Xəbərlər arxivi

17 Iyul 2019

2019-cu ilin II rübü üzrə qazma, hasilat və ixrac göstəriciləri

+

2019-cu ilin II rübündə SOCAR öz imkanları hesabına müstəqil olaraq 1,9 milyon tondan1 çox neft, 1,7 milyard kubmetrə yaxın2 qaz hasil edərək, hasilat səviyyəsini əvvəlki ilin müvafiq dövrünə nisbətən sabit saxlamağa nail olmuşdur.

Şirkətin istismar etdiyi neft və qaz yataqlarında hasilat səviyyəsinin sabit qalması üçün həyata keçirilən kompleks tədbirlər planın icrası davam etdirilmiş, istismardan çıxarılmış bir sıra köhnə quyuların fəaliyyəti bərpa olunmuş, yeni quyular qazılmış, ümumilikdə qazma işlərin həcmi ötən ilin müvafiq dövrünə nisbətən artırılmışdır. Cari ilin ikinci rübündə şirkət üzrə 41 min metrdən artıq3 qazma işi aparılmışdır.

Hesabat dövründə SOCAR tərəfindən, AÇQ üzrə mənfəət nefti də daxil olmaqla 4,9 milyon ton4 xam neft, 172 milyon kubmetrdən çox5 təbii qaz, 604 min tondan artıq6 neft və neft kimya məhsulları ixrac edilmişdir. Xam neftin ixracında azalma müşahidə edilsə də, neft və neft kimya məhsullarının ixracında 48 faiz artım qeydə alınmışdır. Bu isə xam neftin və qazın ixracında azalmaya səbəb olan amillərdən birinin də daha çox məhsulun emala yönəlməsi olduğunu göstərir.

II rübdə, Azərbaycanın digər hasilatçı şirkətləri daxil olmaqla, ölkə üzrə ümumilikdə 9 milyon tondan çox7 neft, 8 milyard kubmetrdən çox8 qaz hasil edilmişdir. Dövr ərzində ölkədən 2,4 milyard kubmetrdən çox9 təbii qaz ixrac edilmişdir. Təbii qazın ixracında Cənub Qaz Dəhlizinin işə düşməsi ilə əlaqəlar olan artım ötən ilin müvafiq dövrünə nisbətən təqribən 37 faiz təşkil etmişdir.

SOCAR-ın birinci vitse-prezidenti akademik Xoşbəxt Yusifzadə demişdir: “Dünyanın ən qədim neft sənayesinin beşiyi başında durmuş Azərbaycanda zəngin və peşəkar neftçi ənənələri formalaşmışdır. Lakin digər tərəfdən dünyanın ən qədim və uzun müddət ərzində istismar olunan yataqlarının məhz bizim ölkəmizdə olması qarşımızda çağırışlar yaradır. Bu baxımdan qarşıdakı dövrdə əsas hədəfimiz bütün vasitələrlə köhnələn yataqların ömrünü uzatmaqdır.

Digər tərəfdən yeni yataqlarımızın uğurla işlənilməsi ölkəmizdə qaz hasilatının artırılması və gələcəkdə neft gəlirlərinin müəyyən dərəcədə qaz gəlirləri ilə balanslaşdırılması üçün şərait yaradır. 2019-cu ilin sonuna qədər ölkə üzrə ümumi qaz hasilatında 20 faiz artım gözləyirik. Növbəti illərdə də ölkədə qaz hasilatı yüksələn xətt üzrə inkişaf edəcəkdir. Bu müsbət trend qarşımızda həm də qaz emalı və kimya sənayesinin inkişafı üçün yeni imkanlar açır.”

