Xəbərlər arxivi

30 Mart 2019

SOCAR-ın prezidenti Gürcüstanın Baş naziri ilə görüşmüşdür

+

29-30 mart tarixlərində SOCAR-ın prezidenti Rövnəq Abdullayev və şirkətin nümayəndə heyəti Gürcüstanda işgüzar səfərdə olmuşlar. SOCAR-ın prezidenti Gürcüstanın Baş naziri Mamuka Baxtadze ilə görüş keçirmişdir. Görüşdə tərəflər arasındakı əməkdaşlıq ilə bağlı məsələlər müzakirə olunmuş, gələcək əməkdaşlıq istiqamətlərinə toxunulmuş, perspektivli tərəfdaşlığın genişləndirilməsi ilə bağlı fikir mübadiləsi aparılmışdır.

Rövnəq Abdullayev səfər çərçivəsində SOCAR Energy Georgia şirkətinin Tbilisidə yerləşən baş ofisində keçirilən işgüzar iclasda iştirak etmişdir. SOCAR Energy Georgia şirkətinin Baş direktoru Mahir Məmmədov şirkətin 2018-ci il üzrə əsas əməliyyat nəticələrini məruzə etmiş, 2019-cu il üçün nəzərdə tutulan strateji fəaliyyət planı barədə ətraflı məlumatlar vermişdir. İclasda şirkətin 2019-cu il üçün nəzərdə tutulan fəaliyyət planı ilə bağlı təlimatlar verilmiş və əsas fəaliyyət istiqamətləri müəyyən edilmişdir.

29 Mart 2019

SOCAR-ın prezidenti Macarıstanın Xarici İşlər və Ticarət naziri ilə görüşmüşdür

+

Martın 29-da SOCAR-ın prezidenti Rövnəq Abdullayev Macarıstanın Xarici İşlər və Ticarət naziri Peter Siyarto ilə görüşmüşdür. Görüşdə qeyd olunmuşdur ki, Azərbaycanla Macarıstan arasında əməkdaşlıq müxtəlif sahələrdə yüksək səviyyədə inkişaf edir. Hər iki dövlətin başçısı iqtisadi sahədə də əməkdaşlığın genişləndirilməsi ilə bağlı niyyətlərini ifadə etmişlər. Bu baxımdan Azərbaycanın öncüllüyü ilə həyata keçirilən Cənub Qaz Dəhlizi layihəsi xüsusi əhəmiyyət kəsb edir. İki qitəni birləşdirən bu layihə vasitəsi ilə Xəzər hövzəsində hasil edilmiş təbii qazın Avropa qaz şəbəkəsinə daxil olması qitənin bir çox ölkələrinə, o cümlədən Macarıstana da təbii qaz nəql edilməsinə imkan yaradacaqdır. Görüşdə Macarıstan tərəfi Dəhliz vasitəsi ilə qaz həcmləri əldə etmək marağını ifadə etmişdir. Macarıstan ilə Azərbaycan və SOCAR arasında enerji əməkdaşlığının müxtəlif istiqamətlərdə genişləndirilməsi ilə bağlı danışıqlar prosesinə başlanılmasına dair ilkin razılıq əldə olunmuşdur.

29 Mart 2019

STAR neft emalı zavodunda bütün qurğular istismara verildi

+

Martın 28-də SOCAR prezidenti Rövnəq Abdullayev və şirkət rəhbərliyinin nümayəndələri işgüzar səfər çərçivəsində Əliağa yarımadasında olmuş, Petkim, STAR neft emalı zavodu, SOCAR Terminalı və SOCAR-a məxsus olan digər müəssisələrin cari vəziyyətilə tanış olmuş, STAR zavodu İdarə Heyətinin toplantısında iştirak etmişlər. İclasda qeyd olunmuşdur ki, zavodun tam istismar gücünə çatdırılması ilə əlaqədar istehsalat göstəricilərində ilin əvvəlinə nisbətən mühüm irəliləyiş əldə olunmuşdur. 5 ay müddətində əsas sazlama işləri uğurla tamamlanmış, zavodun bütün qurğuları istismara verilmişdir. STAR NEZ artıq yanvar ayında “SOCAR Türkiyə”nin neft emalı-neft kimya inteqrasiyası çərçivəsində istehsal etdiyi ilk nafta məhsulunu “Petkim”ə tədarük etmiş, dizel və təyyarə yanacağını isə fevral ayından etibarən bazara çıxararaq, Türkiyə və Azərbaycanın iqtisadiyyatına töhfələr verməyə başlamışdır. STAR NEZ ən son texnologiyalar ilə təchiz olunmuşdur. Sənaye 4.0 tələblərinə uyğun layihələndirilən zavodda rəqəmsallaşma infrastrukturunun təkmilləşdirilməsi üzrə işlər davam edir. İclasda STAR zavodunun rəhbərliyi qarşısında istismar dövründə əməliyyat effektivliyinin təşkili ilə bağlı konkret vəzifələr qoyulmuş və müvafiq tələblər müəyyən edilmişdir.

