Xəbərlər arxivi

24 Dekabr 2018

“Bulla-dəniz” yatağında yeni dəniz özülü SOCAR-ın tam öz imkanları ilə inşa edilmiş və istismara verilmişdir

+

• Özülün layihəsi SOCAR-ın “Neftqazelmitədqiqatlayihə” İnstitutu tərəfindən verilmiş, tikinti işləri “Neftqaztikinti” Tresti tərəfindən həyata keçirilmişdir; • Özüldə qazılacaq quyularda gündəlik 2,5 mln. kubmetr qaz, 500 ton kondensatın hasil ediləcəyi gözlənilir;

• Quyuların orta dərinliyi 6300 metr təşkil edəcək ki, bu da yüksək texnoloji standartların tətbiqi sayəsində mümkün olacaq;

• Ətraf mühitin mühafizəsi, təhlükəsizlik texnikası, yanğından mühafizə üzrə qabaqlayıcı tədbirlər ən yüksək norma və tələblər səviyyəsində yerinə yetirilmişdir.



Dekabrın 24-də “Bulla-dəniz” yatağında SOCAR-ın “Neftqaztikinti” Tresti tərəfindən inşa edilmiş yeni 12 saylı stasionar dəniz özülü SOCAR-ın prezidenti Rövnəq Abdullayev və digər rəhbər şəxslərin iştirakı ilə istismara verilmişdir.

İnşasına 2017-ci ildə şirkətin daxili imkanları ilə başlanılmış özül “Neftqazeİlmitədqiqatlayihə” İnstitutu tərəfindən layihələndirilmiş, tikinti işləri “Neftqaztikinti” Tresti tərəfindən həyata keçirilmişdir. 1 ədəd axtarış və 4 istismar quyusunun qazılması üçün nəzərdə tutulan özül dənizin 30 metr dərinliyində quraşdırılmışdır. Dəniz səviyyəsindən özülün döşəməsinədək olan məsafə isə 12 metrdir.

Özüldə qazılacaq quyuların orta dərinliyi 6300 metr təşkil edəcək. Bu dərinlikdə qazma işləri yüksək təzyiq şəraitində həyata keçirilir və texnoloji cəhətdən mürəkkəb layihə hesab olunur. Yüksək texnoloji standartların tətbiq olunması nəticəsində SOCAR artıq analoji quyularda uğurlu nəticələr əldə etmiş və mövcud təcrübədən burada da istifadə edəcəkdir. Özüldən qazılacaq quyular üzrə ümumilikdə gündəlik 2,5 mln. kubmetr qaz, 500 ton kondensat hasil ediləcəyi nəzərdə tutulur. Qazma işlərini yerinə yetirmək üçün müasir standartlara cavab verən, qazma qülləsinin hündürlüyü 46,6 metr olan “ZJ -70DBS” qurğusu quraşdırılmışdır. Bu qurğu vasitəsi ilə rotor səviyyəsindən 7000 metrə kimi dərinliyə qazmaq mümkündür. Özüldə qazma işləri ilə istismarın eyni zamanda aparılması nəzərdə tutulmuşdur. İstismar işləri “Azneft” İstehsalat Birliyinin N.Nərimanov adına NQÇİ tərəfindən həyata keçiriləcək.

SOCAR-ın prezidenti Rövnəq Abdullayev demişdir: “Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin tapşırıqlarını rəhbər tutaraq, SOCAR son 15 ildə yerli neft şirkətindən nəhəng beynəlxalq şirkətlər qrupuna çevrilmişdir və bu gün Azərbaycanın qlobal brendi kimi ölkəmizə dəyər və gəlir qazandırır. Azərbaycanda və digər ölkələrdə inşa etdiyimiz yeni nəhəng sənaye komplekslərinin xammal ilə təchizatını davamlı şəkildə həyata keçirmək, ən əsası, Azərbaycan xalqının yanacaq və neft-kimya məhsullarına olan tələbatını təmin etmək üçün kəşfiyyat və hasilat kimi ənənəvi fəaliyyət sahələrimizə kapital qoyuluşlarımız vaxtında icra olunur. Bu ilin 11 ayında Azərbaycan neftçilərinin əzmi və fədakar əməyi sayəsində SOCAR üzrə hasilat səviyyəsini ciddi artırmağa nail olmuşuq. Bulla-dəniz-12 kimi müasir texnologiyalar əsasında inşa edilən yeni platformalar uğurlarımızın davamlılığını təmin edəcəkdir. Bu cür yüksək mühəndislik və texnoloji tələblərə cavab verən platformaların artıq SOCAR-ın öz imkanları ilə tikilməsi və quraşdırılması bizim üçün qürur mənbəyidir və SOCAR-ın bu gün bütün sahələrdə artıq müasir qlobal şirkət kimi formalaşdığından xəbər verir.”

