Xəbərlər arxivi

27 Iyul 2018

2018-ci ilin II rübü üzrə qazma, hasilat və ixrac göstəriciləri

+

•SOCAR üzrə neft hasilatı 3,6 faiz, qaz hasilatı isə 5,3 faiz artmışdır

•Altı ay ərzində ölkə üzrə 19,4 mln. ton neft, 14,4 mlrd. kub metr qaz hasil edilmişdir

•Ölkə üzrə neft hasilatı 1,2%, qaz hasilatı 3,1 faiz artmışdır

Cari ilin ikinci rübündə SOCAR üzrə neft hasilatı 3,6 faiz artaraq 1,9 milyon tona yüksəlmiş, qaz hasilatı isə 5,29 faiz artaraq 1,66 mlrd. kub metrə çatmışdır. 6 ay ərzində SOCAR üzrə 3,7 milyon ton neft 3,2 mlrd. kub metr qaz hasil olunmuşdur. Ölkə üzrə 2018-ci ilin altı ayı ərzində ümumilikdə 19,38 mln. ton neft, 14,36 mlrd. kub metr qaz hasil edilmişdir. Bu da ötən ilin müvafiq dövrü ilə müqayisədə neft hasilatında 1,2% , qaz hasilatında isə 3,1% artım təşkil etmişdir.

SOCAR üzrə hasilatın stabilləşməsi və artırılması strateji əhəmiyyətli yataqlarda həyata keçirilən kompleks tədbirlər planı ilə bağlıdır. Bu istiqamətdə qazma işlərinin artırılması da mühüm yer tutur. 2018-ci ilin yanvar-iyun aylarında 80 min metrə yaxın quyu qazılıb ki, bu da ötən ilin müvafiq dövrü ilə müqayisədə 8,4% daha çoxdur. Qazma işlərinin 39 min metrdən artığı 2018-ci ilin II rübünün (aprel-may-iyun) payına düşür.

2018-ci ilin ikinci rübündə xam neftin və neft məhsullarının ixracında həmçinin əhəmiyyətli artım müşahidə olunmuşdur. Ötən ilin müvafiq dövrünə nisbətən xam neftin ixracı 18% artaraq 6,1 milyon tona yüksəlmişdir. Cari ilin iyun ayında xam neftin ixracı bir il əvvəlki dövrün müvafiq göstəricilərini 24% geridə qoyaraq 2,1 milyon tona qədər artmışdır.

Neft məhsullarının ixracında 19% artım qeydə alınmışdır, yəni ötən ilin aprel-may-iyun aylarında 350 min tona yaxın neft məhsulu ixrac olunmuşdursa, bu il həmin göstərici 410 min tondan yüksək olmuşdur. Bu dövrdə dizel yanacağının ixracı təqribən 48%, mütləqləşdirilmiş izopropil spirti 69%, maye piroliz qətranı 27%, propilen 30%, butilen butadien fraksiyasının ixracı isə 37% artmışdır.

Neft və neft məhsullarının ixracının müsbət dinamikası ilə bağlı SOCAR-ın Sərmayələr və marketinq üzrə vitse-prezidenti Elşad Nəsirov deyir: “AÇG yataqlar bloku üzrə SOCAR-ın payının 11,65%-dən 25%-ə yüksəlməsi SOCAR tərəfindən ixrac olunan xam neftin miqdarını artırmış, həmçinin cari ilin 2-ci rübündə emal olunan xam neftin 2017-ci ilin müvafiq dövrü ilə müqayisədə daha çox olması ixrac edilən neft məhsullarının miqdarında artıma səbəb olmuşdur.”

18 Iyul 2018

“SOCAR Polymer” layihəsi çərçivəsində inşa olunan Polipropilen zavodunun açılışı olub

+

İyulun 18-də Sumqayıt Kimya Sənaye Parkı ərazisində “SOCAR Polymer” layihəsi çərçivəsində inşa olunan Polipropilen zavodunun açılışı olub. Azərbaycan Respublikasının Prezident İlham Əliyev və ölkəmizdə rəsmi səfərdə olan İtaliya Prezidenti Sercio Mattarella mərasimdə iştirak etmişlər. Açılış mərasimində çıxış edən Prezident İlham Əliyev yeni sənaye müəssisənin fəaliyyətə başlaması münasibəti ilə xalqımızı təbrik etmişdir. Bu mərasimdə İtaliya prezidentinin iştirakını yüksək qiymətləndirən dövlət başçısı zavodun yaradılmasını İtaliya-Azərbaycan dostluğunun təzahürü kimi qiymətləndirmiş və beynəlxalq əməkdaşlıq sayəsində yaradılan zavodun ölkəmizin ixrac potensialının artmasına güclü təkan verəcəyini diqqətə çatdırmışdır. Bildirmişdir ki, müəssisəsinin fəaliyyəti ilə Azərbaycanın ixrac potensialı artacaq, idxaldan asılılıq azalacaq və qeyri-neft sektoru inkişaf edəcək. “Azərbaycanın müasir tarixində bu ölçüdə sənaye müəssisi tikilməyib” - deyən Prezident İlham Əliyev son 15 ildə ölkəmizə 250 milyard dollara yaxın sərmayə qoyulduğunu vurğulayaraq, qeyd etmişdir ki, İtaliya şirkətləri bundan sonra da ölkəmizdə uğurla fəaliyyət göstərəcəklər.