SOCAR-ın STAR neft emalı zavodunun illik emal gücü 10 milyon tondur. Əsas məhsullarını dizel yanacağı (4,8 milyon ton), təyyarə yanacağı (1,6 milyon ton), nafta (1,6 milyon ton), maye neft qazı, qarışıq ksilen, neft koksu təşkil edir. Zavod daşınmalar baxımından strateji əhəmiyyət kəsb edən Əliağa yarımadasında yerləşir. Əliağa yarımadasında STAR NEZ ilə yanaşı, SOCAR-ın Petkim neft-kimya kompleksi, külək elektrik enerji stansiyası və Egey dənizinin ən böyük limanı olan SOCAR Terminalı vahid infrastruktur və dəyər zənciri çərçivəsində fəaliyyət göstərir.

28 Mart 2019

SOCAR-ın Türkiyədə ən böyük layihəsi olan TANAP üzrə ümumi irəliləyiş 99,5 faizə çatdırılmışdır

+

SOCAR prezidenti Rövnəq Abdullayev və şirkət rəhbərliyinin nümayəndələri TANAP-ın İdarə Heyətinin martın 27-də Ankarada keçirilmiş toplantısında iştirak etmişlər. Toplantıda TANAP layihəsinin hazırki vəziyyəti müzakirə olunmuşdur. İdarə Heyətinə məruzə edilmişdir ki, TANAP-ın Əskişəhərə qədər olan hissəsinin istismarı, Yunanıstan sərhəddinə qədər olan hissəsinin isə inşası üzrə aparılan işlər qrafiki qabaqlayaraq irəliləməkdədir. Tikintinin qurudakı hissəsi tamamlanmışdır və həmin hissədə yekun sazlama işləri aparılır. Beləliklə, layihənin hər iki mərhələsi üzrə ümumi irəliləyiş artıq 99,5 faizə çatdırılmışdır. Layihənin qrafiki qabaqlamaqla icra olunması ilə yanaşı, inşaat işləri beynəlxalq keyfiyyət standartlarına uyğun görülmüş və təhlükəsizlik tələblərinə ən yüksək səviyyədə əməl edilmişdir. Aprelin 15-dən etibarən TANAP kəmərinin Əskişəhərdən Yunanıstan sərhəddinə qədər olan hissəsinin qazla doldurulmasına başlanılması nəzərdə tutulur.

TANAP qaz boru kəməri Cənub Qaz Dəhlizi layihəsinin tərkib hissəsi olan üç böyük boru kəmərindən biri və SOCAR-ın Türkiyədəki ən böyük investisiya layihəsidir. Xatırladaq ki, TANAP boru kəmərinin Əskişəhərə qədər olan hissəsinin rəsmi açılışı 2018-ci il iyun ayının 12-də keçirilmiş və kommersiya məqsədli ilk təbii qaz 30 iyun tarixində bu kəmər vasitəsi ilə Türkiyə bazarına daxil olmuşdur. TANAP boru kəmərinin səhmdarları SOCAR və Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyinin birgə müəssisəsi olan Cənub Qaz Dəhlizi QSC (51%), BOTAŞ (30%), BP (12%) və SOCAR Türkiye Enerji A.Ş (7%) şirkətləridir.