SOCAR-ın birinci vitse-prezidenti Xoşbəxt Yusifzadə demişdir: “Biz Azərbaycan neftçiləri üçün çox əlamətdar olan bir gündə burada toplanmışıq. Bu gün Möhtərəm prezidentimizin, neftçilərin dostu, uzun müddət bizimlə çiyin çiyinə çalışan İlham Əliyev cənablarının doğum günüdür. Bu əziz gündə Dövlət Neft Şirkəti dənizdə, Bulla Dəniz yatağında yeni və yüksək texnologiya ilə təchiz olunmuş 12-ci özülü istismara buraxdı. Belə bir müasir dəniz özülünün Azərbaycan neftçiləri tərəfindən sırf öz imkanlarımızla tikilməsi və quraşdırılması keçmişdə bizə qeyri-mümkün görünürdüsə, bu gün bu artıq reallıqdır. Bu cənab Prezidentimizin xeyir duası ilə və bizə olan dəstəyi, inamı ilə reallaşan mühüm layihələrdən biridir. Azərbaycan neftçilərinin məhz bu əlamətdar gündə, ölkə başçımızın ad günündə ona və Azərbaycan xalqına təqdim etdiyi hədiyyədir.”

Qeyd edək ki, yeni özüldə ətraf mühitin mühafizəsi, təhlükəsizlik texnikası, yanğından mühafizə üzrə qabaqlayıcı tədbirlər ən yüksək norma və tələblər səviyyəsində yerinə yetirilmişdir. İstehsalat sahəsi 4, yaşayış hissəsi isə 1 dayaq blokundan ibarətdir. Özüldə 1 ədəd vertolyot, 4 ədəd gəmi yanalma və 4 ədəd minib-düşmə meydançası, işçi personalının rahat və təhlükəsiz yaşaması üçün 36 nəfərlik yaşayış bloku quraşdırılmışdır.

“Bulla-dəniz” yatağı Bakı arxipelaqının şimal hissəsində, Səngəçal-dəniz-Duvannı-dəniz-Xərə Zirə adası yatağından cənub-şərqdə 10 km məsafədə yerləşir. Struktur 1957-ci ildə seysmik kəşfiyyat işləri nəticəsində aşkar edilmiş və dərin kəşfiyyat qazmasına 1965-ci ildə başlanmışdır. Lakin mürəkkəb geoloji şəraitlə əlaqədar ilk 17 quyu qazılıb başa çatdırılmamışdır. Yatağın neftlilik-qazlılığı 1973-cü ildə qazılmış 18 saylı quyu vasitəsilə aşkar edilmişdir.

21 Dekabr 2018

Heydər Əliyev adına Neft Emalı Zavodunda modernizasiya layihəsinin ilk mərhələsi tamamlandı

+

• Yeni bitum qurğusu və maye qazdoldurma məntəqəsinin istismara verilməsi ilə modernizasiya layihəsinin ilkin mərhələsi tamamlandı • Yeni bitum qurğusu əsasən yol inşaatında istifadə olunan bitumun illik istehsal həcmini 250 min tondan 400 min tona qədər artırmağa imkan verəcək, məhsulun keyfiyyəti yaxşılaşacaq, enerjiyə daha çox qənaət ediləcək və ətraf mühitin qorunmasına mühüm töhfə olacaq

• Maye qazdoldurma stansiyasından il ərzində 180 min ton propan-propilen, 100 min ton mayeləşmiş qaz (LPG) avtosistern, dəmir yolu ilə 178 min ton butan-butilen fraksiyası isə boru xətti, lazım olduğu təqdirdə avtosistern və ya dəmir yolu ilə nəql ediləcəkdir

Dekabrın 21-də Heydər Əliyev adına Neft Emalı Zavodunda aparılan Yenidənqurma və modernizasiya layihəsinin birinci mərhələsi çərçivəsində inşa edilmiş yeni Bitum qurğusu və maye qazdoldurma məntəqəsinin açılış mərasimi keçirilmişdir. Mərasimdə Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev iştirak etmişdir.

