Xəbərlər arxivi

29 Aprel 2019

SOCAR prezidenti “Petronas” şirkətinin prezidenti ilə görüşüb

+

Aprelin 29-da SOCAR-ın prezidenti Rövnəq Abdullayev Formula 1 SOCAR Azərbaycan Qran Prisi ilə əlaqədar ölkəmizdə səfərdə olan Malaziyanın “Petronas” şirkətinin prezidenti Tan Sri Van Zulkifli Van Ariffinin başçılıq etdiyi nümayəndə heyətini qəbul etmişdir. SOCAR-ın prezidenti qonaqları Mercedes-AMG Petronas Motorsport komandasının Formula 1 SOCAR Azərbaycan Qran Prisində uğur qazanması münasibəti ilə təbrik etdmişdir. “Petronas” şirkətinin rəhbərliyi Formula 1 SOCAR Azərbaycan Qran Prisinin hər il yüksək səviyyədə keçirildiyini qeyd edərək, minnətdarlığını bildirmişlər.

Görüşdə SOCAR və Petronas arasında mövcud tərəfdaşlıq məsələləri müzakirə olunmuş, o cümlədən, “Şahdəniz” layihəsinin yüksək səviyyədə inkişaf etdirilməsi ilə bağlı qonaqlara məlumat verilmişdir. Bildirilmişdir ki, Şahdəniz yatağının işənməsinin ikinci mərhələsi və Cənub Qaz Dəhlizinin digər seqmentləri üzrə işlər tam sürətlə, bəzən hətta qrafiki qabaqlamaqla yerinə yetirilir. Şirkətlər arasında hasilat, satış və digər sahələrdə əməkdaşlıq perspektivlərinin müzakirə edildiyi görüşdə qeyd olunmuşdur ki, maraq doğuran müxtəlif sahələrdə tərəfdaşlıq imkanlarının dəqiqləşdirilməsi aparılacaq. Tan Sri Van Zulkifli Van Ariffin bu cür yüksək səviyyəli görüşlərin faydalı olduğunu bildirmiş, gələcəkdə Bakıda və Malaziyada növbəti görüşlərin keçirilməsi ilə bağlı fikirlərini bölüşmüşdür.

Xatırladaq ki, Malayziyanın “Petronas” şirkəti “Şahdəniz” yatağının işlənməsi layihəsində 15,5%, Cənubi Qafqaz boru kəməri layihəsində 15,5%, həmçinin Azerbaijan Gas Supply Company şirkətində 12,4% pay sahibidir.

19 Aprel 2019

AÇG Rəhbər Komitəsi 6 milyard dollarlıq “Azəri Mərkəzi-Şərqi” layihəsini təsdiq etmişdir

+

• Xəzər dənizində nəhəng AÇG yatağının işlənməsinin növbəti mərhələsi başlayır

• Gündəlik hasilat gücü 100 000 barrel olan yeni platformanın 2023-cü ildə istifadəyə verilməsi gözlənilir

• Yeni layihənin başlanğıcı “Əsrin müqaviləsi”nin 25-ci ildönümünə təsadüf edir “Azəri”, “Çıraq” yataqlarının və “Günəşli” yatağının dərinsulu hissəsinin (AÇG) işlənməsi üzrə Rəhbər Komitə (SOCAR, BP, Chevron, INPEX, Equinor, ExxonMobil, TPAO, ITOCHU və ONGC Videsh) bu gün Xəzər dənizinin Azərbaycan sektorunda nəhəng AÇG yatağının işlənməsinin növbəti mərhələsi olan “Azəri Mərkəzi-Şərqi” (AMŞ) layihəsini təsdiqləmişdir.

6 milyard dollarlıq layihəyə yeni dəniz platforması və gündəlik 100 000 barrel neft hasilatını təmin edəcək qurğular daxildir. Platformanın istismar müddəti ərzində 300 milyon barrel neftin hasil oluması proqnozlaşdırılır. İlk hasilatın başlaması 2023-cü ildə gözlənilir.

Bu, 2017-ci ildə AÇG üzrə Hasilatın Pay Bölgüsü sazişinin (HPBS) 2049-cu ilə qədər uzadılmasından sonra ilk böyük investisiya qərarıdır. 1994-cü ildə birinci AÇG HPBS-nin imzalanmasından ötən 25 il ərizndə AÇG sahəsinin işlənməsinə ümumilikdə 36 milyard dollardan çox investisiya qoyulmuşdur.

