Xəbərlər arxivi

31 May 2019

SOCAR və TEKFEN yeni Karbamid zavodunun tikilməsinə dair anlaşma memorandumu imzaladılar

+

SOCAR-ın prezidenti Rövnəq Abdullayev Türkiyənin “TEKFEN” şirkətlər qrupunun İdarə Heyətinin sədri Murat Gigin və şirkətlər qrupunun prezidenti Cahit Oklapın rəhbərlik etdikləri nümayəndə heyəti ilə görüş keçirmişdir. Görüş çərçivəsində Rövnəq Abdullayev və Murat Gigin Azərbaycanda yeni Karbamid Zavodunun tikilməsinə dair qarşılıqlı anlaşma memorandumu imzalamışlar.

SOCAR uğurla ərsəyə gətirdiyi mövcud Karbamid Zavodunun tikintisində əldə etdiyi təcrübəyə əsaslanaraq Sumqayıtda gündəlik istehsal gücü 1200 ton ammonyak və 2000 ton karbamid həcmində olan yeni istehsalat obyektinin tikintisini nəzərdən keçirir. Memorandumda həmçinin mövcud və yeni gübrə kompleksinin məhsullarının marketinqi üzrə əməkdaşlıq nəzərdə tutulur.

Sənədə əsasən, növbəti mərhələdə şirkətlər arasında İşçi Qrup yaradılacaq və yeni zavodun inşası ilə bağlı yekun qərarın verilməsi üçün aşağıdakı məsələlər təhlil ediləcək:

• Tekfen Contracting Qrupuna daxil olan şirkətlərin sözügedən zavoddakı obyektlərin tikintisində EPC (mühəndislik, satınalma və inşaat-montaj) əsasında mümkün iştirakı;

• Tikiləcək obyektlərdə istehsal edilməsi planlaşdırılan və əlavə dəyər yaradacaq məhsulların marketinq, satış və paylanması işlərinin Tekfenin Türkiyə bazarında geniş diler şəbəkəsinə malik törəmə şirkəti Toros Tarım tərəfindən aparılması, yeni məhsulların inkişafı və dünyanın müxtəlif regionlarında bazara çıxarılması perspektivinin effektivliyi;

• Yeni kompleksin tikilib istifadəyə veriləcəyi dövr ərzində Toros Tarım-ın mövcud SOCAR Karbamid zavodunda istehsal olunan məhsulların marketinqi, satışı və paylanmasında mümkün rolu

• Yeni Karbamid zavodunda SOCAR və Tekfenin ortaq səhmdarlar qismində iştirak etməsi.

SOCAR bu gün şaquli inteqrasiya olunmuş çevik və yüksək rəqabət qabiliyyətli bir şirkət kimi neft və qaz sənayesinin müxtəlif sahələrində uğurla fəaliyyət göstərir. Son illərdə şirkət neft və qaz kimyası sənayesində fəaliyyətini əhəmiyyətli dərəcədə artırmış, Azərbaycanda polimer məhsulları və Karbamid gübrəsinin istehsalı üzrə yeni zavodlar inşa edərək istismara vermişdir. SOCAR Polymer və SOCAR Karbamid zavodları şirkətin dəyər zəncirində son həlqələr olaraq, öz xammalını SOCAR-ın digər müəssisələrindən əldə edir və bu sinerjidən böyük miqyasda əlavə dəyər yaranır. SOCAR Azərbaycanın gəlirlərinin artırılması və ölkədə yeni iş yerlərinin yaradılması məqsədi ilə yeni investisiya imkanlarını araşdırmaqda davam edir.

31 May 2019

SOCAR və IBM quyuların layihələndirilməsi üçün süni zəka aləti yaradırlar

+

Neft və qaz hasilatında yüksək nəticələrin əldə olunması məqsədilə qazma mühəndisliyində süni zəka kimi qabaqcıl texnologiya tətbiq olunur.