Ölkə başçısına məruzə edən SOCAR prezidenti Rövnəq Abdullayev bildirmişdir ki, Bitum qurğusunun istismara verilməsi ilə illik istehsal 250 min tondan 400 min tona çatdırılacaqdır. Bu qurğuda “PEN 40/60” markalı yüksək keyfiyyətli bitum istehsal ediləcək ki, bu həcm ölkədaxili tələbatın təminatı üçün nəzərdə tutulur. Yeni qurğu enerjiyə daha çox qənaət edəcək, Bakı şəhərində ekoloji durumun yaxşılaşdırılmasına, zavodun istismar xərclərinin optimallaşdırılmasına mühüm töhfə verəcək. Heydər Əliyev adına Neft Emalı Zavodunda yenidənqurma işlərinin aparılması, həmçinin keçmiş “Azərneftyağ” NEZ-in ərazisinin mərhələli şəkildə boşaldılaraq, Ağ şəhər layihəsinə təhvil verilməsi nəzərdə tutulduğundan, yeni Bitum istehsalı qurğusunun tikintisi zəruri idi.

SOCAR-ın prezidenti R.Abdullayev demişdir: “Ulu öndərin adını daşıyan neft emalı zavodunun modernizasiya layihəsi tarixi əhəmiyyətə malikdir. Modernizasiya tamamlandıqdan sonra bu zavod ölkəmizi yüksək keyfiyyətli yanacaqla təmin edəcək, Azərbaycanın ixrac potensialını gücləndirəcək və regiondakı mövqeyinin daha da möhkəmlənməsinə xidmət edəcəkdir. Bu gün biz bu tarixi layihənin ilkin mərhələsini tamamladıq. Yeni bitum qurğusunun istismara verilməsi nəticəsində əsasən yol inşaatında istifadə olunan asfalt-bitum maddəsinin keyfiyyəti yüksəldiləcək, enerji istehlakına daha çox qənaət olunacaq ki, bu da ətraf mühitin qorunmasına mühüm töhfə olacaqdır. Növbəti mərhələlərdə AVRO-5 standartına cavab verən dizel və benzin yanacağının istehsalı nəzərdə tutulur və artıq bu istiqamətlərdə də işlər tam sürətlə davam edir.”

Modernizasiya layihəsinin bu gün başa çatan birinci mərhələsi üç əsas hissədən ibarətdir: yeni bitum qurğusunun, maye qazdoldurma stansiyasının istismara verilməsi və sonrakı mərhələlərdə tikilməsi nəzərdə tutulan qurğuların yerləşəcəyi ərazilərdə söküntü və təmizləmə işlərinin aparılaraq inşaat üçün hazırlanması.

• Bitum qurğusu 7,7 hektar ərazini əhatə edir. Qurğunun tikintisi üçün 150 min kubmetrə yaxın torpaq, 650 tondan çox metal-konstruksiya, 530 tondan çox boru istifadə olunmuşdur.



• Maye qazdoldurma stansiyası 6 ədəd avtosisternlərə yükləmə qolundan və 5 ədəd vaqonlara yükləmə qolundan ibarətdir. Bu məntəqədən il ərzində 180 min ton propan-propilen, 100 min ton mayeləşmiş qazın (LPG) avtosistern və dəmir yolu, 178 min ton butan-butilen fraksiyasının isə boru xətti, lazım olduğu təqdirdə avtosistern və ya dəmir yolu ilə ötürülməsi nəzərdə tutulmuşdur. Propan-propilen və butan-butilen fraksiyaları Azərikimya İB-nin müəssisələrində xammal kimi istifadə olunacaq, əmtəə məhsulu kimi isə məişətdə və nəqliyyat vasitələrində istifadəsi üçün satışa veriləcəkdir.

• Sonrakı mərhələlərdə tikilməsi nəzərdə tutulan 13 əsas qurğunun yerinin köhnə qurğulardan təmizlənməsi, modernizasiyanın ümumi gedişatı üçün olduqca mühüm məsələ olan torpaq tədqiqat işlərinin görülməsi və ərazinin tikinti quraşdırma üçün hazırlanması da artıq öz həllini tapmışdır.