19 Mart 2019

SOCAR-da Liviya Milli Neft Korporasiyasının sədri ilə görüş keçirildi

+

SOCAR-ın prezidenti Rövnəq Abdullayev Liviya Milli Neft Korporasiyasının sədri Mustafa Sanallanın rəhbərlik etdiyi nümayəndə heyətini qəbul etmişdir. SOCAR-ın prezidenti R.Abdullayev Azərbaycanda həyata keçirilən neft strategiyası, SOCAR-ın fəaliyyəti, qlobal və regional əhəmiyyətli layihələri haqqında qonaqlara ətraflı məlumat vermişdir. Həmçinin qeyd edilmişdir ki, bir zamanlar Liviyalı tələbələr Azərbaycanda neft ixtisasları üzrə təhsil almışlar, bu gün də həmin ənənə davam etdirilə bilər. SOCAR-ın Bakı Ali Neft Məktəbi bu sahədə bütün imkalara malikdir.

Liviya Milli Neft Korporasiyasının sədri Mustafa Sanalla səmimi qəbul üçün SOCAR rəhbərliyinə minnətdarlığını bildirmiş, Azərbaycanın təcrübəsinin onlarda hər zaman maraq doğurduğunu vurğulamışdır. Görüşdə neft sənayesinin müxtəlif istiqamətləri sahəsində əməkdaşlığın prioritetləri müzakirə olunmuş, tərəfləri maraqlandıran məsələlər ətrafında fikir mübadiləsi aparılmışdır.

SOCAR haqqında hazırlanmış təqdimat qonaqlarda böyük maraq yaratmışdır.

18 Mart 2019

SOCAR-ın prezidenti “LUKOİL” Şirkətinin prezidenti ilə görüşmüşdür

+

Martın 18-də SOCAR-ın prezidenti Rövnəq Abdullayev Bakıda səfərdə olan Rusiyanın “LUKOİL” Şirkətinin prezidenti Vahid Ələkbərovla görüşmüşdür. Görüşdə “LUKOIL” şirkəti ilə SOCAR arasında olan uzunmüddətli əlaqələrdən söhbət açılmış, Azərbaycanda həyata keçirilən layihələrdə “LUKOİL” iştirakı yüksək qiymətləndirilmişdir. Vahid Ələkbərov rəhbərlik etdiyi şirkətin SOCAR ilə əlaqələrinin strateji əhəmiyyət daşıdığını bildirmiş, Azərbaycan dövləti tərəfindən xarici sərmayədarlara investisiyaların yatırılması üçün münbit şəraitin yaradılmasını yuksək qiymətləndirmiş, bu baxımdan Azərbaycanda yeni sahələrə investisiya qoyulmasının müzakirə olunduğunu, müxtəlif istiqamətlərdə əməkdaşlıqdan məmnunluğunu ifadə etmişdir.

“LUKOİL” Şirkəti Azərbaycanın neft-qaz sektorunda 1994-cü ildən fəaliyyət göstərir. Şirkət “Şahdəniz” və cənub Cənubi Qafqaz Boru Kəməri layihələrinin hər birində 10 faiz paya malikdir. Bundan başqa, ölkədə pərakəndə yanacaq bazarında iştirak edir.

16 Mart 2019

SOCAR-ın prezidenti Sonatrach şirkətinin icraçı direktoru ilə görüşüb

+

Martın 16-da SOCAR-ın prezidenti Rövnəq Abdullayev Bakıda səfərdə olan Əlcəzairin Sonatrach neft və qaz şirkətinin icraçı direktoru Əbdülmömin Uld Qaddurun rəhbərlik etdiyi nümayəndə heyətini qəbul edib. Görüşdə qeyd olunub ki, SOCAR və Sonatrach şirkətlərinin beynəlxalq miqyaslı fəaliyyətlərində bir çox kəsişmə nöqtələri mövcuddur ki, bu da iki şirkət arasında daha sıx əməkdaşlıq üçün əsas yaradır. Azərbaycanın qlobal brendi olan SOCAR dünyanın müxtəlif bölgələrində neft və qaz sənayesinin bütün dəyər zənciri üzrə əməliyyatlar və investisiya layihələrini həyata keçirir. Sonatrach şirkəti son dövrdə həmçinin beynəlxalq əməliyyatlarını genişləndirərək, müxtəlif ölkələrdə, o cümlədən Aralıq dənizi hövzəsində sərmayələr yatırıb və beynəlxalq bazarlardakı fəaliyyətlərini daha da genişləndirmək niyyətindədir. Beləliklə hər iki şirkət müxtəlif fəaliyyət sahələrində, o cümlədən hasilat, ticarət, araşdırma və inkişaf, habelə yüksək səviyyəli mütəxəssislərin yetişdirilməsi kimi istiqamətlərdə potensial əməkdaşlıq imkanlarını araşdıracaq.