Layihə üzrə tikinti işlərinə bu il başlanacaq. 2022-ci ilin ortalarına qədər davam edəcək tikinti prosesində yerli işçi resurslarından istifadə olunacaq. İnşaat işlərinin pik dövründə 8000 işçinin cəlb olunacağı gözlənilir.

SOCAR-ın prezidenti Rövnəq Abdullayev demişdir: “Bu gün biz 25 il əvvəl “Əsrin Müqaviləsi” ilə ölkənin rifahı naminə əsası qoyulmuş AÇG yataqlar blokunun inkişafının daha bir mühüm mərhələnin astanasındayıq. Ötən onilliklərdə SOCAR Azərbaycanın neft gəlirlərini ölkədə yüksək ixtisaslı işçi qüvvəsinin və müasir sənaye obyektlərinin inkişafına yönləndirmişdir. Bu gün artıq bizim dünya standartlarına cavab verən zavodlarımız, istehsalat və quraşdırma komplekslərimiz, gəmilərimiz və bacarıqlı işçi qüvvəmiz var. Əlimizdə olan bütün bu imkanlar yeni “Azəri Mərkəzi-Şərqi” platformasının məhz ölkə daxilində Azərbaycan mütəxəssisləri tərəfindən tikilməsi və quraşdırılması üçün şərait yaratmışdır.

Layihə çərçivəsində biz 3 milyard barreldən çox əlavə neftin hasil olunmasını gözləyirik. Bu strateji qərar Azərbaycanın enerji təchizatçısı kimi regional və dünya bazarlarında mövqelərinin daha da güclənməsinə təkan verəcək”.

Bu məsələ haqqında BP-nin baş icraçı direktoru Bob Dadli deyib: “Birgə fəaliyyətimizin ötən 25 ili ərzində bizim uğurlu tərəfdaşlığımız Azərbaycan xalqının dünya səviyyəli aktivlərini xalq üçün böyük mənfəətə çevirmişdir. AÇG-nin gələcəyi həmin irsin üzərində qurulacaq və növbəti 25 ilin də eyni cür parlaq olmasını təmin edəcək.”

BP-nin Azərbaycan, Gürcüstan və Türkiyə üzrə regional prezidenti Qəri Cons əlavə olaraq, bildirdi: “Bugünkü bəyanat Hasilatın Pay Bölgüsü sazişini uzadarkən qarşıya qoyduğumuz uzunmüddətli hasilat planlarını dəstəkləyir. Bu qərar Azərbaycan hökuməti və SOCAR-la sıx əməkdaşlıq etmək, AÇG yatağının ehtiyatlarını daha da səmərəli və rəqabətə davamlı şəkildə reallaşdırmaq niyyətimizi nümayiş etdirir.”

MŞA layihəsi çərçivəsində dənizin təxminən 140 metr dərinliyində, mövcud “Mərkəzi Azəri” və “Şərqi Azəri” platformalarının arasında yeni 48 şaxtalı hasilat, qazma və yaşayış platforması quraşdırılacaq. Platformadan əldə olunacaq neft və qaz məhsulunun Səngaçal terminalına qoşulan mövcud AÇG-2 ixrac kəmərinə ötürülməsi məqsədi ilə yeni yataqdaxili sualtı boru kəmərləri də inşa ediləcək.

Bundan əlavə, laya vurulan suları “Mərkəzi Azəri” kompressiya və suvurma platformasından AMŞ qurğularına nəql etmək məqsədi ilə AMŞ və Şərqi Azəri platformaları arasında suvurma boru xətti tikiləcək.

AÇG layihəsində iştirak edən şirkətlərin səhm payları aşağıdakı kimidir: : BP (30.37%), SOCAR (25.0% ), Chevron (9.57%), INPEX (9.31%), Equinor (7.27%), ExxonMobil (6.79%), TPAO (5.73%), ITOCHU (3.65%), ONGC Videsh Limited (OVL) (2.31%).





Redaktorlar üçün qeyd:



• AÇG üzrə ilk Hasilatın Pay Bölgüsü sazişi 1994-cü ilin sentyabrında imzalanıb. 2017-ci ilin sentyabrında sazişə əlavələr edilib və müddəti 2049-cu ilə qədər uzadılıb. Yeni saziş növbəti 31 ildə AÇG-nin Azərbaycan və səhmdarlar üçün iqtisadi faydasının maksimum səviyyəyə çatdırılmasını nəzərdə tutur.

