Xəbərlər arxivi

28 Iyun 2018

Bakı Ali Neft Məktəbində “Məzun Günü” keçirilmişdir

+

İyunun 28-də Bakı Ali Neft Məktəbində tələbələrin “Məzun Günü” keçirildi. Tədbirdə SOCAR-ın prezidenti Rövnəq Abdullayev, BP şirkətinin Azərbaycan, Gürcüstan və Türkiyə üzrə regional prezidenti Qəri Counz, SOCAR və BP şirkətlərinin rəhbərləri, BANM-in rektoru Elmar Qasımov və Ali Məktəbin professor-müəllim heyəti, ölkəmizdə fəaliyyət göstərən digər ali məktəblərin rektorlarə, transmilli şirkətlərin təmsilçiləri, Böyük Britaniyanın Heriot-Vatt Universitetinin nümayəndələri, məzunlar və onların valideynlərı iştirak etmişlər. SOCAR-ın prezidenti, millət vəkili Rövnəq Abdullayev demişdir: “Möhtərəm Prezidentimiz 2011-ci ildə qarşımıza yüksək texnoloji biliklərə sahib olan ingilisdilli neftçi mütəxəssislər hazırlayacaq müasir təhsil sistemi ilə təchiz olunmuş ali məktəbin Azərbaycanda yaradılması kimi şərəfli bir vəzifə qoydu. Çəkilən zəhmətin bəhrələrini görmək bizi sevindirir. Müasir Avropa təhsil konsepsiyasına uyğun hazırlanmış tədris proqramı, yeni yaradıcı mühit və təhsilin yüksək keyfiyyəti qəbul imtahanlarında ən yüksək bal toplayan abituriyenləri Bakı Ali Neft Məktəbini seçməyə həvəsləndirir”.

BANM-in rektoru Elmar Qasımov tədbiri açaraq bütün qonaqları salamladı, məzunları və onların yaxınlarını bu əlamətdar gün münasibətilə ürəkdən təbrik etdi: “Əminəm ki, bu gün məzun olan tələblərimiz də keçən ilki məzunlarımız kimi Bakı Ali Neft Məktəbini və doğma Azərbaycanı yerli və transmilli şirkətlərdə, eləcə də dünyanın aparıcı universitetlərində layiqincə təmsil edəcəklər. Ötən il BANM iki ixtisas üzrə məzun buraxılışı həyata keçiribsə, bu il artıq üç ixtisas üzrə məzunlarını yola salır. Yeni dərs ilindən isə biz bakalavr pilləsi üzrə yeni ixtisasın tədrisinə başlayırıq. Biz bu gün böyük qürur hissi ilə deyə bilirik ki, Ali Məktəbimiz Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin “Biz neft kapitalını insan kapitalına çevirməliyik” şüarını rəhbər tutaraq dinamik inkişaf edir”.

Tədbirdə Ekologiya və təbii sərvətlər naziri Muxtar Babayev, BP şirkətinin Azərbaycan, Gürcüstan və Türkiyə üzrə regional prezidenti Qəri Counz, 2012-ci ildən BANM ilə əməkdaşlıq edən Böyük Britaniyanın Heriot Vatt Universitetinin prorektoru, professor Culian Counz məzunları təbrik etdi. Ali Məktəbin məzunları onların gənc mütəxəssis kimi yetişmələrində, bilik və bacarıqlarının formalaşmasında böyük əməyi olan fədakar müəllimlərinə minnətdarlıq hisslərini çatdırdılar. Qeyd olundu ki, BANM-ın ötən ilki ilk məzunlarının hamısı işlə təmin olunub və bu gün həmin məzunlar SOCAR-ın müxtəlif müəssisələrində, Türkiyədə STAR Neft Emalı Zavodunda, BP, Halliburton, Maire Tecnimont və s. kimi şirkətlərdə öz vəzifələrini böyük məsuliyətlə yerinə yetirirlər. Tədbirdə Bakı Ali Neft Məktəbi layihəsinin əsas icraçılarından olan SOCAR-ın kadr, rejim və informasiya texnologiyaları üzrə vitse-prezidenti Xalik Məmmədov 60 illik yubileyi münasibəti ilə təbrik edildi. Öz növbəsində X.Məmmədov belə bir möhtəşəm layihənin kerçəkləşdirilməsində yer aldığına görə qürur hissi keçirdiyini bildirdi və onu təbrik edənlərin hər birinə minnətdarlığını çatdırdı.