Qeyd edək ki, SOCAR neft və qaz sənayesinin dəyər zənciri üzrə müxtəlif əməliyyatları, o cümlədən, satış, nəql və ticarət əməliyyatlarını bütün qitələrdə, 40-dan artıq ölkədə, 100-dən artıq satış məntəqələri arasında həyata keçirir. Şirkət həmçinin ilbəil yeni bazarlara daxil olmaq və mövcud bazarlarda əməliyyatlarını inkişaf etdirmək imkanlarını araşdırır. Bununla yanaşı Azərbaycan daxilində həyata keçirilən hasilat, emal, nəql, kimya sənayesi və s. kimi bütün fəaliyyət sahələrində yeni tərəfdaşlıq imkanları da daim nəzərdən keçirilir.

14 Mart 2019

SOCAR-ın prezidenti Əfqanıstan İslam Respublikası prezidentinin müşaviri ilə görüşüb

+

Martın 14-də SOCAR-ın prezidenti Rövnəq Abdullayev Bakıda səfərdə olan Əfqanıstan İslam Respublikasının prezidentinin Bankçılıq və maliyyə məsələləri üzrə müşaviri, Sənaye və Ticarət Naziri olan Acmal Əhmədini qəbul edib. Görüşdə Əfqanıstan və Azərbaycan arasında zəngin mədəni və siyasi əməkdaşlıq tarixindən, bu bünövrə üzərində müasir dövrdə iqtisadi əməkdaşlığın genişlənməsi məsələrindən söhbət açılıb. Əfqanıstana neft məhsullarının xaricdən idxal edildiyini deyən Acmal Əhmədi, idxalın şaxələndirilməsi məqsədi ilə SOCAR-la əməkdaşlığın yeni müstəviyə qaldırılmasında maraqlı olduqlarını bildirmişdir.

SOCAR-ın dizel və kerosin kimi məhsulları artıq Əfqanıstanın yanacaq bazarına idxal olunur. Gələcəkdə Əfqanıstanla Azərbaycan arasında yanacaq məhsullarının idxalı kimi sahələrdə dövlət səviyyəsində əməkdaşlığın genişləndirilməsi ilə bağlı fikir mübadiləsi aparılmış, imkanlar araşdırılmışdır. İşçi qruplarının vasitəsi ilə əməkdaşlıq imkanlarının dəqiqləşdirilməsi üçün müşavirələrin keçirilməsi ilə bağlı ilkin razılıq əldə olunmuşdur.

Qeyd edək ki, SOCAR müxtəlif əməliyyatları, o cümlədən, satış, nəql və ticarət əməliyyatlarını bütün qitələrdə, 40-dan artıq ölkədə, 100-dən artıq satış məntəqələri arasında həyata keçirir. Şirkət həmçinin ilbəil yeni bazarlara daxil olmaq və mövcud bazarlarda əməliyyatlarını inkişaf etdirmək imkanlarını araşdırır.

13 Mart 2019

SOCAR İsveçrədə elektrik enerjisi yükləmə məntəqələrinin tikintisi üçün tenderin qalibi olub

+

“SOCAR Energy Switzerland” İsveçrənin Federal Yollar İdarəsi (FEDRO) tərəfindən hər biri 20 yerdən ibarət olan 5 zərfin tenderində iştirak edərək, bu ölkənin avtomobil yolları üzərindəki istirahət yerlərində 20 ədəd sürətli elektrik enerjisi yükləmə məntəqəsi tikmək hüququ qazanmışdır. SOCAR bu tenderdə qalib gəlmiş yeganə ənənəvi yanacaqdoldurma məntəqəsi operatorudur. Şirkətin özünün 11 xidmət stansiyasından 7-də sürətli yükləmə məntəqəsi artıq fəaliyyət göstərir. Bu, İsveçrənin avtomobil yollarında ən böyük şəbəkədir. Qarşıdakı illərdə avtomobil yolları üzərindəki istirahət yerlərində yeni xidmət məntəqələrinin istifadəyə verilməsi ilə şəbəkənin daha da genişlənəcəyi gözlənilir. SOCAR hərəkət təminatçısı kimi İsvecrədə rolunu artırır və yanacaqdoldurma xidmətinə əlavə sərmayə yatırır.

