyə”ni mənə təqdim edəndə heyrətə gəldim”.

Cənab Lətifov daha sonra demişdir: “Bu, kiçik bir addım olsa da, bütün sənaye üzrə quyuların layihələndirilməsi və məlumatların idarə olunması sahəsində qarşımızda nəhəng imkanlar açır. Sevindirici haldır ki, dünyada ilk neft quyusunun qazılmasından 170 il və “Neft Daşları” kimi əfsanəvi dəniz yatağında dünyanın ilk ofşor quyusunun qazılmasından 70 il ötəndən sonra, Azərbaycanın belə bir zəngin tarixi irsə malik olan milli brendi SOCAR dünyanın aparıcı şirkətlərindən biri olan IBM ilə birlikdə bu cür mütərəqqi texnologiyanı yaratmaqla neft-qaz sənayesinə daha bir töhfə verdi”.

SOCAR-ın kadr, rejim və informasiya texnologiyaları üzrə vitse-prezidenti Xalik Məmmədov demişdir: “IBM ilə birlikdə biz yeni və maraqlı bir dövrün astanasındayıq. Əməkdaşlığımız SOCAR-ın milli neft-qaz hasilatçısı kimi öz dəyərini artırmaq missiyasında misilsiz rol oynaycaqdır. “Aliyə” əməliyyatlarımızın tammiqyaslı rəqəmsallaşmasına doğru atılan ilk addımdır. Biz neft-qaz sənayesinin bütün sahələrində apardığımız əməliyyatların rəqəmsallaşması üçün CIC ilə birlikdə, parallel olaraq, bir neçə layihə üzərində işləyirik. “Sənaye 4.0” artıq korporativ strategiyamızın zəruri və ayrılmaz tərkib hissəsinə çevrilmişdir. SOCAR kimi aparıcı şirkətlərin gələcək uğuru məhz süni zəka kimi müasir hesablama və məlumatların təhlili texnologiyalarının zamanında tətbiq etməsi ilə bağlıdır”.

SOCAR və IBM gələcəkdə “İnnovativ Qaraj” layihəsi çərçivəsində yerin və dənizin təkində aparılan kəşfiyyat-hasilat əməliyyatlarında, quyularda, satınalma və təchizat zəncirinin idarə olunmasında və SOCAR-ın bir çox digər əməliyyat sahələrində süni zəka texnologiyasının tətbiqini və şirkətin mövcud rəqəmsallaşma strategiyası ilə uzlaşdırılmasını planlaşdırırlar.

IBM süni zəkaya əsaslanan “bulud” platforması vasitəsilə ilkin quyu planlanması prototipinin yaradılmasından məmnunluğunu ifadə etmiş, CIC birgə müəssisəsi çərçivəsində SOCAR ilə əməkdaşlığını dərinləşdirmək və neft-qaz sənayesinin bütün dəyər zənciri üzrə süni zəka texnologiyasını tətbiq etmək niyyətində olduğunu bəyan etmişdir.

Redaktorlar üçün qeyd:
IBM haqqında: IBM sənaye və texnologiyanın kəsişməsində məskunlaşır. Süni zəka və məlumat təhlilinə əsaslanan platforması vasitəsilə təbii ehtiyat sənayesindən olan müştərilərə geoloji risklərin daha yaxşı idarə edilməsi, qazma hədəflərinin proqnozlaşdırılması, işçilərin təhlükəsizliyinin artırılması, aktivlərin optimallaşdırılması və əməliyyat səmərəliliyinin yüksəldilməsi üçün müvafiq biznes modellərini tətbiq etməyə imkanlar yaradır.