Asfalt örtüyünün mühüm tərkib hissəsi olan bitum dünyada həm də boya və mürəkkəb istehsalında, kabel, boru, dam və digər səthlərin izolyasiya və germetikliyinin təmin edilməsində, müxtəlif inşaat işlərində istifadə olunur.

Xatırladaq ki, 2016-cı ildə Avstriyanın “Poerner” şirkəti ilə yeni Bitum qurğusunun inşası üzrə detallı layihələndirmə, satınalma və tikintinin idarə edilməsi (EPCm) müqaviləsi imzalanmışdır. 2017-ci ilin aprel ayından tikinti podratçısı “Azfen” BM tərəfindən qurğunun inşasına başlanmış, tikinti işlərinə 400 nəfər yerli işçi və mütəxəssisin cəlb olunduğu layihə qrafikə uyğun başa çatdırılmışdır.

Heydər Əliyev adına NEZ-da yenidənqurma işləri 3 mərhələdə həyata keçirilir. Yeni bitum qurğusu və müvafiq ümumzavod təsərrüfatı qurğularının, maye qazdoldurma məntəqəsinin tikilib istismara verilməsi, sonrakı mərhələlərdə tikilməsi nəzərdə tutulan qurğuların yerinin inşaat işləri üçün hazırlanması ilə yenidənqurma layihəsinin birinci mərhələsi tamamlandı. Layihənin 2020-ci ilin sonunadək nəzərdə tutulan 2-ci mərhələsində “Avro-5” keyfiyyət standartına cavab verən dizel yanacağının alınması, 2021-ci ilin əvvəlinə nəzərdə tutulan 3-cü mərhələdə isə eyni keyfiyyət standartına cavab verən A-92/95/98 benzin məhsullarının istehsalı üçün müvafiq yeni qurğuların inşası nəzərdə tutulmuşdur. Aparılacaq işlər zavodun illik emal gücünü 7,5 mln. tona çatdırmaqla, “Azərikimya” İB-nin xammalla təchizatının sabit şəkildə təmin edilməsinə imkan verəcək. Zavodda aparılan yenidənqurma işləri daxili bazarın yüksək keyfiyyətli yanacağa olan tələbatını tam ödəyəcək, bununla yanaşı Bakıda karbon emissiyasının miqdarının azalmasına, ekoloji vəziyyətin yaxşılaşdırılmasına mühüm töhfə verəcək.

20 Dekabr 2018

SOCAR və BP Türkiyədə yeni birgə neft-kimya müəssisəsi yaratmağı planlaşdırırlar

+

- BP və “SOCAR-Türkiyə” dünya miqyaslı PTA, paraksilol və aromatik karbohidrogen kompleksinin tikilməsi və onun idarəçiliyinin həyata keçirilməsi üçün birgə müəssisə layihəsini dəyərləndirməyə hazırlaşırlar - Kompleks “SOCAR-Türkiyə”nin Aliağadakı Xüsusi Sənaye Zonasında yerləşəcək. Bu yaxınlarda fəaliyyətə başlamış STAR neft emalı zavodu və Petkim neft-kimya kompleksi də həmin ərazidə yerləşir

- SOCAR obyektlərinə inteqrasiya və mövcud infrastruktur layihə xərclərinin azaldılmasına imkan verəcək

- Kompleksdə BP-nin ən son sənaye texnologiyalarından istifadə olunacaq

- Birgə müəssisə BP və SOCAR-ın regiondakı uzunmüddətli əlaqələri əsasında yaradılacaq

BP və “SOCAR-Türkiyə” bu gün Türkiyədə dünya miqyaslı neft-kimya kompleksinin tikilməsi və onun idarəçiliyinin həyata keçirilməsi üçün birgə müəssisə yaradılması planlarının dəyərləndirilməsinə dair saziş prinsiplərini imzalayıblar.

Türkiyənin qərbində, Aliağa bölgəsində tikiləcək müəssisədə ildə 1,25 milyon ton təmizlənmiş tereftal turşusu (PTA), 840 min ton paraksilol (PX) və 340 min ton benzol istehsalı nəzərdə tutulur. PTA poliester istehsalında əsas xammaldır. Poliesterlərdən ərzaq və içki konteynerlərinin, qablaşdırma materiallarının, materiyaların, foto- və kinoplyonkaların, digər istehlak və sənaye əhəmiyyətli məhsulların istehsalında istifadə olunur.