1 - 1,928 milyon ton

2 - 1,672 milyard m3

3 - 41,593 min metr

4 - 4,911.586 milyon ton

5 - 172,292 milyon m3

6 - 604,6 min ton

7 - 9,061 milyon ton

8 - 8,238 milyard m3

9 - 2,421.574 milyard m3



16 Iyul 2019

Məlumat

+

İyulun 15-də saat 18:50 radələrində “Günəşli” yatağındakı 14 saylı dərin dəniz özülündə Elmi təhqiqat işləri istehsalat sahəsinin operatoru, 1980-ci il təvəllüdlü Vəlixanov Seymur Əlihüseyn oğlu hamamda yıxıldığı vəziyyətdə aşkar edilmiş və vəfat etdiyi müəyyənləşdirilmişdir. İlkin rəyə əsasən, ölüm hadisəsinə baş nahiyyəsinin xəsarəti və beyinə qan sızması səbəb olmuşdur.

Hadisənin baş vermə səbəbləri “Azneft” İstehsalat Birliyinin baş direktorunun əmri ilə yaradılmış müvafiq komissiya tərəfindən yerində araşdırılır. Hadisə ilə bağlı əlavə məlumat veriləcəkdir.

15 Iyul 2019

SOCAR-da ENOC şirkətinin nümayəndələri ilə görüş keçirilmişdir

+

SOCAR-ın prezidenti Rövnəq Abdullayev Birləşmiş Ərəb Əmirliklərinin ENOC şirkətinin sədr müavini Şeyx Səid Məhəmməd Əl Tayerin rəhbərlik etdiyi nümayəndə heyəti ilə görüş keçirmişdir. SOCAR-ın prezidenti Rövnəq Abdullayev qonaqları salamlamış, şirkətin həyata keçirdiyi yerli və beynəlxalaq layihələr haqqında ətraflı məlumat vermişdir. Bildirilmişdir ki, belə görüşlər yeni əməkdaşlıq əlaqələrinin yaradılmasında xüsusi rol oynaya bilər.

ENOC şirkətinin sədr müavini Şeyx Səid Məhəmməd Əl Tayer səmimi qəbul üçün təşəkkür etmiş, SOCAR-ın fəaliyyətini daim yaxından izlədiklərini qeyd etmişdir. Görüşdə SOCAR və ENOC şirkətləri arasında treydinq üzrə əməkdaşlıq və müxtəlif layihələrə sərmayə yatırımları imkanları, eləcə də perspektivlər müzakirə olunmuşdur.

Görüşdən sonra qonaqlar SOCAR TOWER-dəki interaktiv neft muzeyi ilə tanış olmuşlar.

11 Iyul 2019

SOCAR-ın prezidenti Fransa Sahibkarlar Təşkilatının üzvlərini qəbul edib

+

İyulun 11-də SOCAR-ın prezidenti Rövnəq Abdullayev Fransa Sahibkarlar Təşkilatı-MEDEF Biznes Şurasının prezidenti Jofrua Ru de Beziönün rəhbərlik etdiyi nümayəndə heyəti ilə görüşmüşdür. Qonaqları səmimi salamlayan Rövnəq Abdullayev Fransa şirkətlərinin Azərbaycanda uğurla fəaliyyət göstərdiklərini qeyd etmiş, ölkəmizdə həyata keçirilən regional və qlobal əhəmiyyətli enerji layihələri çərçivəsində SOCAR ilə Fransa şirkətləri arasında yaranmış uzunmüddətli və səmərəli əməkdaşlığın uğurlarından söz açmış, MEDEF-in nümayəndə heyətinin bu səfərindən sonra Fransa sahibkarları ilə əlaqələrin daha da genişlənəcəyinə əminliyini ifadə etmişdir.