• AÇG Azərbaycanın nəhəng neft yatağıdır. Bu günə kimi yataqdan 3,5 milyard barrel (474 milyon ton) neft hasil olunmuşdur. Neft dünya bazarlarına əsasən Bakı-Tbilisi-Ceyhan və Qərb İxrac Boru Kəməri ilə çıxarılır.

• Bu günə kimi AÇG yataqlar blokunun işlənməsinə ümumilikdə 36 milyard ABŞ dollarından artıq sərmayə qoyulmuşdur.

• Hazırda AÇG-də 8 dəniz platforması - 6 hasilat və 2 emal, kompressiya, suvurma və kommunal məqsədli platforma fəaliyyət göstərir. Platformalardan əldə olunan neft və qaz Bakı yaxınlığında quruda yerləşən və dünyanın ən böyük neft-qaz terminallarından olan Səngaçal terminalına ötürülür. 2018-ci ildə AÇG-nin ümumi hasilatı gündə orta hesabla 584 000 barrel olmuşdur.

• AÇG yatağının işlənməsi bir neçə mərhələdə həyata keçirilir:

- İlk Neft Layihəsi çərçivəsində 1997-ci ildən etibarən “Çıraq” yatağında neftin hasilatına başlanılıb;

- “Azəri” yatağının işlənməsinin 1-ci mərhələsində 2005-ci ildə “Mərkəzi Azəri”də hasilat başlamışdır;

- “Azəri-2” çərçivəsində 2006-cı ilin yanvar ayından “Qərbi Azəri”də, 2006-cı ilin oktyabrından etibarən isə “Şərqi Azəri”də hasilat başlanmışdır;

- 3-cü mərhələdə “Günəşli” yatağının dərinsulu hissəsi 2008-ci ilin aprelində işə düşmüşdür;

- “Çıraq” Neft Layihəsinin inkişafında ən son mərhələ - 2014-cü ilin yanvarından “Qərbi Çıraq”da hasilatın başlanması olmuşdur.

16 Aprel 2019

2019-cu ilin I rübündə ölkə üzrə qaz hasilatı 25,1% artıb

+

• “Ümid” yatağında SOCAR üzrə ən yüksək debitli quyu qazılıb istismara verilmişdir; quyudan illik 900 mln m3-dək təbii qaz hasil olunacaq

• Rüb ərzində ölkədə 9 mlrd. m3-dən çox təbii qaz hasil edilmişdir ki, bu da ötən ilin müvafiq dövrü ilə müqayisədə 25,1% artım deməkdir

• Hesabat dövründə neftin hasilatı stabil qalmışdır

• Təbii qaz ixracının dinamikasında rüb ərzində 27%, neft və neft-kimya məhsullarının ixracında isə 10,5% artım qeydə alınmışdır
2019-cu ilin birinci rübündə SOCAR tərəfdaş şirkətlər ilə birlikdə ölkədə neft hasilatını stabil səviyyədə saxlamaqla yanaşı, qaz hasilatında ciddi artıma nail olmuşdur. Ölkə üzrə qaz hasilatı ötən ilin müvafiq dövrü ilə müqayisədə 25,1% artaraq, 9,11 mlrd m3, neft hasilatı 0,15% artaraq, 9,72 mln ton, təşkil etmişdir. SOCAR üzrə 1,853 mln ton neft, 1,564 mlrd m3 qaz hasil olunmuşdur.

Qaz hasilatının artırılması istiqamətində SOCAR-ın “Ümid” yatağında 6810 metr dərinliyə qazıb istismara verdiyi yeni quyu xüsusi qeyd edilməlidir. Şirkət üzrə ən yüksək debitə malik bu quyuda qazma işləri mürəkkəb geoloji strukturda bir çox texniki üsullardan ilk dəfə tətbiq edilməklə təhlükəsiz şəraitdə tamamlamışdır. Quyunun potensial hasilatı gündəlik 2,5 mln m3 qaz, 400 ton kondensat həcmində qiymətləndirilir. Bundan əlavə 5940 - 6810 metr dərinliyindən süxur nümunələri götürülmüş, temperatur və lay təzyiqi barədə məlumatlar əldə edilmişdir.

