Xəbərlər arxivi

2 Oktyabr 2018

SOCAR və Çinin BGP şirkəti seysmik kəşfiyyat işləri üzrə birgə müəssisə təsis etdilər

+

SOCAR-ın Baş ofisində, SOCAR-la Çin Milli Neft Şirkətinin (“CNPC”) törəməsi olan “BGP Inc.” şirkəti arasında birgə müəssisənin yaradılmasına dair Təsis Müqaviləsi imzalanmışdır. İmzalanma mərasimində SOCAR-ın prezidenti Rövnəq Abdullayev, birinci vitse-prezident, akademik Xoşbəxt Yusifzadə, Geologiya və geofizika məsələləri üzrə vitse-prezident Bəhram Hüseynov və “BGP Inc.” şirkətinin prezidenti Gou Liang, eləcə də hər iki şirkətin digər yüksək vəzifəli şəxsləri iştirak etmişlər. Müqaviləni SOCAR-ın prezidenti R.Abdullayev və “BGP Inc.” Şirkətinin prezidenti Gou Liang imzalamışdır. Təsis edilmiş yeni birgə müəssisə Azərbaycan Respublikasında və Xəzər dənizi hövzəsində birgə seysmik kəşfiyyat işlərini həyata keçirəcək, hər iki şirkətin mütəxəssisləri arasında təcrübə mübadiləsi üçün yeni imkanlar yaradacaqdır.

SOCAR-ın prezidenti Rövnəq Abdullayev müqavilənin imzalanması ilə bağlı demişdir: “Bu gün SOCAR bütün sahələrdə müasir texnologiyalardan istifadə etməklə yanaşı, həm də fərqli və alternativ üslubları sınamaqla yeni yataqların kəşf edilməsi və hasilat səviyyəsinin davamlı stabilləşməsi üçün çalışır. Çinin BGP şirkəti ilə geoloji və geofiziki işlər üzrə birgə müəssisənin yaradılması bu sahədə alternativ baxış gətirərək, hər iki ölkənin mütəxəssisləri arasında qarşıtərəfli fayda kəsb edəcək təcrübə mübadiləsi üçün münbit zəmin yaradır.”

Xatırladaq ki, cari ilin iyun ayının 6-da SOCAR Çin Milli Neft Şirkətinin (“CNPC”) törəməsi olan “BGP Inc.” şirkəti ilə əməkdaşlığın qurulması, o cümlədən geofiziki xidmətlərin göstərilməsi üçün birgə müəssisənin yaradılması imkanlarının nəzərdən keçirilməsi məqsədi ilə Anlaşma Memorandumu imzalamışdır. Bu Anlaşma Memorandumuna uyğun olaraq tərəflər arasında danışıqlar aparılmış və yekun sənəd hazırlanmışdır.

BGP şirkəti Çin Xalq Respublikasının dövlət neft şirkəti olan CNPC şirkətinin 100%-lik törəmə müəssisəsidir. BGP-nin əsas fəaliyyət sahələrinə quruda, keçid zonasında və dənizdə kəşfiyyat işlərinin aparılması, o cümlədən mürəkkəb əməliyyatlar aparmaqla seysmik məlumatların əldə edilməsi, emalı və interpretasiyası, seysmik avadanlıqların istehsalı və əlaqədar informasiya-kommunikasiya texnologiyaları (İKT) xidmətlərinin göstərilməsi daxildir.

2 Oktyabr 2018

“Ernst & Young” şirkəti SOCAR-ı korporativ idarəetmə sistemi üzrə “GÜCLÜ” şirkət kimi qiymətləndirmişdir