MEDEF Biznes Şurasının prezidenti Jofrua Ru de Beziö səmimi qəbul üçün təşəkkkürünü bildirmiş, məlumat vermişdir ki, 170 min şirkətin üzv olduğu təşkilatın nümayəndə heyətində bank, tikinti, enerji, ətraf mühit, tədbirlərin təşkili, yeni texnologiya sahələri üzrə fəaliyyət göstərən şirkətlər təmsil olunurlar. MEDEF üzvü olan şirkətlərin enerji sektorunda əldə etdikləri nailiyyətlərdən danışan qonaq görüşdə iştirak edən Fransa şirkətlərinin Azərbaycanla daha çox qeyri-neft sektoru üzrə-informasiya texnologiyaları, innovasiyalar, kənd təsərrüfatı, ətraf mühitin mühafizəsi, turizm kimi sahələrdə əlaqələrin qurulmasında maraqlı olduqlarını nəzərə çatdırmışdır. Jofrua Ru de Beziö xarici şirkətlərin Azərbaycanda uğurla çalışmaları üçün ölkəmizdə əlverişli şərait yaradıldığını bildiklərini vurğulamışdır.

SOCAR-ın prezidenti R.Abdullayev şirkətin həyata keçirdiyi infrastruktur layihələri haqqında qonaqlara ətraflı məlumat vermiş və müxtəlif sahələrdə əməkdaşlıq üçün geniş perspektivlərin olduğunu diqqətə çatdırmışdır.

Daha sonra görüşdə iştirak edən fransız şirkətlərinin nümayəndələrini maraqlandıran suallar cavablandırılmış, qarşılıqlı maraq doğuran məsələlər ətrafında fikir mübadiləsi aparılmışdır.

Fransanın Azərbaycandakı səfiri Orelia Buşez görüşdə iştirak etmişdir.

10 Iyul 2019

SOCAR-ın prezidenti Çinin İpək Yolu Fondunun Müşahidə Şurasının sədrini qəbul etmişdir

+

SOCAR-ın prezidenti Rövnəq Abdullayev Çinin İpək Yolu Fondunun Müşahidə Şurasının sədri Yan Zedjunun rəhbərlik etdiyi nümayəndə heyətini qəbul etmişdir. Qonaqları salamlayan SOCAR-ın prezidenti Çinin İpək Yolu Fondunun böyük investisiya imkanlarından danışmış və bu sərmayənin bütün dünyanın inkişafına töhfə verə biləcəyini vurğulamışdır.

İpək Yolu Fondunun Müşahidə Şurasının sədri Yan Zedjun səmimi qəbul üçün təşəkkürünü bildirmiş, hazırda Fondun maliyyə imkanlarının genişləndirilməsindən, həmçinin müxtəlif sahələrə sərmayə qoymaqda maraqlı olduqlarından bəhs etmişdir. Fondun müxtəlif infrastruktur layihələrinin maliyyələşdirilməsində yaxından iştirak etdiyini bildirən Yan Zedjun bu istiqamətdə Azərbaycanla da əməkdaşlıqda maraqlı olduqlarını vurğulamışdır. Fond rəhbəri SOCAR-ın fəaliyyətini yaxından izlədiklərini, şirkətin inkişaf konsepsiyası ilə tanış olduqlarını diqqətə çatdırmışdır.

Rövnəq Abdullayev Azərbaycanda həyata keçirilən infrastruktur layihələri haqqında qonaqları məlumatlandırmış, gələcəkdə həyata keçiriləcək enerji layihələrində Çinlə əməkdaşlıq perspektivlərindən söz açmışdır.

Tərəflər qarşılıqlı maraq doğuran məsələlər ətrafında fikir mübadiləsi aparmışlar.

10 Iyul 2019

SOCAR-da Yaponiyanın “İTOCHU” şirkətinin nümayəndələri ilə görüş keçirilmişdir

+

İyulun 10-da SOCAR-ın prezidenti Rövnəq Abdullayev Yaponiya-Azərbaycan İqtisadi Komitəsinin həmsədri, İTOCHU Korporasiyasının prezidenti Keita İşinin başçılıq etdiyi nümayəndə heyəti ilə görüş keçirmişdir. Qonaqları səmimi salamlayan Rövnəq Abdullayev İTOCHU Korporasiyasının prezidenti Keita İşini Yaponiya-Azərbaycan İqtisadi Komitəsinin həmsədri təyin olunması münasibəti ilə təbrik etmiş, İTOCHU ilə SOCAR-ın uzunmüddətli əməkdaşlıq əlaqələrindən danışmış, bu əlaqələrin inkişafı üçün geniş imkanlar olduğunu bildirmişdir.