Layihənin mühəndislik dizaynı SOCAR-ın “Neftqazelmitədqiqatlayihə” İnstitutu tərəfindən yerinə yetirilmişdir. Layihə SOCAR-ın “Ümid-Babək” Əməliyyat Şirkəti tərəfindən idarə edilmiş, qazma üzrə podratçı “SOCAR AQŞ MMC” olmuşdur. Digər podratçılar, o cümlədən Baker Hughes GE Company, Cameron, Sumitomo, Azeri MI, Weatherford, Schlumberger, Interwell, Azorel, AXDG, CMS, Azlab MMC layihənin uğurla həyata keçirilməsinə mühüm töhfə vermişlər. Ümumilikdə hesabat dövrü ərzində SOCAR üzrə 405 min metrdən artıq qazma işləri həyata keçirilmişdir.

SOCAR-ın prezidenti Rövnəq Abdullayev demişdir: “Ümid” yatağı Azərbaycanın müstəqillik dövründə SOCAR geoloqlarının ən böyük kəşfidir. Olduqca mürəkkəb geoloji strukturda yerləşdiyinə baxmayaraq, qazmaçılarımız bu quyuda bütün təbii maneələrə qalib gəldilər. Müxtəlif texnoloji həlləri ilk dəfə burada tətbiq edərək, quyunu 6800 metrdən artıq, Şirkət üzrə rekord dərinlikdə tamamlayan qazmaçılarımız SOCAR-ın ən yüksək debitli quyusunu uğurla istismara təhvil verdilər. Potensial hasilatı ildə təqribən 900 mln m3 həcmində qiymətləndirilən bu məhsuldar quyunun istismara verilməsi münasibəti ilə “Ümid-Babək” Əməliyyat Şirkətimizin kollektivini, bütün Azərbaycan neftçilərini və əziz xalqımızı ürəkdən təbrik edirəm.”

Cari ilin birinci rübündə SOCAR tərəfindən 5.86 mln tona yaxın xam neft ixrac olunmuş, qaz ixracı ölkə üzrə artaraq 3,27 mlrd m3 təşkil etmişdir ki, bu da 2018-ci ilin analoji dövrünə nisbətən 27% çoxdur. Xatırladaq ki, ölkə və SOCAR-ın ixrac etdiyi qazın həcminin artmasının əsas səbəbi Cənub Qaz Dəhlizi layihəsi vasitəsilə Şahdəniz-2 qazının Türkiyəyə nəql edilməyə başlamasıdır. İndiyə qədər sözügedən boru kəməri vasitəsilə 1,4 mlrd m3 kommersiya məqsədli qaz nəql edilmişdir. Neft və neft-kimya məhsullarının ixracı yanvar-mart aylarında təqribən 4568 min ton təşkil etmiş, bununla da əvvəlki ilin analoji dövrünə nisbətən 10,5 faiz artım qeydə alınmışdır.

1 - 9,075 mlrd m3

2 - 9,694 mln ton

3 - 1,846 mln ton

4 - 1,561 mlrd m3

5 - 40303 metr

6 - 5,790 mln ton

7 - 3,161 mlrd m3

8 - 456379 ton

10 Aprel 2019

SOCAR-ın prezidenti Amerikanın Azərbaycana yeni təyin olunmuş səfiri ilə görüşüb

+

Aprelin 10-da SOCAR-ın prezidenti Rövnəq Abdullayev ABŞ-ın Azərbaycana yeni təyin olunmuş səfiri Erl Litzenbergerlə görüşmüşdür. SOCAR prezidenti səfiri salamlamış və onu yeni təyinatı münasibəti ilə təbrik etmiş, şirkətin fəaliyyəti, Azərbaycanın təşəbbüsü və iştirakı ilə həyata keçirilən regional və qlobal əhəmiyyətli enerji layihələrinin həyata keçirilməsində rolu, Cənub Qaz dəhlizi layihəsinin gedişi haqqında məlumat vermişdir.