Azərbaycan Respublikası Dövlət Neft Şirkəti (SOCAR) və IBM birgə müəssisələri olan “Caspian Innovation Centre” (CIC) MMC vasitəsilə quyuların layihələndirilməsi üzrə süni zəka texnologiyası əsasında prototip alətin yaradıldığını bəyan etmişlər. Qazılacaq quyuların planlaşdırılması üçün yaradılan qabaqcıl texnologiya mühəndislik prinsipləri, quyuların layihələndirilməsi üzrə metodologiya və təcrübəni, habelə mürəkkəb məlumat bazasından istifadə edərək, mühəndislərə tez və effektiv şəkildə bir neçə konseptual quyu kosnstruksiyası yaratmağa, həmçinin layihələrin xərcləri və vaxtını planlaşdırmağa, əsas göstəriciləri ölçməyə və riskləri müəyyənləşdirməyə imkan verəcəkdir. “Aliyə” adlanan yeni alət əvvəl qazılmış quyulara dair məlumatlar əsasında bir neçə saniyə ərzində mürəkkəb analitik əməliyyatları yerinə yetirə bilir. Belə bir prosedur yalnız insan tərəfindən yerinə yetiriləndə bir aydan çox vaxt tələb edir. Yeni texnologiyanın əsas xüsusiyyəti bunda ibarətdir ki, süni zəkaya əsaslanan təhlilləri artıq quyunun planlaması mərhələsində tətbiq edir.

Neft-qaz sənayesində istifadə olunan süni zəkanın bir hissəsi ilk dəfə “Woodside” şirkəti tərəfindən tətbiq olunmuşdur və CIC-nin işləyib hazırladığı quyuların planlama prototipinin təməlində dayanır. Bu texnologiya quyuların layihələndirilməsi zamanı bir neçə süni zəka mühərrikinin tətbiqi vasitəsi ilə müxtəlif risklərin müəyyənləşdirilməsinə imkan verir.

SOCAR-ın yataqların işlənməsi üzrə vitse-prezidenti Yaşar Lətifov demişdir: “Süni zəka əsasında quyuların planlama prototipinin təşəbbüskarı olan SOCAR-ın Qazma şöbəsi və IBM-in texnologiya və məlumatların təhlili üzrə mütəxəssislərinə təşəkkürümü bildirirəm. 2018-ci ilin noyabrında bu təşəbbüsə start verildiyi zaman mən tam əmin idim ki, bu əməkdaşlıq nəticəsində, 2019-cu ilin fevralında Bakıda Beynəlxalq Qazma Podratçıları Assosiasiyasının (IADC) konfransına real bir layihə təqdim edəcəyik. Amma həmkarlarım bundan da tez, artıq iki ay sonra -yanvar ayında “Aliyə”ni mənə təqdim edəndə heyrətə gəldim”.

Cənab Lətifov daha sonra demişdir: “Bu, kiçik bir addım olsa da, bütün sənaye üzrə quyuların layihələndirilməsi və məlumatların idarə olunması sahəsində qarşımızda nəhəng imkanlar açır. Sevindirici haldır ki, dünyada ilk neft quyusunun qazılmasından 170 il və “Neft Daşları” kimi əfsanəvi dəniz yatağında dünyanın ilk ofşor quyusunun qazılmasından 70 il ötəndən sonra, Azərbaycanın belə bir zəngin tarixi irsə malik olan milli brendi SOCAR dünyanın aparıcı şirkətlərindən biri olan IBM ilə birlikdə bu cür mütərəqqi texnologiyanı yaratmaqla neft-qaz sənayesinə daha bir töhfə verdi”.

SOCAR-ın kadr, rejim və informasiya texnologiyaları üzrə vitse-prezidenti Xalik Məmmədov demişdir: “IBM ilə birlikdə biz yeni və maraqlı bir dövrün astanasındayıq. Əməkdaşlığımız SOCAR-ın milli neft-qaz hasilatçısı kimi öz dəyərini artırmaq missiyasında misilsiz rol oynaycaqdır. “Aliyə” əməliyyatlarımızın tammiqyaslı rəqəmsallaşmasına doğru atılan ilk addımdır. Biz neft-qaz sənayesinin bütün sahələrində apardığımız əməliyyatların rəqəmsallaşması üçün CIC ilə birlikdə, parallel olaraq, bir neçə layihə üzərində işləyirik. “Sənaye 4.0” artıq korporativ strategiyamızın zəruri və ayrılmaz tərkib hissəsinə çevrilmişdir. SOCAR kimi aparıcı şirkətlərin gələcək uğuru məhz süni zəka kimi müasir hesablama və məlumatların təhlili texnologiyalarının zamanında tətbiq etməsi ilə bağlıdır”.