Tədbirin sonunda mantiya geyinmiş məzunların ənənəvi “papaq atma” mərasimi keçirildi.

Xatırladaq ki, Bakı Ali Neft Məktəbi Azərbaycan Respublikası Prezidenti cənab İlham Əliyevin 29 noyabr 2011-ci il tarixli Fərmanı ilə dövlət ali təhsil müəssisəsi statusunda SOCAR-ın strukturunda yaradılıb. Məktəb Azərbaycanda və xarici ölkələrdə fəaliyyətini genişləndirən SOCAR-ın və ölkənin digər sənaye sahələrinin müasir tədris proqramları və təlim texnologiyaları əsasında, ingilis dilində təhsil almış yüksək ixtisaslı mühəndis kadrlarına olan ehtiyaclarını ödəmək məqsədilə təsis edilib.

25 Iyun 2018

Türkiyə Respublikasının Prezidenti Zati-aliləri cənab Rəcəb Tayyib Ərdoğana

+

Hörmətli cənab Prezident,

İyunun 24-də Türkiyədə keçirilmiş prezident və parlament seçkilərinin müvəffəqiyyətlə başa çatması və Zati-alinizin yenidən Türkiyə Respublikasının Prezidenti seçilməyi münasibəti ilə çoxminli əməkdaşlarımız, SOCAR rəhbərliyi və şəxsən öz adımdan Sizi səmimi qəlbdən təbrik edirəm. Bu xoş fürsətdən istifadə edərək, Sizə uzun ömür, möhkəm can sağlığı, tükənməz enerji və Türkiyə xalqının tərəqqisi naminə ali dövləti fəaliyyətinizdə yeni uğurlar arzu edirəm.

Qardaş Türkiyə xalqının müstəqillik əzmini və azad iradəsini əks etdirən bu seçkilərin yüksək demokratiya, şəffaflıq və ümummilli etimad şəraitində keçirilməsindən məmnunluq duyuruq. Seçkilərdə qazandığınız inamlı qələbə xalqın Sizə bir güclü lider kimi böyük inam və etimadının parlaq təzahürüdür. Əminəm ki, prezidentliyinizin yeni dönəmində Türkiyənin inkişafına və beynəlxalq arenada nüfuzunun artmasına daha böyük töhfələrinizi verməkdə davam edəcəksiniz.

Sarsılmaz dostluq və qardaşlıq münasibətlərinə malik Azərbaycan və Türkiyə dövlətləri bu gün bütün sahələrdə, o cümlədən enerji sahəsində münasibətləri inkişaf etdirməkdə davam edir. Birgə həyata keçirdiyimiz Bakı-Tbilisi-Ceyhan, Bakı-Tbilisi-Ərzurum neft və qaz kəmərləri, Bakı-Tbilisi-Qars dəmir yolu xətti, bu yaxınlarda açılışını etdiyimiz TANAP layihələri uğurlu əməkdaşlığımızın parlaq nümunələridir. Bu qlobal layihələrin həyata keçirilməsində Türkiyə dövlətinin və şəxsən Sizin əvəzsiz rolunuz danılmazdır. Əminəm ki, əlaqələrimiz bundan sonra da bütün sahələrdə daim möhkəmlənəcək və genişlənəcək.

Hörmətli cənab Prezident,

Zati-alinizi bir daha səmimi qəlbdən təbrik edir, qardaş Türkiyə xalqına Sizin ali rəhbərliyiniz altında sülh, tərəqqi və firavanlıq arzularımı bildirmək istəyirəm.