Səmimi qəbula və təbrikə görə minnətdarlığını ifadə edən səfir Erl Litzenberqer Azərbaycanın ABŞ üçün etibarlı tərəfdaş olduğunu bildirərək, fəaliyyəti dövründə iki ölkə xalqları arasında dostluq münasibətlərinin inkişafına töhfə verməyə çalışacağını deyib. O, Azərbaycan və ABŞ arasında enerji sahəsində əlaqələrin gücləndirilməsinin özü üçün əsas prioritetlərdən biri hesab etdiyini vurğulayaraq, Azərbaycanın energetika sahəsində həyata keçirdiyi layihələrin bundan sonra da Amerika tərəfindən dəstəklənəcəyini söyləyib.

10 Aprel 2019

İstanbul hava limanı təyyarə yanacağını SOCAR-dan alacaq

Təyyarələrin illik ehtiyacının 700 min tonu “SOCAR TÜRKİYƏ” tərəfindən təmin olunacaq

+

Türkiyənin ən böyük birbaşa xarici investoru olan SOCAR İstanbul hava limanının elan etdiyi təyyarə yanacağı tenderində “SOCAR Aviation” markası ilə qalib gəldi. “SOCAR Türkiye”nin ticarət üzrə direktoru Murad Ərdoğan 5 il müddətində İstanbul hava limanında təyyarələrin illik yanacaq ehtiyacının 700 min tonunu ödəyəcəklərini bildirdi “SOCAR Türkiye” İstanbul hava limanı tərəfindən elan olunan, yerli və xarici şirkətlərin iştirak etdiyi tenderdə “SOCAR Aviation” markası ilə qalib gəlib. İstanbul hava limanındakı təyyarələrin illik yanacaq ehtiyacının 700 min tonunu ödəyəcək SOCAR Türkiyənin aviasiya sektoruna 2013-cü ildə daxil olmasına baxmayaraq, qısa müddətdə sektorun yanacaq ehtiyacını ödəyən ən böyük 3 şirkət arasında yer alıb.

“SOCAR Türkiye”nin ticarət üzrə direktoru Murad Ərdoğan “SOCAR Türkiye”nin maye yanacaq təchizatı sahəsində mühüm investisiyalar həyata keçirdiyini bildirmiş və qeyd etmişdir: “Türkiyədə aviasiya sektoru genişlənir. Tam gücü ilə işə başladıqdan sonra İGA-nın Türkiyədə təyyarə yanacağı istehlakının 60 faizini qarşılayacağı gözlənilir. Hava limanı ve Türkiyə aviasiya sektoru ilə paralel böyüyən markamız “SOCAR Aviation”un xarici və yerli rəqibləri arasında belə böyük həcmdə yanacaq təchizatını yerinə yetirməsi bizə qürur verir”. SOCAR-ın törəmə şirkəti olan STAR neft emalı zavodunun tam gücü ilə istehsala başlaması ilə ildə 1,6 milyon ton təyyarə yanacağı istehsal edəcəyini xatırladan Ərdoğan daha sonra demişdir: ““SOCAR Aviation” qurulduğu gündən etibarən çox mühüm fəaliyyətlər göstərmiş, bir sıra hava limanlarının təyyarə yanacağı tədarükçüsü olmuşdur. STAR NEZ-in məhsulları ilə artıq yolumuza daha güclü bir şəkildə davam edəcəyik. “SOCAR Türkiye”nin qurduğu inteqrasiya olunmuş dəyər zənciri çərçivəsində fəaliyyətimizi genişləndirəcəyik”.

Təyyarə yanacağı bazarının getdikcə artan gücü

Türkiyənjin aviasiya sektoruna 2013-cü ildə “SOCAR Aviation” ilə daxil olan SOCAR təyyarə yanacağı təchizatına ilk olaraq İstanbulun Sabiha Gökçen hava limanında “Pegasus” aviaşirkəti ilə böyük bir saziş imzalayaraq başlamışdır. Sektorun qabaqcıl qlobal şirkətləri ilə bağladığı müqavilələr ilə genişlənməyə davam eden “SOCAR Aviation”, 2016-cı ildə “Türk Hava Yolları”nın Atatürk hava limanındaki yanacaq ehtiyacının bir hissəsi ilə yanaşı İzmirin Adnan Menderes hava limanı və Bodrum hava limanını da yanacaq ilə təchiz etməyə başlamışdır. Cari il ərzində “Türk Hava Yolları”nın Sabiha Gökçen hava limanında yanacaq istehlakının yarısı, eləcə də İzmir, Bodrum, Antalya və Dalaman hava limanlarının yanacaq təchizatı “SOCAR Aviation” tərəfindən həyata keçiriləcəkdir.