SOCAR və IBM gələcəkdə “İnnovativ Qaraj” layihəsi çərçivəsində yerin və dənizin təkində aparılan kəşfiyyat-hasilat əməliyyatlarında, quyularda, satınalma və təchizat zəncirinin idarə olunmasında və SOCAR-ın bir çox digər əməliyyat sahələrində süni zəka texnologiyasının tətbiqini və şirkətin mövcud rəqəmsallaşma strategiyası ilə uzlaşdırılmasını planlaşdırırlar.

IBM süni zəkaya əsaslanan “bulud” platforması vasitəsilə ilkin quyu planlanması prototipinin yaradılmasından məmnunluğunu ifadə etmiş, CIC birgə müəssisəsi çərçivəsində SOCAR ilə əməkdaşlığını dərinləşdirmək və neft-qaz sənayesinin bütün dəyər zənciri üzrə süni zəka texnologiyasını tətbiq etmək niyyətində olduğunu bəyan etmişdir.

Redaktorlar üçün qeyd:
IBM haqqında: IBM sənaye və texnologiyanın kəsişməsində məskunlaşır. Süni zəka və məlumat təhlilinə əsaslanan platforması vasitəsilə təbii ehtiyat sənayesindən olan müştərilərə geoloji risklərin daha yaxşı idarə edilməsi, qazma hədəflərinin proqnozlaşdırılması, işçilərin təhlükəsizliyinin artırılması, aktivlərin optimallaşdırılması və əməliyyat səmərəliliyinin yüksəldilməsi üçün müvafiq biznes modellərini tətbiq etməyə imkanlar yaradır.

24 May 2019

SOCAR-da Əfqanıstan İslam Respublikasının Ticarət və Sənaye naziri ilə görüş keçirilmişdir

+

Mayın 24-də SOCAR-ın prezidenti Rövnəq Abdullayev Əfqanıstan İslam Respublikasının Ticarət və sənaye naziri Acmal Əhmədinin rəhbərlik etdiyi nümayəndə heyəti ilə görüşmüşdür. Görüşdə tərəflər Əfqanıstan və Azərbaycan arasında uzunmüddətli əlaqələrin qurulmasında və inkişaf etdirilməsində maraqlı olduqlarını ifadə etmişlər. Son illərdə Azərbaycanın neft məhsullarının Əfqanıstanın yanacaq bazarına idxal olunduğu bildirilmiş, dövlət səviyyəsində əməkdaşlığın genişləndirilməsi ilə bağlı fikir mübadiləsi aparılmışdır.

Əfqanıstan İslam Respublikasının Ticarət və sənaye naziri Acmal Əhmədi ölkəsinin yanacaq bazarı ilə bağlı məlumat vermiş, idxalın şaxələndirilməsi məqsədi ilə SOCAR-la əməkdaşlığın yeni müstəviyə qaldırılmasında maraqlı olduqlarını və SOCAR-ın Əfqanıstana idxal etdiyi neft məhsullarının çeşidinin, eləcə də həcminin artırılması ilə bağlı təkliflə çıxış etmişdir.

Qeyd edək ki, SOCAR hazırda satış, nəql və ticarət əməliyyatlarını dünyanın 40-dan artıq ölkəsində, 100-dən artıq satış məntəqəsində həyata keçirir.