Saziş prinsipləri imzalandıqdan sonra, BP və “SOCAR-Türkiyə” planlaşdırılan müəssisənin yanında yer alan və hər ikisi “SOCAR Türkiyə” şirkətinə məxsus olan STAR zavodunun və Petkim neft-kimya kompleksinin xammal tədarükünün inteqrasiyasına imkan verəcək müəssisənin layihəsi üzərində işləməyə başlayacaqlar.

“SOCAR-Türkiyə”nin direktorlar şurasının sədri Vaqif Əliyev demişdir: “Biz 2008-ci ildə Petkimi alaraq Türkiyə bazarına daxil olmuşuq və o vaxtdan etibarən STAR zavodu, TANAP, Petlim konteyner termnalı, Petkim külək enerjisi stansiyası kimi nəhəng layihələri reallaşdırmışıq. “SOCAR-Türkiyə”nin Aliağadakı bütün layihələrini əhatə edən ərazi Türkiyədə ilk Xüsusi Sənaye Zonası olmuşdur. SOCAR-ın digər müəssisələri tərəfindən təmin olunan xammal və infrastrukturun yaxında olması yeni müəssisənin rəqabət gücünə əhəmiyyətli töhfə verəcəkdir. Egey dənizi sahillərində, dünya bazarının astanasında emal və neft-kimya kompleksini genişləndirməkdə məqsədimiz iki qardaş ölkənin - Türkiyə və Azərbaycanın iqtisadiyyatlarına töhfələrimizi davam etdirməkdir.”

BP qlobal aromatik karbohidrogen bölməsinin baş icraçı direktoru Luis Sierra demişdir: “Layihə irəliləyərsə, bu Qərb yarımkürəsində ən böyük inteqrə olunmuş PTA, PX və aromatik karbohidrogen kompleksi və BP-nin 20 il əvvəl Çində açdığı Zhuhai müəssisəsindən sonra ilk ən böyük aromatik karbohidrogen platforması olacaq. BP-nin ən son texnologiyaları və SOCAR-ın yeni emal zavodunun kombinasiyası Türkiyənin artmaqda olan poliester qablaşdrıma və tekstil sənayesinə xidmət edəcək görkəmli bir platformanın yaranmasına şərait yaradacaqdır. Biz yüksək rəqabət qabiliyyətinə malik obyektin tikilib istifadəyə verilməsində BP və SOCAR-ın potensialından istifadə etməyi planlaşdırırıq.”

BP və SOCAR 2019-cu ildə yekun investisiya qərarını qəbul etməyi və 2023-cü ildə yeni zavodu istifadəyə verməyi düşünür.

BP-nin ən son PTA texnologiyası digər PTA texnologiyaları ilə müqayisədə daha aşağı kapital və istismar xərclərinə malikdir. Bu texnologiya bazarda mövcud olan oxşar texnologiyalara nisbətən enerjiyə qənaət edir, daha az su işlədir və daha az bərk tullantı çıxarır.

BP və SOCAR Azərbaycanda, Türkiyədə və regionun digər yerlərində neft-qaz istehsalı və nəqli üzrə həyata keçirilən bir sıra layihələrdə uzun müddət tərəfdaşlıq edirlər. Bu il Azərbaycanda hasilata başlamış, Türkiyə və digər ölkələrə təbii qaz ixracına imkan yaratmış Sahdəniz-2 layihəsi də bu siyahıya daxildir.

“Nəzərdə tutulan yeni investisiya həm SOCAR üçün, həm də Türkiyə üçün mühüm əhəmiyyət kəsb edir. Bu, Türkiyənin neft-kimya bazarında bizim payımızı artırmaqla yanaşı Türkiyəyə həmin məhsulların idxalını azaltmağa imkan verəcək və nəticədə xarici ticarət kəsiri azalacaq. Bizim Türkiyədəki bütün layihələrimiz bu məqsədlə planlaşdırılmışdır”, - “SOCAR Türkiyə”nin baş icraçı direktoru Zaur Qəhrəmanov demişdir.