8 Aprel 2019

SOCAR prezidenti Birləşmiş Ərəb Əmirliklərinin enerji və sənaye naziri ilə görüşmüşdür

+

SOCAR prezidenti Rövnəq Abdullayev aprelin 7-də Abu-Dabiyə işgüzar səfəri çərçivəsində Birləşmiş Ərəb Əmirliklərinin enerji və sənaye naziri Süheyl Məhəmməd Fərəc əl-Məzrui ilə görüşmüdür. Görüşdə iki ölkə arasında enerji əməkdaşlığı imkanlarının genişləndirilməsi, BƏƏ-nin neft-qaz şirkətlərinin və Mubadala investisiya şirkətinin ölkəmizdə həyata keçirilən layihələrdə potensial iştirakı məsələləri müzakirə edilmişdir. Görüşdə qarşılıqlı maraq doğuran məsələlər, eləcə də neft sənayesinin hasilat, daşıma və emal sahələri üzrə layihələr ətrafında fikir mübadiləsi aparılmışdır.

8 Aprel 2019

SOCAR və İqtisadi İslahatların Təhlili və Kommunikasiya Mərkəzi kiçik və orta sahibkarların dəstəklənməsi ilə bağlı anlaşma memorandumu imzaladılar

+

Aprelin 8-də SOCAR-ın prezidenti Rövnəq Abdullayev İqtisadi İslahatların Təhlili və Kommunikasiya Mərkəzinin icraçı direktoru Vüsal Qasımlının rəhbərlik etdiyi nümayəndə heyəti ilə görüş keçirmişdir. SOCAR rəhbərliyi nümayəndələrinin iştirak etdiyi görüşdə kiçik və orta sahibkarlığın dayanıqlı inkişafına dəstək və idxalın əvəzlənməsi istiqamətində əməkdaşlıq imkanları müzakirə olunmuş, yerli istehsalın təşviqi üçün yeni rəqəmsal portalın yaradılması haqqında anlaşma memorandumu imzalanmışdır. Daha sonra KİV nümayəndələrinin sualları cavablandırılmışdır.

Memoranduma əsasən, SOCAR-ın il ərzində istifadə etdiyi və ölkə daxilində istehsal edilməsi mümkün olan mal-material tələbatı və texniki avadanlıqlara göstərilən xidmət növləri haqqında məlumatların yeni rəqəmsal portalda yerləşdirilməsi nəzərdə tutulur. Əvvəllər açıq tenderlərdə elan olunan və əsasən böyük təchizatçıların imkanlarına uyğun gələn bir sıra satınalma elanları artıq yeni portalda kiçik və orta sahibkarlar üçün münasib şərtlər əsasında təqdim olunacaq. Portal İqtisadi İslahatların Təhlili və Kommunikasiya Mərkəzi tərəfindən idarə edilcək.

Portalda SOCAR-ın istehsalat məqsədləri üçün mütəmadi istifadə etdiyi mal-material və xidmətlərin siyahısının yerləşdirilməsi və daha əvvəl xaricdən əldə edilən həmin mal və xidmətlərin son satınalma şərtlərinin göstərilməsi də planlaşdırılır. Həmin şərtlərə uyğun təklif verən kiçik və orta sahibkarlar ilə birbaşa və uzunmüddətli əməkdaşlıq sazişlərinin bağlanması nəzərdə tutulur. Portalda eyni zamanda nisbətən sadə texnologiyalar əsasında istehsal olunan mal-material, ehtiyat hissələri, alətlər və texniki xidmətlər haqqında məlumatlarla birlikdə istehsalçının müvafiq lisenziyası ilə istehsal edilmiş mürəkkəb texnoloji avadanlıqların ehtiyat hissələri və həmin avadanlıqlara istehsalçının lisenziyası əsasında xidmətlərin göstərilməsinə dair elanlar da yerləşdiriləcək. Verilən təkliflər SOCAR-ın texniki tələblərinə, korporativ standarların şərtlərinə, müvafiq lisenziya, icazə və spesifikasiyalara uyğun olmalıdır.

