Xəbərlər arxivi

30 May 2018

SOCAR və “Statoil” (Equinor) şirkətləri yeni kəşfiyyat və hasilat layihələri haqqında iki saziş imzaladılar

+

Mayın 30-da Azərbaycan Respublikası Dövlət Neft Şirkəti ilə Norveçin Equinor qrupunun bir hissəsi olan Statoil Azərbaycan şirkəti “Xəzər dənizinin Azərbaycan sektorunda “Qarabağ” neft yatağının işlənməsi ilə əlaqədar risk xidməti” (RXS) və “Xəzər dənizinin Azərbaycan sektorunda Əşrəfi-Dan Ulduzu-Aypara sahəsinin kəşfiyyatı, işlənməsi və hasilatın pay bölgüsü” (HPBS) haqqında sazişləri imzaladılar. Sazişləri SOCAR-ın prezidenti Rövnəq Abdullayev və Equinor qrupun yataqların kəşfiyyatı üzrə icraçı vitse-prezidenti Tim Dodson imzalamışlar. “Qarabağ” yatağında kəşfiyyat qazması cari ildə planlaşdırılır. Hazırkı Risk Xidməti Sazişinə əsasən, yataqda platformanın quraşdırılması və ilk hasilat 2021-ci ildə nəzərdə tutulur. HPBS çərçivəsində isə seysmik kəşfiyyat işlərinin yerinə yetirilməsi və ilk kəşfiyyat quyusunun qazılması nəzərdə tutulur. Layihələrin icrası üçün Statoil və SOCAR tərəfindən 50-50 birgə əməliyyat şirkəti yaradılacaq.

SOCAR prezidenti Rövnəq Abdullayev demişdir: “Biz bu gün SOCAR və Equinor arasında əməkdaşlığın yeni mərhələsinə qədəm qoyuruq. 25 illik təcrübəyə əsaslanan tərəfdaşlıq bağları yeni layihələrimizin maksimum səmərə ilə birgə işlənməsi üçün münbit zəmin yaradır. Bu gün imzalanan sazişlər Azərbaycanda neft hasilatının stabilləşməsi və ölkədə təbii qaza artan tələbatın qarşılanması baxımından, o cümlədən emal sənayesinin xammal ilə təchiz edilməsi üçün mühüm əhəmiyyət kəsb edir.”

Equinor qrupunun prezidenti və baş icraçı direktoru Eldar Saetre demişdir: “Bu gün imzalanan sazişlər regionda növbəti məntiqli addımımızdır. Bu, bizim məhsuldar hövzələrdə mövqeyimizi möhkəmləndirəcək və inkişaf istiqamətlərini müəyyənləşdirəcək. Yataqlar bizim yaxşı tanıdığımız bir hövzədə AÇG yatağının yaxınlığında yerləşir. Biz SOCAR ilə birlikdə bu yeni kəşfiyyat layihələri üzrə işləməyi planlaşdırırıq.”

Xatıqladaq ki, “Qarabağ” perspektivli dəniz strukturu kimi 1959-cu ildə seysmik kəşfiyyat işləri nəticəsində aşkar edilmiş, 1984-cü ildə dəqiqləşdirilmiş və 1997-1998-ci illərdə kəşfiyyat qazması nəticəsində neft-qazlılığı təsdiqlənmişdir. Yataq Bakıdan şərq istiqamətində 120 kilometr aralı, açıq dənizin 150-200 metr dərinliyində yerləşir. “Dan Ulduzu” və “Əşrəfi” perspektiv strukturları Xəzər dənizində, Bakıdan şimal-şərqə doğru 100-110 kilometr məsafədə yerləşir. Burada dənizin dərinliyi 80-180 metrdir. “Aypara” sahəsi Bakı şəhərindən 90 kilometr şimal-şərqdə, açıq dənizdə yerləşir, 1980-ci ildə seysmik kəşfiyyat işləri nəticəsində aşkar edilmişdir.



Redaktorlar üçün qeyd:

-SOCAR və Statoil (Equinor) 1992-ci ildən bir sıra mühüm layihələrdə, o cümlədən Azəri-Çıraq və dərinsulu Günəşli (AÇG) neft yatağının işlənilməsi layihəsində əməkdaşlıq etmişlər. AÇG layihəsində SOCAR-ın payı 25%, Statoil Azərbaycan şirkətinin payı isə 7,27%-dir.

-AÇG neftinin əsas ixrac marşrutu olan Bakı-Tbilisi-Ceyhan (BTC) layihəsində Statoil Azərbaycan-ın 8,71%, SOCAR-ın törəmə şirkəti olan AzBTC-nin isə 25% payı vardır.

-Statoil Azərbaycan bu yaxınlarda adı dəyişmiş Equinor Qrupun (keçmiş Statoil Qrup) bir hissəsidir və adı dəyişdirilib Equinor Azərbaycan olacaq.

30 May 2018

SOCAR və Yaponiyanın JOGMEC korporasiyası əməkdaşlıq haqqında memorandum imzalamışlar

+

Mayın 30-da Bakıda 25-ci Xəzər Beynəlxalq Neft və Qaz Sərgi-Konfransı çərçivəsində SOCAR və Yaponiya İqtisadiyyat, Ticarət və Sənaye Nazirliyinin Neft, Qaz və Metallurgiya Korporasiyası (JOGMEC) arasında Əməkdaşlıq Memorandumu imzalanmışdır. Geoloji və geofiziki tədqiqatlar, texniki əməkdaşlıq və insan resurslarının inkişafı sahəsində əməkdaşlığa dair Memorandumu SOCAR-ın prezidenti Rövnəq Abdullayev və JOGMEC prezidenti Tetsuhiro Hosono imzalamışlar.

Azərbaycanın neft-qaz layihələri Yaponiya şirkətlərinin daim diqqət mərkəzindədir. 20 ildən artıqdır ki, Azərbaycanın yeni neft stretagiyası çərçivəsində SOCAR və Yaponiyanın İTOCHU, eləcə də İNPEX şirkətləri arasında qarşılıqlı maraqlara əsaslanan səmərəli əməkdaşlıq həyata keçirilir. Yaponiya Milli Neft Korporasiyasının (JNOC) davamçısı olan Yaponiya Neft, Qaz və Metallurgiya Korporasiyasının (JOGMEC) rəhbər nümayəndələri bir necə dəfə Azərbaycana səfər etmiş, SOCAR və ITOCHU şirkətləri tərəfindən Pirallahı yatağında layların neftveriminin artırılması üzrə aparılan birgə tədqiqat işinin gedişi ilə tanış olmuşlar və gələcək əməkdaşlığa dair təkliflər də buradan yaranmışdır.

Qeyd: Yaponiya Neft, Qaz və Metallurgiya Korporasiyası (JOCMEG) 2004-cü ilin fevralında Yaponiya Milli Neft Korporasiyası (JNOC) və Yaponiya Metallurgiya-Mədən Agentliyinin (MMAJ) birləşməsi nəticəsində yaranaraq, həmin qurumların müvafiq vəzifələrini öz üzərinə götürmüşdür. Yaponiyanın İqtisadiyyat, Ticarət və Sənaye Nazirliyinin (Ministry of Economy, Trade and İndustry - METİ) təkibində olan JOGMEC Yaponiya Milli Neft Korporasiyasının davamçısı kimi, hökumət adından ITOCHU, İNPEX və s. şirkətlərin xaricdə neft-qaz sahəsində fəaliyyətlərinə texniki və maliyyə dəstəyi verir.