Qeyd edək ki, İsveçrənin Federal hökuməti bir neçə ay əvvəl qanunvericiliyə əlavə və düzəlişlər etməklə avtomobil yollarının kənarında hökumətin nəzarəti altında olan istirahət yerlərində elektirk enerjisinin yüklənməsi üçün stansiyaların qurulması ilə əlaqədar qanun qəbul etmişdir. Sonra FEDRO özəl investorları hər biri 20 istirahət yerini özündə ehtiva edən 5 zərflə bağlı tenderə dəvət etmişdir. Bu sahədə uzunmüddətli təcrübəyə malik “SOCAR Energy Switzerland” əvvəlcədən tender zərflərindən birinə iddiasını bildirmişdir.

“SOCAR Energy Switzerland” şirkətinin müraciəti FEDRO tərəfindən müsbət qarşılanmış, nəticədə SOCAR xeyli iddiaçısı olan beş tender zərfindən birinin qalibi olaraq, istirahət yerlərində 20 ədəd sürətli elektrik enerjisi yükləmə stansiyası tikmək hüququ qazanmışdır. Fərdi zərflərə daxil edilmiş məntəqələr bütün İsveçrə boyunca yerləşir. SOCAR bunu İsveçrənin elektromobil nəqliyyatı sahəsindəki uzunmüddətli xidmətlərinə verilən qiymət kimi qəbul edir.

“SOCAR Energy Switzerland” şirkətinin baş direktoru Edqar Baxmann FEDRO ilə yeni sazişin imzalanmasından məmnundur: “Avtomobil yollarındakı istirahət yerlərinin inkişafı SOCAR-a əsas nəqliyyat yolları üzərində mövcud olan sürətli elektrik yükləmə şəbəkəsini genişləndirmək imkanı verəcək. Biz hələ ilkin mərhələdəyik. Lakin getdikcə genişlənən şəbəkə elektromobil nəqliyyatında öz yerini möhkəmlətməkdə kömək edəcək. Biz gələcəyə istiqamətlənmiş bu texnologiyaya sərmayə qoymaqda qərarlı olduğumuzu ilk mərhələdən bildirmiş, qətiyyət göstərmişik. Biz hərəkəti dəstəkləyən bütün yeni və gələcəyə yönəlmiş texnologiyalara açığıq. Biz özümüzü hərəkətin tənzimləyicisi kimi görür və bu perspektivə əsaslanan mövcud infrastruktur və xidmətlərimizi inkişaf etdiririk.”

SOCAR-ın mövcud elektrik enerjisi yükləmə stansiyaları tərəfdaşların iştirakı ilə qurulduğu halda, yeni stansiyalar ilk dəfə olaraq müstəqil surətdə tikiləcək. Davamlı elektrik enerjisi isə istirahət yerlərinin aid olduğu regionlarda elektrik istehsalı ilə məşğul olan obyektlərdən alınacaq. SOCAR müştərilərin elektrik yükləmə stansiyalarına sürətli və asan çıxışını təmin edəcək. Yeni məntəqələrin 2019-2023-cü illərdə tikilib istifadəyə verilməsi nəzərdə tutulur.

Qeyd edək ki, SOCAR istehlakçılarına pərakəndə satış məntəqələrində yüksək keyfiyyətli xidmətlər və topdansatış məntəqələrində geniş çeşidli məhsullar təklif etməklə həm pərakəndə, həm də topdansatış bazarında fəaliyyət göstərir. Ukraynada SOCAR brendi altında 61 yanacaqdoldurma məntəqəsi çalışır. Şirkətin Rumıniyada 41 ''premium'' pərakəndə, Türkiyədə 9, Gürcüstanda isə 113 benzin və 32 təbii qaz doldurma məntəqəsi fəaliyyət göstərir. İsveçrədə 170 pərakəndə satış stansiyası SOCAR brendi altında xidmət göstərir. Bundan başqa, SOCAR Energy Holdings (SOCAR-ın İsveçrədə törəmə şirkəti) Avstriyada A1 şirkətinə məxsus 82 benzindoldurma stansiyasını, həmçinin neft yağları satan Pronto Oil şirkətini almaqla, bu ölkənin pərakəndə yanacaq satışı bazarına daxil olmuşdur.