SOCAR-ın təchizat ehtiyaclarına dair əsas məlumatların vahid rəqəmsal məkanda təqdim edilməsi, yerli sahibkarlara mövcud təchizat imkanları haqqında məlumatların qabaqcadan və şəffaf tərzdə çatdırılması ölkədə yeni istehsalat sahələrinin formalaşmasına stimul verəcək, kiçik və orta biznesin dayanıqlı inkişafına zəmin yaradacaq. SOCAR-ın korportativ standart şərtlərinin və beynəlxalq keyfiyyət tələblərinin əsas meyarlar kimi tətbiq olunması yerli istehsalçıları öz məhsul və xidmətlərinin keyfiyyətini yüksəltməyə təşviq edəcək. Beləliklə, ilkin mərhələdə idxalatın əvəzlənməsini və valyuta ehtiyatlarının ölkə daxilində qalmasını nəzərdə tutan bu layihə gələcəkdə həm də yerli istehsalçıların ümumi rəqabət qabiliyyətinin yüksəlməsinə və onların ixrac potensialının artmasına müsbət təsir göstərəcəkdir.

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin strateji xəttini öz fəaliyətində daim rəhbər tutan SOCAR son 10 il ərzində əməliyyat effektivliyinin artırılması istiqamətində genişmiqyaslı daxili islahatlar keçirmiş, o cümlədən satınalma əməliyyatlarının idarə olunması üçün mərkəzləşdirilmiş Satınalmalar komitəsi və vahid korporativ standart yaratmışdır. Yerli sahibkarlığın dayanıqlı inkişafına dəstək SOCAR-ın fəaliyyətində, müxtəlif sahələrdə həyata keçirdiyi korporativ sosial məsuliyyət layihələrində mühüm yer tutur. Şirkət 2016-cı ildə Ailə Biznesinə Asan Dəstək (ABAD) layihəsinə qoşularaq, Azərbaycanın regionlarında kiçik sahibkarların dayanıqlı inkişafına dəstək vermişdir. Həmçinin Azərbaycan Respublikasının Prezidentinin təşəbbüsü ilə SOCAR ölkənin regionlarında 15 min əlavə sosial yönümlü iş yeri həcmini yaratmışdır. SOCAR “ASAN xidmət” ilə əməkdaşlığını genişləndirərək, əhaliyə göstərilən bütün əsas xidmət növlərini “ASAN xidmət” mərkəzləri vasitəsi ilə həyata keçirir. İqtisadi İslahatların Təhlili və Kommunikasiya Mərkəzi ilə ortaq şəkildə yeni rəqəmsal portalın yaradılması SOCAR-ın satınalma sahəsində olan beynəlxalq təcrübəsini yerli istehsalçıların qabiliyyətlərinin artırılmasına yönəldəcək, ölkəmizdə bu sektorun dayanıqlı inkişafına töhfə verəcəkdir.

Azərbaycan Respublikası Prezidentinin müvafiq Fərmanı ilə 2016-cı il 20 aprel tarixində yaradılmış İqtisadi İslahatların Təhlili və Kommunikasiya Mərkəzinin əsas fəaliyyət məqsədləri ölkənin dayanıqlı iqtisadi inkişafının təmin edilməsi istiqamətində makro və mikroiqtisadi səviyyədə təhlil və tədqiqatlar aparmaqdır. Iqtisadi Islahatların Təhlili və Kommunikasiya Mərkəzi tərəfindən Azərbaycanda ixracın stimullaşdırılması və dəstəklənməsi, kiçik və orta sahibkarlıq subyektlərinin fəaliyyətinin stimullaşdırılması istiqamətində çoxşaxəli layihələr həyata keçirilir. Azərbaycan Respublikası Prezidenti İlham Əliyevin fərmanları əsasında yaradılmış “Bir Pəncərə” İxraca Dəstək Mərkəzi, Azexport və Rəqəmsal Ticarət Qovşağı, EntepriseAzerbaijan.com portalı yuxarıda sadalanan islahat tədbirlərinə bariz nümunədir. Sözügedən layihələrin həyata keçirilməsi ilə ölkəmizdə sahibkarlıq mühiti inkişaf etmiş, ixrac əməliyyatları sürətlənmişdir. Prezident İlham Əliyevin rəhbərliyi ilə həyata keçirilən islahat tədbirləri Azərbaycanın Doing Business hesabatında mövqeyinə təsir göstərmiş, ölkə reytinqinin 25-ci mövqedə qərarlaşmasına təsir etmişdir.