“Bu potensial yeni bribaşa investisiya Türkiyənin neft-kimya sənayesində ilk pay investisyamızdır. BP 100 ildən çoxdur ki Türkiyədə fəaliyyət göstərir. Türkiyə Şərq və Qərb, istehsalçı və istehlakçılar arasında körpü rolunu oynayır və onun sürətlə böyüyən iqtisadiyyatı cəlbedici investisiya imkanları təklif edir”, - BP Turkey-nin prezidenti Mik Stamp deyir.



Redaktorlar üçün qeyd:

• Azərbaycan Respublikası Dövlət Neft Şirkəti (SOCAR) neft-qaz yataqlarının kəşfiyyatı və işlənməsi; neft, qaz və kondensat hasilatı, email və nəqli; neft və neft məhsullarının marketinqi, yerli və beynəlxalq bazarlarda sənayenin və əhalinin təbii qaz ilə təchizatı sahəsində fəaliyyət göstərir.

• SOCAR-ın törəməsi olan “SOCAR TURKEY ENERJI A.Ş” (“SOCAR-Türkiyə”) Türkiyənin ən böyük beynəlxalq investorudur. Şirkət bu ölkədə həyata keçirilən enerji layihələrinə 14,2 milyard dollar sərmayə yatırmışdır. “SOCAR-Türkiyə”nin investisiya layihələrinə Türkiyənin lider neft-kimya istehsalçısı Petkim, 2018-ci ildə istismara verilmiş STAR emal zavodu, Xəzər qazını Türkiyə vasitəsilə Avropaya ötürən TANAP boru kəməri, Türkiyənin Egey sahillərində ən böyük konteyner limanı Petlim daxildir.

• BP bu ölkədə və regionda ən böyük investrolardan biridir. BP-nin Türkiyədə əhəmiyyətli yanacaq, sürtkü yağları və aviasiya biznesi var. BP Bakı-Tbilisi-Ceyhan (BTC) neft kəmərinin səhmdarı və operatoru, TANAP qaz kəmərinin yeganə beynəlxalq səhmdarıdır.

• BP və SOCAR Azərbaycanın neft-qaz sənayesində uzunmüddətli əməkdaşlığa malikdir. Bu əməkdaşlığa Xəzər dənizində Azəri-Çıraq-Günəşli neft, “Şahdəniz” qaz yataqlarının işlənməsi, BTC neft kəməri, Cənubi Qafqaz, TANAP və TAP qaz kəmərləri aiddir. BP və SOCAR Xəzərdə Şəfəq-Asiman yatağının kəşfiyyatı, D230 perspektivli kəşfiyyat bloku, Abşeron şelfinin dayaz hissəsi və Qobustan hasilat bölgü sazişləri üzrə də birgə işləyirlər.

• BP-nin hesablamalarına görə, ən son PTA texnologiyası 1990-cı illərin adi texnologiyalarına nisbətən 65% az parnik qazı emissiyasına, 75% az su itkisinə və 95% az bərk tullantıya səbəb olur*.

* BP-nin 2016-cı il Enerji Emalı Texnologiyasının Qiymətləndirilməsinə dair daxili təhlilindən götürülmüşdür. Bu daxili təhlildəki məlumatlar BP-nin altı PTA istehsalı obyektinin məlumat bazasına əsaslanır.

14 Dekabr 2018

SOCAR-ın vitse-prezidenti Rəfiqə Hüseynzadə beynəlxalq mükafata layiq görüldü

+

Böyük Britaniya Parlamentinin Lordlar Palatasında “Collaborative Award 2018” mükafatının təqdimetmə mərasimi keçirilib. Tədbirdə SOCAR-ın ekologiya üzrə vitse-prezidenti Rəfiqə Hüseynzadə “Collaborative Pathfinder Award” nominasiyasında yeganə beynəlxalq mükafata layiq görülmüşdür. Bu münasibətlə SOCAR-ın kollektivi Rəfiqə Hüseynzadəni təbrik edir, ona gələcək fəaliyyətində uğurlar arzulayır.

Xatırladaq ki, “Collaborative Pathfinder Award” beynəlxalq mükafatının təsisçisi “Institute of Collaborative Working” (Kollektiv Əməkdaşlıq İnstitutu) 1990-cı ildən fəaliyyətdədir.

