Xəbərlər arxivi

31 May 2018

Meksika Neft İnstitutu SOCAR-la perspektivli əməkdaşlıq istiqamətlərini müzakirə etdi

+

Mayın 31-də SOCAR prezidenti Rövnəq Abdullayev 25-ci Beynəlxalq Xəzər Neft və Qaz sərgi və konfransı çərçivəsində Bakıda səfərdə olan Meksika Neft İnstitutunun baş direktoru Ernesto Rios Patronun başçılıq etdiyi nümayəndə heyətini qəbul etmişdir. Görüşdə Azərbaycan və Meksika neftçiləri arasında əməkdaşlıq perspektivləri nəzərdən keçirilib. Bildirilmişdir ki, Meksika Neft İnstitutu uzun illərdir ki, köhnəlmiş yataqların işlənməsi və bu yataqlarda hasilatın sabit saxlanılması istiqamətində elmi araşdırmalar həyata keçirir. Hasilatda neftvermə əmsalının artırılması Azərbaycanda uzun illərdir istismar edilən yataqlarda hasilatın sabit saxlanılması baxımından həmçinin böyük önəm kəsb edir. Görüşdə SOCAR-ın Bakı Ali Neft Məktəbi ilə əməkdaşlığın qurulması, həmçinin SOCAR-ın təlim mərkəzlərinin fəaliyyətində müxtəlif əməkdaşlıq imkanlarından, o cümlədən hasilat və emal sənayesi üçün operatorların sertifikatlaşdırılması haqqında söhbət açılmışdır. Tərəflər akademik hərəkətlilik, təcrübə mübadiləsi və birgə tədqiqatların həyata keçirilməsi üçün əməkdaşlıq yollarının qurulmasını vacib hesab ediblər.

Xatırladaq ki, 1965-ci ildə yaradılmış Meksika Neft İnstitutu neft sənayesi ilə bağlı fəaliyyət göstərən tədqiqat mərkəzidir. Əsas fəaliyyət sahəsi: texnoloji tədqiqat və inkişaf (R&D), mühəndislik və texniki xidmət, tədris və təlimlərin keçirilməsi (treyninq), texnoloji tədqiqat və inkişaf nəticələrinin kommersiyalaşdırılması, strateji və texnoloji birgə müəssisələrdə iştirak. Məramı - neft sənayesinin inkişafına töhfə verən texnologiya və xidmətlərlə dünya səviyyəli bir ictimai araşdırma mərkəzi olmaqdır. Meksika Neft İnstitutu hazırda Pemex şirkəti ilə sinerji yaradıb.

31 May 2018

SOCAR İndoneziyanın “Pertamina” şirkəti ilə əməkdaşlıq məsələlərini müzakirə etdi

+

Mayın 31-də SOCAR prezidenti Rövnəq Abdullayev İndoneziyanın “Pertamina” şirkətinin planlama, investisiya və risk menecmenti üzrə direktoru Gigih Prakosonun rəhbərlik etdiyi nümayəndə heyəti ilə görüşmüşdür. Hazırda Pertamina şirkəti SOCAR Trading ilə neftin alğı-satqısı sahəsində əməkdaşlıq edir və bu əməkdaşlığı daha da genişləndirməyə maraqlıdır. Bununla yanaşı Pertamina şirkəti həm hasilat, həm də emal sahələrində birgə əməliyyatlara maraq göstərir. Azərbaycan və İndoneziyada neftin satışı, hasilat və emal sahələrində gerçəkləşdirilən layihələr çərçivəsində əməkdaşlıq imkanlarının araşdırılması üçün işçi qrupu tərəfindən müvafiq araşdırma və təhlillər aparılacaq.

İndoneziya bazarı SOCAR Trading-in əməliyyatları arasında xüsusi əhəmiyyət kəsb edir. Hazırda İndoneziyanın idxal etdiyi neftin 8%-i SOCAR-ın payına düşür. 10 il əvvəl SOCAR Trading-in “Azeri light” brendi ilə daxil olduğu İndoneziya bazarının perspektivliyi və bazarda Azərbaycan neftinə olan tələbat artan xətt üzrə inkişaf etməkdədir.

31 May 2018

“SOCAR Trading”in rəhbərliyində dəyişiklik olub

+

“SOCAR Trading”in rəhbərliyində dəyişiklik olub. Ədnan Əhmədzadə “SOCAR Trading”in icraçı sədri təyin edilib. Ə.Əhmədzadə buna qədər “SOCAR Trading”in İdarə Heyətinin üzvü idi və uzun illər şirkətin idarə olunmasında aktiv iştirak edirdi. Emil Bayramlı “SOCAR Trading”in maliyyə direktoru, Məryəm Almaszadə isə şirkətin İcraçı Direktoru təyin edilib.

Arzu Əzimov ''SOCAR Trading''də fəaliyyətini davam etdirir və onun yeni vəzifəsi yaxın vaxtlarda elan ediləcək.