+

Mötəbər beynəlxalq şirkətin hesabatına əsasən SOCAR birja listinqindən keçməmiş dövlət müəssisələri arasında dünya üzrə ön sıralardadır Son illərdə aparılan müşahidələr göstərir ki, effektiv korporativ idarəetmə sistemi olmadan müəssisələrin fəaliyyət göstəricilərini yaxşılaşdırmaq mümkün deyil. 2016-cı ildə Azərbaycan Respublikasında dövlət müəssisələrinin korporativ idarəetmə sisteminin gücləndirilməsi məqsədi ilə Azərbaycan Respublikası Prezidenti tərəfindən iki normativ akt imzalanmışdır. Bu məqsədlə elə həmin il dünyanın tanınmış audit şirkətlərindən olan “Ernst & Young” şirkəti “SOCAR-da korporativ idarəetmə sisteminin yetkinlik dərəcəsinin qiymətləndirilməsi üzrə Hesabat”ın hazırlanması prosesinə cəlb edilmiş, bu məqsədlə SOCAR-ın daxili sənədləri araşdırılmış, müvafiq sorğular keçirilmişdir. Layihə SOCAR-da korporativ idarəetmə sisteminin yetkinlik dərəcəsinin hazırkı səviyyəsinin qiymətləndirilməsi, arzu olunan göstəricilərin nəzərə çatdırılması, həmçinin korporativ idarəetmənin hər bir komponenti üzrə güclü tərəflərinin və inkişaf potensialı olan sahələrinin müəyyən edilməsi məqsədi ilə həyata keçirilmişdir.

Aparımış müsahibələr və daxili sənədlərin araşdırılması nəticəsində belə qənaətə gəlinmişdir ki, SOCAR-da korporativ idarəetmə prinsiplərinə xüsusi önəm verilir və ümumi olaraq şirkətin korporativ idarəetməsi maksimal nəticənin 81 faizi nisbətində “GÜCLÜ” kateqoriyasına aid edilmiş, yüksək dəyərləndirilmişdir. Bu da SOCAR-ın birja listinqindən keçməmiş müəssisələr arasında ön sıralarda, yerli dövlət müəssisələri ilə müqayisədə isə qabaqcıl mövqedə yer aldığını göstərir. SOCAR-da korporativ idarəetmə sisteminin komponentləri üzrə yalnız sənədlər deyil, həm də işlək prosedurlar yaradılıb. Şirkətdə mütəmadi olaraq qabaqcıl təcrübələr öyrənilir, maliyyə hesabatları beynəlxalq standartlara uyğun hazırlanır və müstəqil kənar auditor tərəfindən yoxlanılır.

SOCAR rəhbərliyinin iştirakı ilə keçirilən hesabatın təqdimat yığıncağında təkmilləşdiriləcək sahələrlə bağlı məqamlara diqqət çəkilmiş, bildirilmişdir ki, şirkətdə əsas səmərəlilik göstəricilərinin hazırlanması istiqamətində mühüm işlər görülmüş, mindən artıq göstərici müəyyən edilərək təsdiq olunmuşdur. Növbəti mərhələdə bu göstəricilərin strateji hədəflərlə, müvafiq qiymətləndirmə və motivasiya sistemi ilə əlaqələndirilməsi, hesablama metodikasının təsdiq edilməsi istiqamətində bir sıra işlər görülməkdədir. Risklərin idarə olunması prosesinin avtomatlaşdırılması, korporativ idarəetmə sahəsində təlimlər və sertifikatlaşdırma proqramlarının daha çox tətbiqi, həmçinin daxili audit və daxili nəzarət sistemlərinin səmərəliliyinin kənar ekspertlər tərəfindən qiymətləndirilməsi tövsiyə olunmuşdur.

Qeyd edək ki, məsləhətçi şirkət tərəfindən təqdim edilən tövsiyələrin böyük hissəsi artıq SOCAR tərəfindən həyata keçirilməkdədir. Belə ki, “IBM” və “SAP” şirkətləri ilə əməkdaşlıq çərçivəsində artıq bir müddətdir ki, istehsalat və idarəetmə proseslərinin avtomatlaşdırılması istiqamətində işlər aparılır. “Ernst & Young” şirkəti tərəfindən mütəmadi olaraq auditlər keçirilir, həmçinin şirkətin bütün hesabatları kənar müşahidəçilər tərəfindən yoxlanıldıqdan sonra dərc edilir. Gələcək illərdə bu və digər layihələr üzrə aparılan işlər SOCAR-ın korporativ idarəetmə göstəricilərinin daha da yüksəldilməsinə xidmət edəcək.