“Bu cür tədbirlər ölkələrimiz arasındakı münasibətlərin, dostluğun və səmimiyyətin təzahürüdür”-deyən İtaliya Prezidenti Sercio Mattarella layihənin icrasında iştirak edən SOCAR və “Maire Tecnimont” şirkətlərinin fəaliyyətini vurğulayaraq bu müəssisənin Azərbaycanın inkişafında mühüm rol oynacayacağına ümidvar olduğunu bildirmiş və Azərbaycana rəsmi səfərinin məhsuldar keçdiyini diqqətə çatdırmışdır.

SOCAR-ın prezidenti Rövnəq Abdullayev müəssisənin tikintisinin yüksək səviyyədə aparıldığını, bütün texniki və ekoloji parametrlərin yerinə yetirildiyini diqqətə çatdıraraq, 3000-dən çox işçinin tikintisində iştirak etdiyi layihənin tam icrası nəticəsində minlərlə yeni iş yerlərinin açılacağını bildirdi. “Maire Tecnimont” şirkətinin prezidenti Fabrizio di Amato bu zavodun tikintisinin birgə əməkdaşlığın yüksək nümunəsi olduğunu, burada tətbiq edilən texnologiyaların yüksək səviyyəsi ilə diqqət çəkdiyini söyləmişdir.

Daha sonra Prezident İlham Əliyev və İtaliya Prezidenti Sercio Mattarella polipropilen zavodunu işə salmışlar. Azərbaycan Respublikasının və İtaliya Prezidentlərinə zavod haqqında məlumat verilmişdir.

Qeyd edək ki, “SOCAR Polymer” şirkəti Azərbaycanda kimya sənayesinin inkişafını sürətləndirmək məqsədilə 2013-cü ildə təsis edilib. 2015-ci il oktyabrın 25-də isə Prezident İlham Əliyevin iştirakı ilə ən yüksək standartlar və müasir texnologiyalara əsaslanan “SOCAR Polymer”-in təməli qoyulub. Layihəni həyata keçirmək üçün İtaliyanın “Maire Tecnimont”, Niderlandın “Fluor” və digər şirkətlər cəlb edilib.

“SOCAR Polymer” zavodları ildə 19 çeşiddə 184 min ton polipropilen və 12 çeşiddə 120 min ton yüksəksıxlıqlı polietilen istehsal edəcək. İstehsal olunan məhsullar sahibkarlıq subyektlərinin xammalla təchiz edilməsində əhəmiyyətli rol oynayacaq, respublikanın ixrac potensialının möhkəmlənməsinə əlavə stimul verəcək. İlkin qiymətləndirmələrə görə, “SOCAR Polymer” zavodlarının fəaliyyəti Azərbaycanın qeyri-neft sektorunun ixrac gəlirlərini 19 faiz, Abşeron İqtisadi Regionunun ÜDM həcmini isə 15 faiz artıracaq. İstismar müddətində zavodda 500 nəfər daimi iş yeri ilə təmin olunacaq. Zavodların istismar dövründə 6.3 milyard dollar həcmində gəlir proqnozlaşdırılır ki, bunun 30 faizi şirkətin xalis mənfəəti olacaq.

“SOCAR Polymer” bir çox istiqamətdə birincidir:

Azərbaycanın neft-kimya sənayesində dövlət - özəl sektor tərəfdaşlığı əsasında yaradılmış ilk şirkətdir;

Layihə maliyyələşdirilməsi prinsipləri əsasında ana şirkətin təminatı olmadan borc kapitalı cəlb etmiş ilk şikətdir;

Azərbaycanda polipropilen və yüksəksıxlıqlı polietilen istehsal edəcək ilk şirkətdir.

“SOCAR Polymer”in zavodları yerli bazarların ehtiyaclarını tam qarşılayacaq, 75 faiz məhsul Türkiyə və Avropa bazarlarına ixrac ediləcəkdir.