12 Dekabr 2018

SOCAR rəhbərliyi və çoxminli kollektivinin təmsilçiləri Ulu öndər Heydər Əliyevin məzarını ziyarət etmişdir

+

Dekabrın 12-də xalqımızın Ümummilli lideri Heydər Əliyevin anım günündə Azərbaycan Respublikası Dövlət Neft Şirkəti rəhbərliyi və çoxminli kollektivinin təmsilçiləri onun Fəxri xiyabandakı məzarını ziyarət etmişlər. Şirkət nümayəndələri suveren Azərbaycan dövlətinin qurucusu və memarı, müstəqilliyimizin əbədiliyinin qarantına çevrilmiş, iqtisadiyyatımızın inkişafında, milli dövlətçiliyimizin möhkəmlənməsində müstəsna rol oynamış enerji strategiyasının banisi Ulu öndər Heydər Əliyevin unudulmaz xatirəsinə Azərbaycan neftçilərinin bəslədiyi dərin hörmət və ehtiramın ifadəsi olaraq ümumilli liderin məzarı üzərinə tər çiçəklər düzmüş, onun ruhu qarşısında baş əymişlər.

5 Dekabr 2018

Neft-qaz sənayəsində milliləşdirmə strategiyasına həsr olunmuş tədbir keçirilmişdir

+

R.Abdullayev: “İlin sonuna qədər Azərbaycanda fəaliyyət göstərən xarici neft-qaz şirkətlərində işçi heyətinin 90%-ni milli kadrlar təşkil edəcək” Dekabrın 5-də Azərbaycan neft-qaz sənayesində Milliləşdirmə Proqramının 5-ci ildönümü ilə bağlı hesabat toplantısı keçirilmişdir. Tədbirdə SOCAR-ın prezidenti Rövnəq Abdullayev, Dövlət Miqrasiya Xidmətinin rəisi Vüsal Hüseynov, “BP Eksploreyşn”in prezidenti Qari Couns və digər rəsmi şəxslər iştirak etmişlər.

Toplantı iştirakçıları əvvəlcə Milliləşdirmə Proqramının nailiyyətlərindən bəhs edən “Uğur hekayələri” filmini izləmişlər.

2013-cü ildə Prezident İlham Əliyevin tapşırığı ilə neft-qaz sənayesinin işçi heyətinin milliləşdirilməsi, eləcə də neft-qaz sektoru üzrə bilik, bacarıq və səriştəlilik bazasının yaradılması prioritet istiqamətlərdən biri kimi müəyyən olunmuşdur. Ötən dövr ərzində SOCAR Azərbaycan Respublikasının dövlət qurumları, müvafiq icra hakimiyyəti orqanları ilə sıx əməkdaşlıq şəraitində neft-qaz sektoru kontingentinin milliləşdirilməsi istiqamətində genişmiqyaslı fəaliyyət aparmış, neft-qaz əməliyyatlarının həyata keçirilməsi üçün lazım olan beynəlxalq təcrübəyə malik mütəxəssislərin Azərbaycanda hazırlanmasını əsas hədəf götürmüşdür. Ölkəmizdə həyata keçirilən neft-qaz layihələrində əcnəbi işçi heyətin mərhələli şəkildə milli kadrlarla əvəzlənməsi üçün təlim-tədris istiqamətində kurslar və təlimlər təşkil olunmuşdur. Bakı Ali Neft Məktəbi, habelə yüksək ixtisaslı fəhlə kadrlarının yetişdirilməsi məqsədi ilə beynəlxalq standartlara cavab verən beş Təlim Mərkəzi yaradıllmışdır. Milliləşdirmə proqramı qəbul edilmiş prosedur qaydalara və layihələrə uyğun həyata keçirilməkdədir.

Tədbirdə çıxış edən Rövnəq Abdullayev demişdir: “Biz bu gün neft-qaz sektorunda milliləşdirmə proqramının müəllifi, ötən beş ildə bu məsələni daim diqqət mərkəzində saxlamış möhtərəm Prezidentimiz qarşısında məruzə edirik ki, Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi, Dövlət Miqrasiya Xidməti və SOCAR-ın birgə səyləri nəticəsində görülmüş işlər artıq öz bəhrələrini vermişdir. Azərbaycanda fəaliyyət göstərən neft-qaz təmayüllü şirkətlərdə milliləşdirmə öhdəliklərinin yerinə yetirilməsi göstəriciləri kifayət qədər yüksəkdir. 2013-cü ildə BP Eksploreyşn şirkətində, eləcə də podratçı və subpodratçı şirkətlərdə milliləşdirmə göstəricisi 77% civarında olduğu halda 2018-ci ilin sonuna işçi heyətin artıq 90%-i milli kadrlardan ibarətdir.