Səmimi qəbula və təbrikə görə təşəkkürünü bildirən yapon nümayəndə heyətinin rəhbəri, ITOCHU korporasiyasının prezidenti Keita İşi Bakıya ilk dəfə gəldiyini söyləmiş, SOCAR-da olmaqdan məmnunluğunu ifadə etmişdir. İTOCHU-nun prezidenti SOCAR-la bütün istiqamətlərdə və formatlarda əməkdaşlıqda maraqlı olduqlarını söyləmişlər

SOCAR-ın prezidenti Azərbaycanda xarici investisiyanın qorunması üçün yaradılan şəraitdən ətraflı bəhs etmiş, yapon şirkətlərinin ölkəmizin neft-qaz sektorunda iştirakını yüksək qiymətləndirmişdir.

Xatırladaq ki, Yaponiyanın “İtochu” şirkəti “Əsrin kontraktı” çərçivəsində “Azəri-Çıraq-Günəşli” neft-qaz yatağının işlənilməsi, daha sonralar isə Bakı-Tbilisi-Ceyhan layihəsində və SOCAR-ın Türkiyədə inşa etdiyi STAR neft emalı zavodunun tikintisində iştirak edib.

3 Iyul 2019

SOCAR-da Baker Hughes GE şirkətinin nümayəndələri ilə görüş olmuşdur

+

İyulun 3-də SOCAR-ın prezidenti Rövnəq Abdullayev Baker Hughes GE şirkətinin sədri və Baş icraçı direktoru Lorenzo Simonellinin rəhbərlik etdiyi nümayəndə heyətini qəbul edib. Görüşdə dünya neft sənayesində baş verən cari dəyişikliklər və transformasiya prosesləri, eləcə də yeni və xüsusən rəqəmsal texnologiyaların neft sənayesində rolunun artması məsələləri müzakirə olunub. Şirkətlər arasında mövcud əməkdaşlığın dərinləşdirilməsi, SOCAR tərəfindən istismar edilən yataqlarda hasilatın artırılması, köhnə quyularda hasilatın bərpasıi, yeni layihələrdə sualtı texnologiyaların tətbiqi və s. ilə əlaqədar müasir rəqəmsal texnologiyaların istifadəsi üçün daha dayanıqlı əməkdaşlıq modeli ətrafında geniş fikir mübadiləsi aparılıb. Görüşdə Baker Hughes GE-nin SOCAR-ın Bakı Ali Neft Məktəbi ilə əməkdaşlığına toxunulmuş, Azərbaycanda yüksək səviyyəli kadrların hazırlanmasında bu əməkdaşlığın əhəmiyyəti qeyd olunmuşdur.

Baker Hughes GE Azərbaycanda 1990-cı ildə fəaliyyətə başlamışdır. Şirkət SOCAR-la yanaşı, BP, TOTAL, Equinor, eləcə də SOCAR-ın Caspian Drilling Company şirkətləri ilə əməkdaşlıq edir. Azərbaycanda Baker Hughes GE-nin 4 məhsulundan- Neft Xidmətləri (OFC), Neft Avadanlıqları (OFE), Turbo Maşın və Proses Həlli (DS), Ölçmə və Nəzarət (M&C) və Rəqəmli məhsullarından istifadə olunur.

Hazırda BHGE dünyada neft və qaz sektorunda avadanlıq, xidmət və rəqəmsal həlləri bir araya gətirən şirkət kimi fəaliyyət göstərir. Şirkət öz müştərilərinə karbohidrogenləri daha səmərəli, məhsuldar və təhlükəsiz şəkildə, ətraf mühit daha çox qayğı göstərməklə nəql etmək və təmizləmək sahəsində yardım edir.