14 May 2019

Qalmaz yeraltı qaz anbarında yeni kompressor stansiyası istismara verildi

+

• İstismara verilən yeni kompressor stansiyası Qalmaz yeraltı qaz anbarının sutkalıq məhsuldarlığını 30%, yaxud 13 milyon m3-dək artırır

• Qalmaz Yeraltı Qaz Anbarının həcmi 1,5 milyard m3-ə çatdırılır

• Əlavə qaz həcmləri hesabına qış aylarında abonentlərə tələbata uyğun daha böyük həcmdə təbii qaz çatdırılacaq Mayın 14-də SOCAR-ın prezidenti Rövnəq Abdullayevin iştirakı ilə Qalmaz yeraltı qaz anbarının qaz həcminin 1 milyard m3-dən 1,5 milyard m3-ə çatdırılması məqsədi ilə inşa edilmiş 3 saylı yeni kompressor stansiyasının istismara verilməsi mərasimi keçirilmişdir. Gündəlik məhsuldarlığı 3 milyon m3 həcmində olan yeni kompressor stansiyası Qalmaz yeraltı qaz anbarının sutkalıq məhsuldarlığını 30% artıraraq, 10 milyon m3-dən 13 milyon m3-ə çatdıracaq. Anbara əlavə qaz həcmlərinin vurulması təbii qaza olan tələbatın kəskin artdığı qış aylarında tədarük edilmiş qaz həcmlərinin daha böyük həcmdə çıxarılması və istehlakçılara çatdırılması üçün şərait yaradır.

Yeni stansiya SOCAR-ın “Nefqazelmitədqiqatlayihə” İnstitutu tərəfindən layihələndirilmiş, inşası “Azneft” İstehsalat Birliyinin sifarişi əsasında SOCAR-ın “Neftqaztikinti” Tresti tərəfindən həyata keçirilmişdir. Layihəyə əsasən stansiya həm bir pilləli, həm də iki pilləli rejimdə işləyəcəkdir.

SOCAR-ın prezidenti Rövnəq Abdullayev demişdir: “Yeraltı qaz anbarlarını genişləndirməkdə əsas məqsədimiz ölkənin artan daxili tələbatını təmin etmək, istehlakçılara təbii qazı maksimum sürət və səmərə ilə çatdırmaqdır. Biz yay aylarında yeraltı qaz anbarlarına təbii qazı tədarük edir, qış aylarında isə tələbat artdıqca anbarlardan çıxarıb istehlakçılara çatdırırıq. Yeni kompressor stansiyası vasitəsi ilə təbii qaz anbara daha böyük həcmlərdə vurulacaq, abonentlərə daha çox mavi yanacaq çatdırılacaqdır.”

Qalmaz Yeraltı Qaz Anbarı 1975-ci ildə “Qalmaz” neft-qaz yatağının şimal-qərb hissəsində yaradılmışdır. Qalmaz neft-qaz yatağı Aşağı Kür çökəkliyinin şimal-şərq hissəsində Bakı şəhərindən 75 km cənub-qərbdə yerləşir. Sahəsi 975 hektardır. Qalmaz Yeraltı Qaz Anbarı məhsuldar qatın I, II, Abşeron və Ağcagil horizontlarında yaradılıb.

10 May 2019

SOCAR rəhbərliyi və şirkətin coxminli kollektivinin təmsilçiləri Ulu öndər Heydər Əliyevin məzarını ziyarət etmişdir

+

Mayın 10-da SOCAR-ın rəhbərliyi və şirkətin çoxminli kollektivinin təmsilçiləri xalqımızın ümummilli lideri Heydər Əliyevin anadan olmasının 96-cı ildönümü ilə əlaqədar Ulu öndərin Fəxri xiyabandakı məzarını ziyarət etmişlər. Şirkət nümayəndələri suveren Azərbaycan dövlətinin qurucusu və memarı, müstəqilliyimizin əbədiliyinin qarantına çevrilmiş, iqtisadiyyatımızın inkişafında, milli dövlətçiliyimizin möhkəmlənməsində müstəsna rol oynamış enerji strategiyasının banisi Ulu öndər Heydər Əliyevin unudulmaz xatirəsinə Azərbaycan neftçilərinin bəslədiyi dərin hörmət və ehtiramın ifadəsi olaraq ümumilli liderin məzarı üzərinə tər çiçəklər düzmüş, onun ruhu qarşısında baş əymişlər.