Dərin hörmətlə,

Rövnəq Abdullayev

SOCAR-ın prezidenti

14 Iyun 2018

2017-cı ildə SOCAR-ın xalis mənfəəti 6 dəfəyə yaxın artmışdır

+

Audit olunmuş maliyyə hesabatlarına əsasən, 2017-ci ildə SOCAR ümumi gəlirlərini 78 faiz artıraraq, 92,6 milyard manata çatdırmışdır. Şirkətin xalis mənfəəti 2016-cı illə müqayisədə 6 dəfəyə yaxın artmış, 2,09 milyard manata yüksəlmişdir. SOCAR ümumi aktivlərini 16 faiz yüksəldərək , 61,3 milyard AZN-ə çatdırmışdır. Ümumilikdə hesabat ilində şirkətin maliyyə nəticələri neft sənayesi böhranından əvvəlki səviyyəni üstələmişdir. 2017-ci ildə SOCAR-ın daha yüksək maliyyə nəticələrinə nail olması əsasən aşağıdakı amillərlə bağlıdır:

• 2017-ci ildə SOCAR üçüncü tərəflərdən alınıb satılan neft və neft məhsullarının həcmini 3 dəfəyə qədər artırmış, nəticədə şirkətin ümumi ticarət dövriyyəsi 2 dəfədən çox yüksəlmişdir;

• neft-kimya məhsullarından daha yüksək gəlir əldə edilmişdir;

• dünya bazarlarında xam neftin qiyməti əvvəlki ilə nisbətən 25-30 faiz civarında yüksəlmişdir;

• SOCAR Azəri-Çıraq-Dərinsulu Günəşli (AÇG) yataqlar blokunun əməliyyatçısı olan ABƏŞ-də öz payını artırmışdır.

Digər tərəfdən SOCAR-ın AÇG-dəki payının artması, “SOCAR Georgia Energy” şirkətindəki payının 75,5 faizə yüksəlməsi, eləcə də neft qiymətlərinin artması fonunda xammal və investisiya xərclərinin artması kimi faktorlar, təbii olaraq, şirkətin ümumi xərc və öhdəliklərinin artmasına səbəb olsa da, şirkətin ümumi aktivlərinin artımı ümumi öhdəliklərin artım tempindən yüksək olmuşdur. Belə ki, SOCAR-ın ümumi aktivləri və ümumi öhdəlikləri arasındakı müsbət fərq təqribən 22 milyard AZN təşkil etmişdir.

SOCAR-ın prezidenti Rövnəq Abdullayev 2017-ci ildə əldə edilən göstəriciləri qiymətləndirərək demişdir: “Ötən ilin maliyyə nəticələri bunu göstərir ki, SOCAR artıq qlobal neft sənayesində baş vermiş böhrandan əvvəlki nailiyyətlərini üstələyə bilmişdir. Bu yüksək göstəricilər Azərbaycan neftçilərinin peşəkarlığı, fədakarlığı və işə məsuliyyətli yanaşması sayəsində əldə olunmuşdur. SOCAR öz gəlirini artıq yalnız Azərbaycan neftinin satışından deyil, daha çox üçüncü tərəflərin və neft-kimya məhsullarının satışından əldə edir. Bu da, SOCAR olaraq, həyata keçirdiyimiz davamlı inkişaf strategiyasının effektivliyinin bariz göstəricisidir”.

SOCAR-ın iqtisadi məsələlər üzrə vitse-prezidenti Süleyman Qasımov bildirmişdir: “Son illərdə SOCAR apardığı fəal maliyyə əməliyyatları nəticəsində kənardan sərfəli şərtlərlə maliyyə vəsaiti cəlb edə bilmiş və bunun sayəsində bir çox yeni layihələri həyata keçirməyə nail olmuşdur. Artıq bu il SOCAR-ın 6 nəhəng layihəsi istismara verilir. Təbii ki, əvvəlki illərdə həmin layihələrlə bağlı götürülən maliyyə öhdəliklərinin artımı nəzərə çarpırdısa, yaxın gələcəkdə biz alınan vəsaitlərin gətirdiyi bəhrələri daha açıq şəkildə görəcəyik. Hazırda SOCAR-ın aktivləri şirkətin maliyyə öhdələklərini üstələyir və bu müsbət fərq təqribən 22 milyard AZN təşkil edir”.