3 Iyul 2019

SOCAR-da BMT İnkişaf Proqramının nümayəndə heyəti ilə görüş keçirilmişdir

+

İyulun 3-də SOCAR-ın Baş ofisində şirkətin prezidenti Rövnəq Abdullayev və BMT İnkişaf Proqramının (UNDP) Azərbaycandakı rezident nümayəndəsi Alessandro Frakassettinin rəhbərlik etdiyi nümayəndə heyətləri arasında görüş olmuşdur. Görüşdə SOCAR ilə UNDP arasında ekologiya və ətraf mühitin qorunması sahəsində əməkdaşlığın davam etdirilməsi istiqamətində fikir mübadiləsi aparılmış, perspektiv layihələr müzakirə edilmişdir. Nəzərə çatdırılmışdır ki, iqlim dəyişmələri, enerji səmərəliliyi, atmosferə atılan karbon qazının ixtisar edilməsi sahəsində və ümumilikdə birgə ekoloji layihələr hər iki qurumun maraq dairəsindədir. Görüşdə SOCAR və UNDP tərəfindən həyata keçirilən “Azərbaycanın yanacaq istehlakı sektorunda karbon emissiyalarının azaldılmasını təmin edən Milli Fəaliyyət Planı” (NAMA) layihəsi tamamladıqdan sonra bu və digər istiqamətlərdə, o cümlədən, neftlə çirklənmiş torpaq və suların təmizlənməsi, təmizlənmiş ərazilərdə yaşllıqlar salınması, qaz borularının modernizasiyası və s. üzrə layihələrin birgə işlənməsi perspektivləri müzakirə olunmuşdur.



2015-ci ilin iyul ayından etibarən SOCAR və UNDP-nin Azərbaycan Nümayəndəliyi tərəfindən “Azərbaycanın yanacaq istehlakı sektorunda karbon emissiyalarının azaldılmasını təmin edən Milli Fəaliyyət Planı” (NAMA) layihəsi icra olunur. 5 il müddətinə nəzərdə tutulmuş layihə Qlobal Ekoloji Fond (GEF) və BMT-nin İnkişaf Proqramı tərəfindən maliyyələşdirilir və SOCAR-ın İqlim Dəyişikliyinin Təsirlərinin Azaldılması Strategiyasını dəstəkləmək məqsədi daşıyır. Atmosferə karbon qazı tullantılarını minimuma endirən istehlak sektorları üzrə proqram xarakterli Milli Fəaliyyət Planına uyğun olaraq layihə çərçivəsində istixana effekti yaradan qaz emissiyası təsirlərinin azaldılması tədbirlərinin təşviqi və genişləndirilməsi müvafiq sahələrə pilot investisiya qoyuluşları vasitəsi ilə həyata keçirilməkdədir.







1 Iyul 2019

TANAP iyulun 1-dən Avropaya qaz nəqli üçün tam hazırdır

+

Cənub Qaz Dəhlizinin əsas seqmenti olan TANAP tamamlandı

Cənub Qaz Dəhlizinin əsas seqmenti olan Trans Anadolu Təbii Qaz Boru Kəməri (TANAP) 1 iyul 2019-cu il tarixindən etibarən Azərbaycan qazının Avropaya nəql edilməsi üçün hazır vəziyyətə gətirilmişdir. Dəhlizin son seqmenti olan TAP boru kəməri layihəsi də tamamlandıqdan sonra Azərbaycanın “Şahdəniz-2” layihəsi çərçivəsində çıxarılan təbii qaz TANAP və TAP kəmərləri vasitəsi ilə Avropaya nəql ediləcək, ölkəmizin gəlirlərini artıraraq, Avropanın enerji təhlükəsizliyinə mühüm töhfə verəcək. TANAP eyni zamanda tarixə Türkiyə, Yaxın Şərq və Avropanın ən uzun və ən geniş diametrli təbii qaz boru xətti kimi daxil olmuşdur. Azərbaycan və Türkiyənin uzunmüddətli strateji enerji əməkdaşlığının ən mühüm bəhrələrindən olan TANAP layihəsi tamamlanmışdır. Ərdəhanın Posof qəsəbəsindən başlayaraq Türkiyə ərazisi boyunca 20 şəhərin bölgəsindən, 67 qəsəbə və 600 kənddən keçən və Ədirnənin İpsala qəsəbəsində Avropaya çatan 1850 kilometrlik boru xətti 1 iyul 2019-cu il tarxindən etibarən Azərbaycan qazını Türkiyə-Yunanıstan sərhədində Trans Adriatik Boru Kəməri (TAP) vasitəsi ilə Avropaya nəql etmək üçün hazır vəziyyətə gətirilmişdir.

