Xəbərlər arxivi

16 Aprel 2019

2019-cu ilin I rübündə ölkə üzrə qaz hasilatı 25,1% artıb

+

• “Ümid” yatağında SOCAR üzrə ən yüksək debitli quyu qazılıb istismara verilmişdir; quyudan illik 900 mln m3-dək təbii qaz hasil olunacaq

• Rüb ərzində ölkədə 9 mlrd. m3-dən çox təbii qaz hasil edilmişdir ki, bu da ötən ilin müvafiq dövrü ilə müqayisədə 25,1% artım deməkdir

• Hesabat dövründə neftin hasilatı stabil qalmışdır

• Təbii qaz ixracının dinamikasında rüb ərzində 27%, neft və neft-kimya məhsullarının ixracında isə 10,5% artım qeydə alınmışdır
2019-cu ilin birinci rübündə SOCAR tərəfdaş şirkətlər ilə birlikdə ölkədə neft hasilatını stabil səviyyədə saxlamaqla yanaşı, qaz hasilatında ciddi artıma nail olmuşdur. Ölkə üzrə qaz hasilatı ötən ilin müvafiq dövrü ilə müqayisədə 25,1% artaraq, 9,11 mlrd m3, neft hasilatı 0,15% artaraq, 9,72 mln ton, təşkil etmişdir. SOCAR üzrə 1,853 mln ton neft, 1,564 mlrd m3 qaz hasil olunmuşdur.

Qaz hasilatının artırılması istiqamətində SOCAR-ın “Ümid” yatağında 6810 metr dərinliyə qazıb istismara verdiyi yeni quyu xüsusi qeyd edilməlidir. Şirkət üzrə ən yüksək debitə malik bu quyuda qazma işləri mürəkkəb geoloji strukturda bir çox texniki üsullardan ilk dəfə tətbiq edilməklə təhlükəsiz şəraitdə tamamlamışdır. Quyunun potensial hasilatı gündəlik 2,5 mln m3 qaz, 400 ton kondensat həcmində qiymətləndirilir. Bundan əlavə 5940 - 6810 metr dərinliyindən süxur nümunələri götürülmüş, temperatur və lay təzyiqi barədə məlumatlar əldə edilmişdir.

Layihənin mühəndislik dizaynı SOCAR-ın “Neftqazelmitədqiqatlayihə” İnstitutu tərəfindən yerinə yetirilmişdir. Layihə SOCAR-ın “Ümid-Babək” Əməliyyat Şirkəti tərəfindən idarə edilmiş, qazma üzrə podratçı “SOCAR AQŞ MMC” olmuşdur. Digər podratçılar, o cümlədən Baker Hughes GE Company, Cameron, Sumitomo, Azeri MI, Weatherford, Schlumberger, Interwell, Azorel, AXDG, CMS, Azlab MMC layihənin uğurla həyata keçirilməsinə mühüm töhfə vermişlər. Ümumilikdə hesabat dövrü ərzində SOCAR üzrə 405 min metrdən artıq qazma işləri həyata keçirilmişdir.

SOCAR-ın prezidenti Rövnəq Abdullayev demişdir: “Ümid” yatağı Azərbaycanın müstəqillik dövründə SOCAR geoloqlarının ən böyük kəşfidir. Olduqca mürəkkəb geoloji strukturda yerləşdiyinə baxmayaraq, qazmaçılarımız bu quyuda bütün təbii maneələrə qalib gəldilər. Müxtəlif texnoloji həlləri ilk dəfə burada tətbiq edərək, quyunu 6800 metrdən artıq, Şirkət üzrə rekord dərinlikdə tamamlayan qazmaçılarımız SOCAR-ın ən yüksək debitli quyusunu uğurla istismara təhvil verdilər. Potensial hasilatı ildə təqribən 900 mln m3 həcmində qiymətləndirilən bu məhsuldar quyunun istismara verilməsi münasibəti ilə “Ümid-Babək” Əməliyyat Şirkətimizin kollektivini, bütün Azərbaycan neftçilərini və əziz xalqımızı ürəkdən təbrik edirəm.”

Cari ilin birinci rübündə SOCAR tərəfindən 5.86 mln tona yaxın xam neft ixrac olunmuş, qaz ixracı ölkə üzrə artaraq 3,27 mlrd m3 təşkil etmişdir ki, bu da 2018-ci ilin analoji dövrünə nisbətən 27% çoxdur. Xatırladaq ki, ölkə və SOCAR-ın ixrac etdiyi qazın həcminin artmasının əsas səbəbi Cənub Qaz Dəhlizi layihəsi vasitəsilə Şahdəniz-2 qazının Türkiyəyə nəql edilməyə başlamasıdır. İndiyə qədər sözügedən boru kəməri vasitəsilə 1,4 mlrd m3 kommersiya məqsədli qaz nəql edilmişdir. Neft və neft-kimya məhsullarının ixracı yanvar-mart aylarında təqribən 4568 min ton təşkil etmiş, bununla da əvvəlki ilin analoji dövrünə nisbətən 10,5 faiz artım qeydə alınmışdır.

1 - 9,075 mlrd m3

2 - 9,694 mln ton

3 - 1,846 mln ton

4 - 1,561 mlrd m3

5 - 40303 metr

6 - 5,790 mln ton

7 - 3,161 mlrd m3

8 - 456379 ton