Əvvəlki illərdə olduğu kimi beynəlxalq audit şirkəti olan Ernst & Young Holdings (CIS) B.V. SOCAR-ın 31.12.2017-ci il tarixinə hazırlanmış maliyyə hesabatlarına müsbət rəy vermişdir. Ötən hesabat illəri ilə müqayisədə 2017-ci ildə aparılmış əlavə tədbirlər nəticəsində audit rəyinin təxminən 1 ay əvvəl alınmasına nail olunmuşdur.

Son 10 ildə SOCAR-ın ümumi gəlirləri 20 dəfəyə yaxın , xalis mənfəəti isə 4 dəfədən çox artmışdır. Qeyd edilən dövrdə şirkətin ümumi aktivləri 5 dəfəyə yaxın yüksəlmiş, o cümlədən, cari aktivləri təqribən 8 dəfə, uzun müddətli aktivləri isə 4 dəfə artmışdır. SOCAR-ın 2017-ci il üzrə Konsolidasiya edilmiş maliyyə hesabatlarına bu keçiddə baxa bilərsiniz.

1 Iyun 2018

SOCAR rəhbərliyi və “Goldman Sachs International” nümayəndələri arasında görüş olmuşdur

+

SOCAR-ın prezidenti Rövnəq Abdullayev və şirkətin rəhbər heyəti “Goldman Sachs International” investisiya şirkətinin icraçı direktorları Sarel Eldor, Yakut Seyhanlı və Anton Sıçevlə görüşmüşdür. Görüşdə bildirildi ki, bu il SOCAR-ın bir sıra mühüm layihələri, o cümlədən “Goldman Sachs International” şirkətinin paydaş olduğu STAR neft emalı zavodu və TANAP boru kəməri kimi layihələr tamamlanmaq üzrədir. “Goldman Sachs International” şirkəti ilə əməkdaşlıq əlaqələrinin qurulduğu dövrdə hələ ilkin layihəndirmə mərhələsində olan sənaye obyektlərinin tikintisi bu gün artıq tamamlanmaq üzrədir və yaxın zamanda həmin müəssisələr gəlir gətirməyə başlayacaq.

SOCAR-ın əldə etdiyi uğurlu nəticələr gələcək əməkdaşlığın daha da əlverişli vasitələrlə davam etdirilməsinə stimul verir. Bu baxımdan SOCAR hazırkı və gələcək layihələrdə ortaqlıq prinsiplərini daha da əlverişli əsaslarda müəyyənləşdirmək üçün Goldman Sachs ilə birgə təhlil və araşdırma aparacaq.

Görüşdə həmçinin SOCAR-ın Türkiyədə və bütün dünyada genişlənən ticarət əməliyyatlarının maliyyələşdirilməsi ilə bağlı “Goldman Sachs International” Şirkətinin mümkün rolu gündəmə gətirilmişdir. “Goldman Sachs International” SOCAR-ın dünya üzrə infrastruktur və sənaye layihələrini maliyyələşdirməkdə maraqlıdır. Bu istiqamətlərdə araşdırmaların aparılması üçün şirkətlər arasında işçi qrupunun fəaliyyəti planlaşdırılıb.

SOCAR “Goldman Sachs International” ilə əməkdaşlığı 2014-cü ilin dekabrında Petlim limançılıq şirkətinin 30 faizlik payının alınması ilə başlamışdır. 2015-ci ildə isə Goldman Sachs SOCAR-ın törəməsi olan “SOCAR Turkey Energy A.Ş.” şirkətinin 13 faizinə yiyələnmək üçün 1,3 milyard dollar vəsait sərf etmişdir. Goldman Sachs investisiya şirkətinin baş ofisi Nyu-Yorkdadır. Goldman Sachs investisiya bankçılığı, qiymətli kağızlar, investisiya menecmenti sahəsində fəaliyyət göstərir.