“Şahdəniz 2” layihəsi çərçivəsində hasil olunan Azərbaycan təbii qazını əvvəlcə Türkiyəyə, sonra da Avropaya nəql edəcək Cənub Qaz Dəhlizinin ən önəmli həlqəsi olan TANAP-ın Türkiyə-Gürcüstan sərhədindən Əskişəhərə qədər olan hissəsi 2018-ci il iyunun 12-də keçirilmiş beynəlxalq açılış mərasimində istifadəyə verilmiş, iyunun 30-da isə Türkiyəyə kommersiya məqsədli qazın axını başlamışdır. Boru xəttinin Əskişəhərdən Türkiyə-Yunanıstan sərhədinə qədər olan ikinci hissəsində isə mexaniki tamamlama işləri 2018-ci ilin sonunda başa çatmış, cari ilin aprelində xəttə sınaq məqsədilə qaz vurulmuşdur. 2019-cu il iyulun 1-dən Avropaya qazın nəqli üçün tamamilə hazır vəziyyətə gətirilən TANAP, tarixə eyni zamanda Türkiyə, Yaxın Şərq və Avropanın ən uzun və ən geniş diametrli təbii qaz xətti kimi düşmüşdür. Türkiyə-Yunanistan sərhədində TANAP ilə birləşəcək TAP boru kəmərində aparılan işlər tamamlandıqdan sonra, Azərbaycan qazı gələn ildən etibarən Avropa bazarlarına nəql olunacaq.

SOCAR-ın prezidenti Rövnəq Abdullayev demişdir: “Cənub Qaz Dəhlizi və TANAP bu gün artıq reallıqdır. Ötən il Azərbaycan və qardaş Türkiyənin möhtərəm prezidentlərinin iştirakı ilə TANAP üzərindən Türkiyəyə ilk qazın nəqlinə başladıq. Bu gün isə TANAP artıq Avropaya da təbii qazın ötürülməsi üçün tam hazır vəziyyətdədir və yalnız TAP boru kəmərində aparılan işlərin sona çatmasını gözləyirik.

Azərbaycan bu gün bütün dünyaya bir daha göstərmişdir ki, biz nəinki ölkə daxilində, həm də xarici ölkələrdə mürəkkəb transmilli layihələri vaxtında və yüksək səmərə ilə yerinə yetirməyə qadirik. SOCAR TANAP-ın icrasında öz tərəfdaşları ilə birlikdə 5 milyard dollara yaxın vəsaitə qənaət edərək, layihənin ümumi xərclərini 40% azaltmağa nail olmuşdur. Bu hadisə başda möhtərəm Prezidentimiz cənab İlham Əliyev və qardaş Türkiyənin möhtərəm Prezidenti cənab Rəcəb Tayyib Ərdoğan olmaqla, belə bir tarixi missiyanı bizə həvalə etmiş Azərbaycan və Türkiyə xalqlarının möhtəşəm uğurudur.”