9 May 2019

Neftçi müharibə veteranları  faşizm üzərində qələbənin 74-cü ildönümü münasibətilə SOCAR-ın “Fəxri neftçi” döş nişanları ilə təltif ediliblər

+

İkinci Dünya Müharibəsində qazanılmış tarixi qələbədə Azərbaycan nefti və neftçiləri həlledici rol oynayıb. Müharibə illərində Sovet İttifaqında hasil olunan neftin dörddə üç hissəsi, emal olunan aviasiya benzini və yüksəkkeyfiyyətli yağların isə 85-90%-i Azərbaycanın payına düşüb. 1941-ci ildə Azərbaycan tarixində rekord səviyyədə - 23,5 milyon ton neft istehsal olunub və bu, SSRİ üzrə neft hasilatının  71,4%-ni təşkil edib. Ümumilikdə, müharibə illərində Azərbaycan neftçiləri ölkəyə 75 milyon ton neft, 22 milyon ton benzin və digər neft məhsulları veriblər.

Ulu Öndər Heydər Əliyev müharibə veteranlarını “Xalqımızın qızıl fondu” adlandırırdı.  Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev müharibə veteranlarının sosial problemlərinin həlli istiqamətində daim mühüm addımlar atır, hər il 9 May - Qələbə bayramı ərəfəsində onlara dövlətimiz tərəfindən birdəfəlik maddi yardımlar göstərilir. Müharibə veteranlarına qayğı, onlara maddi və mənəvi dəstək göstərilməsi SOCAR-da da diqqət mərkəzindədir.

Faşizm üzərində qələbənin 74-cü ildönümü münasibəti ilə SOCAR neft sənayesnin keçmiş əməkdaşlarından 17 nəfərini “Fəxri neftçi” döş nişanı ilə təltif edib. Bakı, Sumqayıt, Siyəzən, Salyan və Qaradağda yaşayan neftçi müharibə veteranlarından  9 nəfəri “Azneft” İstehsalat Birliyi, 3 nəfəri Kompleks Qazma İşləri Tresti, 1 nəfəri “Neftqaztikinti” Tresti, 1 nəfəri “Azərikimya” İB, 1 nəfəri Heydər Əliyev adına Neft Emalı Zavodu, 1 nəfəri “Neftqazelmitədqiqatlayihə” İnstitutu, 1 nəfəri isə Geologiya və geofizika idarəsində çalışıblar. SOCAR-ın məsul şəxsləri Qələbə günü ərəfəsində veteranlarla görüşərək, onları təbrik etmiş, “Fəxri Neftçi” döş nişanları və pul mükafatlarını onlara təqdim etmişlər.

Xatırladaq ki, İkinci Dünya müharibəsində faşizm üzərində qələbənin qazanılmasında döyüş cəbhələrinə 700 min oğul və qızını  yollamış  Azərbaycan xalqının xüsusi rolu olub. Müharibədə  göstərdikləri igidliyə görə 123 nəfər həmvətənimiz Sovet İttifaqı Qəhrəmanı adına layiq görülüb, 170 mindən çox azərbaycanlı əsgər və zabit müxtəlif orden və medallarla təltif edilib. Qanlı döyüşlərdə 300 mindən çox azərbaycanlı  həlak olub. Azərbaycanlılardan təşkil edilmiş diviziyalar Qafqazdan Berlinədək döyüş yolu keçib, yüzlərlə həmyerlimiz partizan dəstələrinin tərkibində vuruşub.







6 May 2019

SOCAR-ın Elm Fondu qrant müsabiqəsi keçirəcək

+

SOCAR-ın Elm Fondu dövlət və cəmiyyət üçün əhəmiyyət kəsb edən fundamental və innovasiya yönümlü elmi tədqiqat layihələrini və digər elmi tədbirləri hər zaman dəstəkləyib. Fond tərəfindən AMEA-da neft, qaz və kimya sənayəsi ilə bağlı aktual problemlərin tədqiqi ilə məşğul olan alimlərin fəaliyyətini stimullaşdırmaq, eləcə də onlara əlavə yaradıcılıq imkanları yaratmaq məqsədilə 2019-cu il üçün müsabiqə elan olunub.

Müsabiqə şərtləri ilə bu keçiddə tanış ola bilərsiniz.