Xəbərlər arxivi

17 Sentyabr 2018

SOCAR “Davamlı inkişaf haqqında hesabat”ını açıqladı

+

SOCAR 2017-ci il üzrə “Davamlı inkişaf haqqında hesabat”ını açıqlamışdır. Hesabat hər il olduğu kimi SOCAR-ın 2017-ci təqvim ili üzrə əldə etdiyi əsas istehsalat və maliyyə göstəricilərini, Şirkət və onun struktur bölmələri ilə yanaşı xaricdə fəaliyyət göstərən nümayəndəlik və törəmə şirkətlərinin Azərbaycanda və ölkə xaricində Davamlı inkişafı üzrə fəaliyyət nəticələrini özündə əks etdirir. Hesabatda bildirilir ki, Şirkət 2017-ci ildə büdcəyə 1,5 milyard manat həcmində ödəmələr etmişdir, bu da 2016-cı illə müqayisədə 8 faiz və ya 114,7 milyon manat çoxdur. Hesabat ilində Şirkət ölkə hüdudlarında və Xəzər dənizinin Azərbaycana aid olan hissəsində 7,4 milyon ton neft hasil etmiş, həmçinin quru və dəniz sahələrində 81 quyu qazaraq istismara təhvil vermişdir. Dövr ərzində 5,9 milyon ton neft emal edilmişdir.

2017-ci il ərzində qaz infrastrukturunun nəqletmə imkanlarının artırılması məqsədi ilə 1886,2 km uzunluğunda yeni qaz kəmərləri çəkilmiş, qaz təchizatının yaxşılaşdırılması məqsədi ilə 221,1 km qaz kəməri əsaslı təmir olunmuşdur.

Hesabatda deyilir ki, 01.01.2018-ci il tarixində SOCAR üzrə işçilərin sayı 50 min nəfərdən artıq olmuşdur. 2017-ci il ərzində SOCAR-ın müəssisə və təşkilatlarında İnsan Resursları Departamentinin nümayəndələrinin iştirakı ilə Tarif-İxtisas (kvalifikasiya) Komissiyalarının ümumilikdə 61 iclası keçirilmişdir. Bu iclaslarda 1934 nəfər işçinin Əməyinin Ödənilməsi Dərəcəsinin (ƏÖD) dəyişdirilməsi məsələsinə baxılmış, onlardan 1595 nəfərinin (82%) iddiası təmin olunmuşdur.

SOCAR üzrə mənzil növbəsində olan 89 neftçi ailəsi “Neftçi” mənzil-tikinti kooperativi vasitəsilə yeni mənzillərlə, 4 nəfər isə Suraxanı rayonunda torpaq sahəsi ilə təmin olunmuşdur. Ötən dövr ərzində respublikanın istirahət zonalarında, ümumilikdə 2991 nəfərə yaxın neftçinin və onların ailə üzvlərinin istirahəti təşkil olunmuşdur. Müalicəyə ehtiyacı olan 2 677 nəfər neftçi istirahət və sanator-kurort müalicə mərkəzlərinə göndərilmiş, Naftalan şəhərində 3 227 nəfərə yaxın işçinin müalicəsi təmin edilmişdir.

SOCAR prezidenti Rövnəq Abdullayev 2017-ci ildə davamlı inkişaf istiqamətimətində görülən işlərlə bağlı demişdir: “Biznes portfelimizin davamlı şaxələndirilməsi və beynəlxalq neft bazarında bazar payımızın artırılması ən mühüm nailiyyətlərimizdən biridir. 2018-ci ildə SOCAR-ın strateji əhəmiyyətə malik 6 layihəsi - Türkiyədə TANAP Boru Kəməri və “STAR” neft emalı zavodu, Gürcüstan və Azərbaycanda “Şahdəniz-2”, Cənubi Qafqaz Boru Kəmərinin Genişləndirilməsi, “SOCAR Polymer” və Karbamid zavodunun inşası layihələri başa çatacaq. Hazırda şirkətimizin dəyər zəncirinin təkmilləşdirilməsi məqsədi ilə yeni layihələr hazırlanır - Azərbaycanda SOCAR GPC, qardaş Türkiyədə yeni tereftal turşusu zavodunun inşası ilə bağlı layihələndirmə işləri aparılır. Yaxın bir il ərzində bu istiqamətlərdə də yekun investisiya qərarlarının verilməsi planlaşdırılır.”

SOCAR-ın 2017-ci il üzrə “Davamlı inkişaf haqqında hesabat”ı ilə tam şəkildə bu keçiddə tanış ola bilərsiniz.