TANAP layihəsinin həyata keçirilməsində əməyi olan bütün tərəfdaşlara təşəkkürünü bildirən SOCAR prezidenti demişdir: “Bizə hər zaman yol göstərən, cəsarət verən möhtərəm dövlət başçılarımız başda olmaqla Türkiyə və Azərbaycanın dəyərli ictimai qurum və təşkilatlarına və onların rəhbərlərinə, öz etimad və dəstəkləri ilə fəaliyyətimizə dəyər qatan layihə tərəfdaşlarımıza - Cənub Qaz Dəhlizi Qapalı Səhmdar Cəmiyyətinin timsalında Azərbaycan Respublikasının bütün dövlət qurumlarına, BOTAŞ və BP şirkətlərinə və onların dəyərli rəhbərlərinə, həvəslə çalışaraq və işinə hörmətlə yanaşaraq, bu nəhəng layihəni addım-addım ərsəyə gətirən, işlərin ən qaynar vaxtında sayı onminlərlə olan TANAP əməkdaşlarına, o cümlədən layihəyə rəhbərlik edən TANAP-ın dəyərli baş direktoru cənab Saltuk Düzyola, bilik və bacarığını, var qüvvəsini əsirgəməyən və uğurumuzda böyük payı olan podratçılara, tədarükçülərə və digər tərfdaşlarımıza, layihəyə böyük dəstək verən vətəndaş cəmiyyətlərinə, ictimaiyyəti maarifləndirmə sahəsində vəzifəsini məsuliyyətlə yerinə yetirən mətbuat nümayəndələrinə və gücümüzə güc qatan, təqdirləri ilə bizi qələbələrə həvəsləndirən əziz Azərbaycan və Türkiyə xalqlarına səmimi qəlbdən minnətdarlığımızı bildiririk”.

Cənub Qaz Dəhlizinin əsas seqmenti olan TANAP boru kəmərinin hüquqi bazası 2012-ci ildə yaradılmışdır. Layihə üzrə yekun investisiya qərarı 2013-cü il dekabrın 17-də qəbul edilmişdir. 2015-ci ildə Azərbaycan Respublikası və Türkiyə Cümhuriyyətinin dövlət başçıları İlham Əliyev və Rəcəb Tayyib Ərdoğanın iştirakı ilə Qarsda keçirilən təməlqoyma mərasimindən sonra kəmərin inşaat işləri başlamışdır. TANAP-ın Türkiyə-Gürcüstan sərhədindən Əskişəhərə qədər olan ilk mərhələsi 2018-ci ilin iyununda tamamlanmışdır. Həmin il iyunun 12-də iki qardaş ölkənin dövlət başçılarının iştirakı ilə Türkiyədə TANAP-ın açılış mərasimi keçirilmişdir. Türkiyəyə kommersiya məqsədli ilk qazın nəqli 2018-ci il iyunun 30-da Əskişəhərdəki çıxış nöqtəsində başlamışdır. 2019-cu ilin iyunun sonunadək layihənin Əskişəhərdən Türkiyə-Yunanıstan sərhədinə qədər olan ikinci mərhələsi də uğurla başa çatdırılmışdır.

Layihənin yekun investisiya qərarı veriləndə ümumi xərcləri 11,7 milyard dollar həcmində qiymətləndirilirdi. Lakin icra prosesində satınalma qərarlarının əlverişli zamanda verilməsi və layihənin idarəolunmasında səmərənin maksimum artırılması nəticəsində layihə 7 milyard dollardan aşağı xərclə tamamlanmışdır. TANAP çərçivəsində ətraf mühitə və ictimaiyyətə hörmət ifadəsi olaraq bugünədək 1000-ə yaxın sosial və ətraf mühit layihəsini həyata keçirilmiş, kəmərin keyfiyyət, ətraf mühitin mühafizəsi, əməyin sağlamlığı və təhlükəsizliyi sahəsində beynəlxalq miqyasda nümunəvi göstəricilərə nail olunmuşdur.

TANAP boru kəmərinin səhmdarları SOCAR və Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyinin birgə müəssisəsi olan Cənub Qaz Dəhlizi QSC (51%), BOTAŞ (30%), BP (12%) və “SOCAR Türkiyə” Enerji A.Ş (7%) şirkətləridir.