BP-nin Azərbaycan, Gürcüstan və Türkiyə üzrə regional prezidenti Qari Couns demişdir: “Biz Azərbaycan Hökuməti, SOCAR və digər tərəfdaşlar ilə birlikdə bu hədəfə nail olmağımızla qürur duyuruq. Bu, Azərbaycandakı əməliyyatlarımızda personalın milliləşdirilməsini sürətləndirmək və işçi qüvvəsini inkişaf etdirmək üçün qəbul etdiyimiz uzunmüddətli strategiyanın və öhdəliklərin bir hissəsidir. Biz birgə səylərimizin uğurlu nəticəsini görməkdən məmnunuq və Azərbaycanın neft-qaz sənayesi üçün regional insan resursları qovşağına çevrilməsində iştirakımızı bundan sonra da davam etdirəcəyik.”

Tədbirdə Dövlət Miqrasiya Xidmətinin rəisi Vüsal Hüseynov çıxış etmişdir. Çıxışda Azərbaycanda fəaliyyət göstərən neft-qaz şirkətlərində milliləşdirmə üzrə göstəricilərin yüksək olduğu bildirilmiş, görülmüş işlərin yerli mütəxəssislərin transmilli şirkətlərin neft-qaz əməliyyatlarında daha səmərəli iştirak etməsinə və əhalinin məşğulluğunun artırılması istiqamətində yeni əmək bazarının formalaşmasına şərait yaradacağı vurğulanmışdır.

Redaktorlar üçün qeyd:

• Ölkə rəhbərliyinin tapşırığına uyğun olaraq, 14 noyabr 2013-cü il tarixində Azəri-Çıraq-Günəşli və Şahdəniz layihələrinin operatoru olan BP şirkəti ilə SOCAR arasında 5 illik (2014-2018) “Milliləşdirmə sahəsində əməkdaşlığa dair” protokol, daha sonra milliləşdirmə istiqamətində aparılan işlərin daha səmərəli aparılması üçün 11 fevral 2014-cü il tarixində SOCAR və ƏƏSMN arasında əməkdaşlıq haqqında memorandum imzalanmışdır.

• Milliləşdirmə sahəsindəki işlərin effektivliyinin artırılması üçün təkliflərin hazırlanması və bu sahədəki işlərin əlaqələndirilməsi məqsədilə Azərbaycan Respublikasının Nazirlər Kabinetinin 14 mart 2016-ci il tarixli 124 nömrəli qərarı ilə SOCAR əmək miqrasiyası kvotasının müəyyən edilməsi üzrə Komissiyaya üzv qəbul edilmişdir.

• BP Azərbaycan şirkətində 2005-ci ildə milliləşdirilmiş işçilər 58%, 2013-cü ildə 77%, 2017-ci ildə 89%, 2018-ci ilin sonuna isə 90% təşkil edir.

• Azərbaycanın neft və qaz sənayesinin ən böyük yeni layihəsi olan “Şahdəniz-2”-nin hazırkı mərhələsi üzrə milliləşdirmə hədəfinin mühəndis texniki işçilər üçün 30-50%, fəhlə heyəti üçün 70% olmasına baxmayaraq, qeyd olunan layihə çərçivəsində ümumi işçi heyətinin 91%-i yerli kadrlardan komplektləşdirilmişdir.

• BP-nin tərkibində Azərbaycanın dəniz və qurudakı yataqlarında işləyən 1150 milli mütəxəssis çalışır, onlardan 350 yüksək vəzifəli rəhbər işçi, 510 orta vəzifəli rəhbər işçi, 500 qadın milli kadr, 200 qadın yüksək və orta vəzifəli rəhbər işçi kimi fəaliyyət göstərir;

• BP-nin Azərbaycanda Challenge proqramı çərçivəsində işə götürdüyü 300 nəfərin hər biri Azərbaycan vətəndaşıdır.

• SOCAR və BP 2013-cü ildən bəri yüzlərlə milli kadrın Qərb universitetlərində ali təhsil almasına yardım etmişlər.